Siyasət

Soyqırımı, etnik təmizləmə, işğalçılıq: Fransa və Ermənistanı birləşdirən “dəyər”lər – ŞƏRH + FOTO

Sharing is caring!


Mövcudluq tarixi soyqırımı, etnik təmizləmə və müstəmləkəçilik üzərində qurulan Fransa yenə öz ampluasındadır. Bu ölkənin erməni lobbisindən yemlənən Senat sədri Jerar Larşe “Fiqaro” jurnalına müsahibəsində Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı hədyan və böhtan dolu fikirlər səsləndirib. Ortaya heç bir fakt, dəlil-sübut qoymadan Qarabağda silahlı quldur birləşmələrinə qarşı həyata keçirilənləri “etnik təmizləmə” adlandırıb. Spiker hətta Ermənistanın belə cürət edib bu ifadəni dilə gətirmədiyi halda böhran və qərəzli açıqlama ilə çıxış edib. Ermənidən artıq erməni olmağa çalışıb. Görünən odur ki, Prezident Emmanuel Makron və komandası Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasında ən böyük maneəyə çevrilirlər. Geosiyasi maraqlarının təmin olunmasında ermənilərdən vasitə kimi istifadə etməyə çalışır.

Azərbaycanı etnik təmizləmədə ittiham edən Makronun əlaltısı dönüb öz dövlətinin keçmişinə baxsa, yaxşı olardı. Soyqırımları, bütöv xalqların məhv edilməsi, sərvətlərinin talanıb daşınması – müasir Fransanı bu fikirlərlə xarakterizə etmək olar. 30 il torpaqları işğal altında qalan, milyondan artıq insanı qaçqın vəziyyətinə salınan, soyqırımlarına məruz qalan Azərbaycanı etnik təmizləmədə ittiham etmək, sadəcə, həyasızlığın pik həddi adlandırıla bilər. Son antiterror tədbirləri zamanı bunun şahidi olduq. Nə Ermənistan, nə də bölgəyə səfər edən BMT missiyası hər hansı bir etnik təmizləmə, dinc sakinlərə qarşı zorakılıq, dağıntı faktlarını qeydə ala bilməyib. Belə olan halda, Fransa rəsmisi hansı etnik təmizləmədən bəhs edir?

Senat rəhbəri “unudur” ki, məhz onun ölkəsi yüz illər boyu etnik təmizləmə, soyqırımlarına yol verib. Şimali Afrika ölkələrində müsəlmanlara qarşı törətdiyi cinayətləri, qırğınları xatırlasın. Təkcə Əlcəzairdə 130 il yüzlərlə müsəlmanın qanını tökərək adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Parisin idarəçiliyi dövründə bu ölkədə milyon yarım insan soyqırımına məruz qalıb. Əlcəzairdə Fransa zülmünə qarşı üsyan qaldıran mücahidlərin kəllə sümükləri hərbi qənimət kimi bu gün də Parisdəki Təbiət və İnsan Muzeyində nümayiş etdirilir. Fransada imperiya zehniyyəti, kolonial təfəkkür və müstəmləkəçi yanaşmanın hakim olduğunu göstərən faktlar yüzlərlədir. Dünyanın digər bölgələrinə də bu prizmadan yanaşan Fransa özünün təsir zonalarını, nüfuz dairələrini müəyyənləşdirir.

Tək Əlcəzairlə kifayətlənməyib Burkino-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törədib. “Demokratiya beşiyi” kimi özünü dünyaya sırımağa çalışan Fransa yerli dilləri sıxışdırıb fransız dilini dövlət dili etmək siyasəti yürüdüb. Korsikada və digər ərazilərdə baş verənlər bunun bariz nümunəsidir. Aralıq dənizinin şimalında yerləşən Korsika adasından Parisə olan məsafənin min kilometrdən uzaq olmasına baxmayaraq, Fransa bu ərazini öz müstəmləkəsi hesab edir. Adada hər addımbaşı fransızlara etiraz əlaməti olan yazılara rast gəlmək mümkündür.

“Fransanın bacısı” Ermənistan da cinayətlər və soyqırımları törətməkdə Parisdən ilhamlanıb. Dəst-xət də eynidir. Fransa özü kimi tarixi cinayətlərlə dolu olan Ermənistanı müdafiə edib. Rəsmi İrəvan Qarabağda etnik təmizləmələr həyata keçirəndə də Fransanın “təcrübəsi”ndən istifadə edib. Xocalıdakı soyqırımı zamanı dinc sakinlərə qarşı həyata keçirilən vəhşilik, vandalizm bunun sübutudur.

İki ölkəni iqtisadi, siyasi məqsədlərlə yanaşı, həm də cinayətlər hesabına ərazi genişləndirmə siyasəti də birləşdirir. Hər iki ölkə başqa torpaqlara zorla daxil olub, həm ərazisini genişləndirib, həm də müsəlmanlara qarşı qırğınlar törədiblər. Digər bir məsələ – Fransa törətdiyi soyqırımları və insanlıq əleyhinə cinayətlərinə görə heç bir üzrxahlıq etməyib. Fransa Prezidenti Emmanuel Makron cinayətləri nəinki etiraf edib, üzr də istəməyib. Hətta bu siyasətin davam etdirilməsinin və bu cinayətlərə bəraət qazandırılmasının tərəfdarı kimi çıxış edir ki, bu da tamamilə yolverilməzdir. Ermənistanın da Fransadan ilhamlanıb Azərbaycan qarşısında üzrxahlıq etmək istəməməsi bundan qaynaqlanır.

Fransa Senatının anti-Azərbaycan, azərbaycanofobiya mövqeyinin səbəbi tək ermənilərdən yemlənməsi ilə bağlı deyil. Fransa hakimiyyəti etiraf etməsə də, Bakının ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosu nazirlərinin bu ilin iyul ayında görüşü Fransaya əməllicə problem yaradıb. Fransada yaşanan son hadisələr, bu ölkənin uzun illərdir apardığı müstəmləkəçilik siyasətinə qarşı ilk dəfə Bakıda çıxışlar səslənib. İlk dəfə olaraq məhz Bakıda rəsmi Parisin müstəmləkə və irqi ayrı-seçkilik siyasəti sərt tənqidlərə tuş gəlib – Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olunub. Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yollarını, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Bakıda qəbul edilən bəyanat Fransa kolonializmindən, hüquqsuzluqdan əziyyət çəkən ölkələr üçün mühüm töhfə olub. Məhz bu tədbirdən sonra Fransanın keçmiş müstəmləkələrində antikolonial çıxışlar və aksiyalar güclənib.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir