Siyasət

Şəhid Ruhid İslamlının komandiri: “Şuşaya gedib çatmağı səbirsizliklə gözləyirdi” – FOTO

Sharing is caring!


“Ruhidin ən çox düşündüyü, səbirsizliklə gözlədiyi an Şuşaya gedib çatmaq idi. Torpaqlarımızın azad olunmasını istəyirdi”.

“Report” xəbər verir ki, bunu Ruhid İslamlının şəhidlik zirvəsinə ucalmasının üçüncü ildönümündə komandiri Cəsarət Babayev deyib.

Komandir bildirib ki, Ruhid çox güclü psixoloq idi. Bütün əsgərlər tərəfindən istedadına görə sevilirdi:

“Hətta mən bir az hirsli, kefsiz olanda belə, məni sakitləşdirməyi bacarırdı. Əsgər yoldaşları ilə çox mehriban idi, hamısına dəstək olurdu. Müharibə ərəfəsində döyüş yoldaşlarına böyük dəstək göstərir, onları ruhlandırırdı. Biz müharibənin birinci günündə döyüşə qatıldıq. Ruhid çox rahat idi, ona görə ki, həddindən artıq vətənpərvər idi, xalqını, torpağını, dövlətini, bayrağını çox sevirdi. Ən çox düşündüyü, səbirsizliklə gözlədiyi an Şuşaya gedib çatmaq idi. Torpaqlarımızın azad olunmasını istəyirdi. Biz elə yerdə idik ki, yüksəklikdən, meşənin içindən döyüş meydanı görünürdü. Döyüşçülərimiz Talış istiqamətində hücuma keçəndə sevincdən onun gözlərindən yaş gəlirdi. Çox həssas idi”.

Ruhidin ailəsi, dostları, döyüş yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər.

Oğlu haqqında danışan atası deyib ki, Ruhid çox sərbəst və rahat oğlan olub:

“Yaşına görə çox istedadlı, aktiv və həddindən artıq məlumatlı idi. İstər məktəb, istərsə də universitet illərində iştirak etdiyi tədbirlərdə milli ruhlu şeirləri, vətənpərvərlik mövzusunda çıxışları ilə yadda qalıb. Sosial şəbəkələrdəki təbliğatlarında, çıxışlarında həmişə şəhid mövzularına üstünlük verərdi”.

Ruhidin atası oğlu ilə son danışıqlarını belə xatırlayır:

“Oğlumla son danışığım və mənə dediyi o ifadəni unuda bilmirəm. 2020-ci il oktyabrın 6-da, saat 20:00-da, ölümündən yarım saat əvvəl danışdıq. “Ata, yağış yağır, amma torpaqlarımızın azadlığı uğrunda vuruşuruq. Özündən muğayat ol, qismətimiz nədirsə, o da olacaq, mən ölümsüzəm!” dedi və şəhidlik zirvəsinə ucaldı”.

Xatırladaq ki, bu gün şəhid Ruhid İslamlının şəhadətə ucaldığı gündən üç il ötür.

2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Ruhid İslamlı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsinin elə ilk günlərində ərizə yazaraq ailəsindən xəbərsiz, könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qatılıb. Ruhid İslamlı Talış, Suqovuşan uğrunda döyüşlərdə iştirak edib. 6 oktyabr 2020-ci ildə Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətli yüksəkliyə malik “Çənlibel” postunda qəhrəmancasına şəhid olub. Bakı şəhəri Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, şəhid Ruhid Uğur oğlu İslamlı ölümündən sonra “III dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşcü” medalları ilə təltif edilib.

Qeyd edək ki, Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. 2000-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Ruhid bir bacının tək qardaşı olub.

2005-ci ildə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə başlayıb. 2011-ci ildən Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbdə təhsilinə davam edib. Ruhid hələ kiçik yaşlarından yaşıdlarından düşüncə və davranışları ilə fərqlənib. O, cüdo, kikboksinq, şutboksinq, qaydasız döyüş, ciu-citsu, güləş, üzgüçülük, taekvondo, muay-tay kimi idman növləri ilə məşğul olub, müxtəlif dərəcələr alıb. Regional və respublika səviyyəli rəsmi dövlət yarışlarında iştirak edərək I və II yerlər üzrə qalib olub.

Ruhid 2016-20-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisası üzrə təhsil alıb, fəaliyyətini də bu sahədə davam etdirib. Təhsil aldığı müddət ərzində universitetdə Tələbə Gənclər Təşkilatının, eyni zamanda YAP Gənclər Birliyinin sədri kimi fəaliyyət göstərib. Özünün rəhbəri olduğu layihələri, iştirak etdiyi dövlət səviyyəli psixoloji konfrans və təlimləri həyata keçirib. Lakin onun diplomu şəhadətindən sonra ailəsinə təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir