Siyasət

Avropa Parlamenti erməni maraqlarını səsləndirərək növbəti dəfə özünü ifşa etdi – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycana qarşı zaman-zaman qərəzli və ikili mövqeyi ilə seçilən Avropa Parlamenti (AP) növbəti dəfə ənənəsinə sadiq qalıb. Qurum yenə də Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemləri bir kənara ataraq, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazisində həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı qərəzli yanaşma ortaya qoyub. Lobbilərin, xüsusən də ermənilərin əlində oyuncağa çevrilən, deputatları korrupsiyaya qurşanan təşkilat daxili problemlərini həll etmək əvəzinə, Qarabağda Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinə xüsusi iclas həsr edib. Orada heç bir fakt və arqument göstərilmədən rəsmi Bakının ünvanına hədyan və böhtanlar yağdırılıb, sonda isə Fransanın təşəbbüsü ilə qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul edilib.

Avropa Parlamentinin qəbul etdiyi bu kağız parçasının qərəzli və ikili standartlara söykəndiyini bir neçə bəndlə əsaslandırmaq mümkündür.

Birincisi, Avropa Parlamenti qətnaməni qəbul edən zaman bölgəyə göndərilən BMT missiyasının təqdim etdiyi məruzəni diqqətə belə almayıb. Orada BMT-nin, onun Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə zidd olaraq bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçürüldüyünün iddia edilməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

İkincisi, Ermənistan belə Qarabağda hər hansı bir “etnik təmizləmə” və sakinlərin zorla çıxarıldığını bəyan etmədiyi halda, Avropa Parlamenti belə bir qətnamə qəbul edir. Qətnamədə irəli sürülən iddialardan fərqli olaraq, Azərbaycan hökuməti Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.

Üçüncüsü, İrəvan Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etdiyi halda, Avropa Parlamenti bu faktı qeydə almır. Bu da deməyə əsas verir ki, onu bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin yenidən alovlanması maraqlandırır.

Dördüncüsü, Ukraynaya və Azərbaycana yanaşma ilə bağlıdır. Necə olur ki, Ukraynanın apardığı müharibə ərazi bütövlüyünün müdafiəsi və bərpası, Azərbaycanın hərəkətləri isə başqa cür qarşılanır? Bu, riyakarlığın bariz nümunəsi deyilmi?!

Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə sevincək olan Ermənistana gəldikdə, yenə də necə bir rəzil duruma düşdüyünün fərqinə varmır. Anlamır ki, 30 il əvvəl olduğu kimi, yenə də ondan istifadə edirlər. Vaxtı çatanda da atacaqlar bir kənara. Adi bir misal, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı. Ümid etdi ki, işğalın baş tutmasında əvəzsiz rolu olan Rusiya onlara sona kimi dəstək olacaq. 44 günlük İkinci Qarabağ müharibəsi və sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri Ermənistan və havadarlarının arzularının xam xəyal olduğunu üzə çıxardı. Ermənistan anlamır ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir hüquqi, qanuni əsası yoxdur və ancaq tövsiyə xarakterlidir.

Bəllidir ki, sənəd Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanıb. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstərən təşkilatın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra Ermənistan tərəfindən yaradılmış qondarma qurumun müdafiəsinə yönələn belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir. Sözsüz ki, qərəzli qətnamə yalnız Ermənistanı sakitləşdirmək üçün atılan addım olaraq götürülməlidir və bir sözlə, Azərbaycana heç bir təsiri olmayacaq.

Yekunda onu bildirək ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə bütövlükdə regionu sülhə yaxınlaşdırıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb. Amma görünən odur ki, Qərb israrla buna qarşı çıxır. Təsadüfi deyil ki, sözügedən qətnamənin heç bir yerində sülh çağırışı, və ya, ölkələrin ərazi bütövlüyündən bəhs edilmir. Qəbul etdikləri qətnamə anti-Azərbaycan məqsədi daşıyaraq ədalətə zidd, təşkilatın nüfuzuna xələl gətirən kağız parçası kimi qiymətləndirilməlidir. Avropa və onun strukturları anlamalıdırlar ki, belə şeylərlə Azərbaycanın iradəsinə və regiondakı proseslərə təsir edə bilməyəcəklər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir