Siyasət

Hakim: “Məhkəmə qərarlarının ictimailəşdirilməsinə həssas yanaşılmalıdır”

Sharing is caring!


“Ədalət mühakiməsi və media münasibətləri çox aktual mövzudur. Müsbət mənada media, internet resursları, televiziya əlçatanlıq baxımından böyük imkanlara malikdir. Lakin bunun mənfi tərəflərini də demək lazımdır. Çünki bəzən mediada elə informasiyalar yayılır ki, əsassız yerə məhkəmələr barədə yanlış fikirlərin formalaşmasına səbəb olur”.

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib.

O bildirib ki, bəzi hallarda hər hansı məhkəmə qərarının tamamilə qeyri-qanuni olması barədə KİV-də məlumatlar yayımlanır. Hakim media nümayəndələrini bu cür informasiyaların yayımlanmasından çəkinməyə çağırıb: “Bilirsiniz ki, hər kəsin hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi üçün çoxpilləli məhkəmə sistemi yaradılıb.  Vətəndaşlarda belə bir səhv fikir formalaşıb ki, məhkəməyə sədrlik edən hakim yekun qərar qəbul edir. Lakin, bu belə deyil. Ağır cinayətlər məhkəmələrində işlərə 3 nəfərdən ibarət tərkibdə baxılır. Bütün hallarda müşavirə otağında hakimlər səsvermə yolu ilə qərar qəbul edirlər. Əgər digər iki hakimin sədrlik edən hakimlə tamamilə başqa fikirdə olarsa, sədrlik edən hakimin deyil, digər iki hakimin gəldiyi fikir üzrə yekun qərar qəbul edilir. Bundan sonra isə proses iştirakçılarının apellyasiya şikayəti vermək hüququ yaranır. Proses iştirakçıları apellyasiya qərarından da razı olmadıqları təqdirdə, kassasiya  qaydasında şikayət verə bilərlər. Bu zaman Ali Məhkəmə hakimlər qanunvericiliyin tələblərinə uğun olaraq, araşdırma aparıb, müvafiq qərar verirlər. Gördüyünüz kimi, bir cinayət işi üzrə məhkəmə qərarı bir neçə mərhələdən və hakimdən keçərək qəbul edilir”.

Ə.Novruzov eyni zamanda məişət qurbanları ilə bağlı məhkəmə işlərini işıqlandırarkən həssaslıq göstərilməsini  tövsiyə edib: “İstər məişət zorakılığı, istər digər cinayət işləri üzrə məhkəmə prosesləri vətəndaşlar üçün maraq kəsb edir. Bu baxımdan medianın bu tip məhkəmə işlərini işıqlandırması normal haldır. Lakin həmin məhkəmə işlərinin işıqlandırılmasından sonra bəzi internet resurslarında, sosial şəbəkələrdə geniş müzakirə olunmasına gətirib çıxarır. Belə olan halda məişət zorakılığına məruz qalmış şəxs haqqında müxtəlif fikirlər səsləndirilir.  Bəzən mənfi fikirlər də irəli sürülür ki, nəticədə həmin şəxs qınaq obyektinə çevrilir”.

Hakim bildirib ki, məişət zorakılığı qurbanlarının adlarının gizliliyinin qorunmaması həmin şəxslər üçün müəyyən problemlər yaradır: “Onun şəxsi həyatına, ailə sirlərinə müdaxilə olunur, nəticədə həmin şəxs iş yerində və ya digər sahələrdə xoşagəlməz hallarla rastlaşır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir