Siyasət

Paşinyan sülh prosesinə niyə balta çalır? – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl “sülh göyərçini”nə çevrilsə də, regionda baş verən son proseslərdən sonra adəti üzrə siyasi kursunu dəyişərək Azərbaycanla baş tutacaq sülh müqaviləsini imzalamaqdan yayınmağa, sülh danışıqlarını uzatmağa başlayıb. Bunun isə bir sıra səbəbləri var. Azərbaycanın 19 sentyabrda başlatdığı lokal antiterror tədbirlərindən sonra regionun mənzərəsinin dəyişməsi, Qərbin, xüsusən də ABŞ və Fransanın Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün aktiv fazaya qədəm qoymaları və bu məqsədlə guya Ermənistanı dəstəkləyən bəyanatlar səsləndirməsi Nikol Paşinyanın siyasi kursunun yenidən dəyişməsinə səbəb olub. Qərbin əlində alətə çevrilən Ermənistan, əslində, dalana dirəndiyini dərk edir. Çünki Qarabağdan könüllü köçən ermənilərin Nikol Paşinyanın bir nömrəli başağrısına çevrilməsi, eləcə də, müxalifətin də yavaş-yavaş aktivləşməsi, onsuz da, siyasi problemlərlə çalxalanan Ermənistan üçün heç də yaxşı gələcək vəd etmir.

Daxili problemlərin məngənəsində boğulan baş nazir Nikol Paşinyan həm müxalifəti, həm də “Ermənistan dövlətçiliyi məhv olmaq üzrədir” tezisi ilə hərəkətə keçən xalqı bir müddət sakitləşdirmək üçün manipulyativ yollara baş vurur. Bunun üçün isə ən sınanılmış üsul Azərbaycanla sülh danışıqlarını baltalamaqdır. Bu yola ara-sıra baş vuran erməni baş nazir düşünür ki, bu üsulla xalqı və müxalifəti bir müddətlik susdurur.

Onsuz da, Roma Statutunun ratifikasiyasından sonra Rusiya ilə gərginləşən münasibətlər pik həddə çatmaq üzrədir. Rusiyanın siyasi elitası Ermənistanın son hərəkətindən qeyzləndiyini gizlətmir də. Elə Rusiya xarici işlər naziri Sergey Lavrov, XİN-in sözçüsü Mariya Zaxarovanın bəyanatları, Kremlin mətbuat katibi Dmitri Peskov və digər rusiyalı rəsmilərin müxtəlif açıqlamalarında Ermənistana qarşı kin və qəzəb, hesab sorma və gələcəkdə atılacaq addımların işartısını sezmək mümkündür. Artıq Rusiyanın bir sıra siyasi ekspertləri şərhlər verərək Ermənistan dövlətinin silinəcəyini, bu ölkədə Ukrayna ssenarisinin təkrarlanacağını bildirirlər. Təbii ki, bu tip açıqlamalar boş yerə səsləndirilmir və Ermənistan da vəziyyətin nə dərəcədə kritik olduğunu anlayır. Nikol Paşinyan uğursuz dövlət siyasətinin dalana dirəndiyindən xəbərdardır. Hər nə qədər də Rusiya orbitindən çıxaraq özünü Qərbin qucağına atmaq istəsə də, regionda baş verən proseslər Ermənistanın acınacaqlı vəziyyətə düşməsindən xəbər verir.

M.Zaxarovanın Rusiya sülhməramlılarının gələcək taleyinin, sadəcə, Azərbaycanla müzakirə ediləcəyi barədə açıqlaması Ermənistana bir işarədir. Artıq Qarabağla yanaşı, regiondakı proseslərin də sırf Azərbaycanla müzakirə ediləcəyini bildirir. Eyni zamanda, Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun Azərbaycan və Ermənistan arasında normallaşma üçün ciddi potensiala sahib olması barədə fikri də Zəngəzur dəhlizinə yandırılan yaşıl işıqdır. Bu isə Ermənistanın siyasi rəhbərliyinə ötürülən mesajdır ki, sülh üçün Zəngəzur dəhlizi vacib şərtdir. Ermənistan isə sülhdən qaçır. Nikol Paşinyan gözəl anlayır ki, mövcud vəziyyətdə Zəngəzur dəhlizi barədə fikirlərin səsləndirilməsi müxalifəti yenidən aktivləşdirəcək. Elə bu səbəbdən də Ermənistan parlamentində dünən keçirilən iclasda müxalifətin kəskin bəyanatları, “Suniki (Zəngəzur) neçəyə satmısan?” sualı da boş yerə verilməmişdi.

Bir neçə gün əvvəl Qarabağdan köçən ermənilərə şirin vədlər verərək hər kəsin işlə təmin olunacağı bəyanatı Nikol Paşinyan tərəfindən səsləndirilsə də, artıq Ermənistanın müvafiq dövlət qurumları işsizlik səviyyəsinin yüksək olduğunu, Qarabağ ermənilərini işlə təmin etməkdə çətinliklərin yarandığını etiraf edirlər. Müxalifət isə baş verən narazılıqlardan istifadə etmək, yerli ermənilərlə yanaşı, Qarabağdan könüllü köç edən erməniləri də təşkilatlandıraraq Nikol Paşinyana son zərbəni vurmaq, hakimiyyətdən məhrum etmək niyyətlərini açıq-aşkar bildirir. Elə bu səbəbdən də artıq Ermənistanda Qarabağ ermənilərinə qarşı müxtəlif hərəkətlərlə bağlı xəbərlər gəlir. İstər kirayə bazarında, istərsə də yerləşdirmə məsələsində yaranan problemlərə yenisi də əlavə edilib. Artıq Ermənistanın yerli icra hakimiyyəti orqanları Qarabağ ermənilərini hədələyərək etiraz mitinqlərinə qoşulacaqları təqdirdə onları yardımdan məhrum edəcəklərini bildiriblər.

Bütün bu hadisələrin fonunda isə Nikol Paşinyan dar siyasi təfəkkürü ilə etirazları yatırmaq, müxalifəti bir müddətlik susdurmaq üçün Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi və aparılan sülh danışıqlarını baltalamaq qərarına gəlib. Bu səbəbdən də baş nazir dünən Ermənistan parlamentində yenə də sülh müqaviləsi ilə bağlı sərsəm açıqlamalar verib.

Nikol Paşinyan parlament kürsüsündə verdiyi açıqlamaları öz aləmində sülhə doğru atılan addım kimi dəyərləndirsə də, əslində, sülh prosesinə kölgə saldığını gözəl bilir. Çünki Paşinyanın sülh üçün yenidən üç şərt barədə fikri, sərhədlərin demarkasiya və delimitasiyası üçün 1975-ci il xəritələrinin əsas götürülməsi barədə fikrinin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini gözəl bilir. Birincisi, uduzan və kapitulyasiya sənədi imzalayan tərəfin sülh üçün şərt qoşması dünya tarixində görünməmiş hadisədir. Əgər sülh müqaviləsi üçün şərt qoyacaq tərəf varsa, bu, qalib Azərbaycandır. İkincisi, Ermənistan tərəfi dəfələrlə 1975-ci il xəritələrini əsas gətirsə də, bu, Azərbaycan tərəfindən təsdiqlənməyib. Bəlkə də, bu səbəbdən də Nikol Paşinyan yenidən bu fikri əsas gətirməklə, sülh danışıqlarını ləngitmək məqsədi güdür.

Erməni baş nazir, eyni zamanda, regional kommunikasiya xətlərinin suverenlik prinsipləri əsasında açılmasından da danışıb. Bu fikrin kökündə isə Zəngəzur dəhlizinə qarşı siyasət dayanıb. Çünki hər dəfə bu fikri səsləndirən Paşinyan dərhal sonra isə ölkəsindən heç bir dəhlizin keçməsinə icazə verməyəcəyini bildirir. Bu dəfə də məqsəd eynidir. Elə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın tələm-tələsik Tehrana səfəri də bundan xəbər verir. Çünki Rusiya rəsmisi Mariya Zaxarovanın Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırmaqla bağlı açıqlamasından sonra Qriqoryanın Tehrana səfəri və İran rəsmilərinin yenidən “qırmızı xətt”, geosiyasi dəyişikliklə bağlı ənənəvi açıqlamaları da bundan xəbər verir.

Paşinyanın indiki halda yeganə məqsədi vaxt udmaq və ölkə daxilindəki ciddi problemləri həll etməkdir. Bu problemlərin həlli isə artıq mümkünsüzdür.

Amma Paşinyan anlamalıdır ki, getdikcə halqa daralır…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir