Siyasət

Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd olunacaq – SƏRƏNCAM

Sharing is caring!


Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək.

President.az-ın xəbərinə görə, bununla bağlı  Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2023-cü ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur.

Akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçib, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf edib. Geniş erudisiyalı alim mənbəşünaslıq və orta əsrlər dövrü üzrə professional hazırlığa malik mütəxəssislərdən ibarət elmi məktəb formalaşdırıb. Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapıb. İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparıb, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilib.

Ölkəmizdə tarix elminin inkişafına dəyərli töhfələr vermiş akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısının qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir