Siyasət

Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinin səbəb və nəticələri – TƏHLİL + FOTO

Sharing is caring!


Politoloq Ceyhun Osmanlı Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirləri və sonrakı durumla bağlı Avropanın tanınmış analitik portalı “Modern Diplomacy”də geniş məqalə ilə çıxış edib.

Sfera.az həmin məqaləni təqdim edir:

“Sovet İttifaqının dağılmasından sonra Ermənistan və Azərbaycan arasında çəkişmələrə səbəb olan Qarabağ məsələsi 2023-cü il sentyabrın 19-da bu ərazidə aparılan antiterror tədbirləri nəticəsində yenidən gündəmə gəlib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi regionda Ermənistana məxsus legitim hərbi hədəflərə qarşı həyata keçirilən antiterror tədbirləri ilə bağlı Azərbaycan Respublikasının səbəb, məqsəd və gələcək səylərini izah edən bəyanat yayıb. Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri bu problemin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə yanaşı, qarşıda duran öhdəliklər və problemin nizamlanması yolunda hələ də həll tələb edən vəzifələr barədə suallar doğurur.

Azərbaycanın antiterror tədbirlərinin mahiyyətini anlamaq üçün 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra baş verən hadisələri və münaqişə tərəfləri arasında qarşılıqlı əlaqələri tədqiq etmək son dərəcə vacibdir. Vətən müharibəsi kimi tanınan İkinci Qarabağ müharibəsi 1990-cı illərin əvvəllərindən Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan tərəfindən nəzarətin bərpa edilməsi ilə nəticələndi.

Azərbaycanın zəfərində siyasi əzmkarlıq, hərbi üstünlük və Türkiyənin diplomatik dəstəyi də daxil olmaqla bir sıra amillərin, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın hərbi potensialının düzgün qiymətləndirilməməsi, Ermənistanda Birinci Qarabağ müharibəsi nəticəsində hökm sürən nikbinlik, Ermənistanın 30 il ərzində inşa etdiyi qeyri-adekvat müdafiə infrastrukturu və xüsusilə, Ermənistanın böyük dövlətləri, xüsusən də Rusiyanı, münaqişəyə cəlb etməkdə diplomatik uğursuzluqları xüsusi rol oynadı.

Müharibə regional güc dinamikasında əhəmiyyətli dəyişikliklərə səbəb olsa da, bu, sülhə doğru uzun və çətin bir prosesin yalnız başlanğıcı idi. Beləliklə, İkinci Qarabağ müharibəsindən sonra region uzunmüddətli sülhə aparan yolun tapılması kimi mürəkkəb bir vəzifə ilə üz-üzə qaldı.

Müharibə başa çatdıqdan sonra müxtəlif sıxıntılara, siyasi və hərbi toqquşmalara baxmayaraq, münaqişə tərəfləri sülh danışıqları prosesini başlatdılar. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Ermənistanla sülhə nail olmaq əzmini daim təsdiqlədi.

Bunun nəticəsidir ki, Azərbaycan sülh danışıqları prosesində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və sülh müqaviləsinin imzalanması üçün yeganə əsas ola biləcək aydın və məntiqli mövqe nümayiş etdirib.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar Ermənistanın yersiz tələbləri, o cümlədən, Azərbaycan ərazisi olan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyi adlı tələbləri səbəbindən kifayət qədər ləng gedirdi. Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi danışıqlar prosesində ləngimənin əsas səbəbi oldu. Qarabağdakı erməni sakinlər Bakı ilə birbaşa danışıqlara getmək istəmir, beynəlxalq mediatorların vasitəçiliyi ilə keçirilən görüşlərə üstünlük verirdilər ki, bu da öz növbəsində mürəkkəb olan danışıqlar prosesini daha da mürəkkəbləşdirirdi. Lakin Azərbaycan mövqeyini aydın şəkildə ifadə edir – Ermənistan Azərbaycanın bu region üzərində suverenliyini tanıdığı üçün Qarabağ məsələsi artıq beynəlxalq gündəmin parçası deyil.

Bununla bağlı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev vurğulayıb ki, Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquqlarının və təhlükəsizliyinin müdafiəsi sırf Azərbaycanın daxili məsələsidir. Bakının heç bir xarici tərəflə, o cümlədən Ermənistanla öz suverenliyi ilə bağlı müzakirələrə getmək niyyəti yoxdur.

Bunun davamı olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağdakı ermənilərin nümayəndələrini 2023-cü il martın 13-də ikinci görüşə dəvət etdi. Bu görüşün məqsədi Qarabağda reinteqrasiya və infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı davam edən kommunikasiya səylərini müzakirə etmək idi.

Lakin Qarabağda yaşayan ermənilər Bakıda görüş dəvətini rədd edərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağda görüşün keçirilməsinə üstünlük verdilər. 2023-cü il martın 27-də rəsmi Bakı Qarabağda reinteqrasiya və infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək məqsədilə Qarabağdakı ermənilərə növbəti dəvət göndərdi. Bununla belə, onlar yenə də Azərbaycanla birbaşa danışıqların Bakıda keçirilməsi perspektivini rədd etdilər.

Bakı ilə danışıqlardan imtina etməklə yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində Ermənistana məxsus qeyri-qanuni silahlı dəstələrin saxlanılması inadla davam etdirildi. Bununla bağlı Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması və marionet rejiminin ləğvidir.

Lakin Azərbaycan mövqelərinin sistematik atəşə tutulması, Azərbaycan ərazilərində mina basdırılmasının davam etdirilməsi və Ermənistan silahlı qüvvələrinin regionda döyüş mövqelərini gücləndirməsi barədə məlumatlar tərəflər arasında mövcud olan gərginliyi daha da artırıb. Ermənilər tərəfindən əvvəllər təmizlənmiş ərazilərdə minaların quraşdırılması kimi kəşfiyyat və təxribat hadisələri həm mülki əhali, həm də hərbi qulluqçular üçün ciddi təhlükə yaratmaqda idi. Bu baxımdan, Azərbaycan bu narahatlıqlara cavab olaraq 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal antiterror tədbirləri keçirməyə başladı.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, antiterror tədbirlərinin məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Müdafiə Nazirliyi onu da vurğulayıb ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki infrastruktur obyektlərini hədəfə almayıb, yüksəkdəqiqlikli silahlardan istifadə edərək yalnız legitim hərbi hədəfləri məhv edib: “İnzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun şəkildə təşkil ediləcək. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək. Onlar içməli su və ərzaqla təmin olunacaqlar”.

Bundan əlavə, rəsmi Bakı Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüş keçirməyə hazır olduğunu bəyan etdi. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bəyan etdi ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni hərbi birləşmələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim ləğv edilməlidir.

Rəsmi Bakının bu bəyanatlarını nəzərə alaraq vurğulamaq lazımdır ki, Azərbaycan balanslaşdırılmış mövqeni dəstəkləyir və konstruktiv dialoqa hazırdır. Regionun əhalisi yalnız sülh və firavan gələcəyə layiqdir. Ona görə də Qarabağ regionunun müəyyən bölgələrində yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyası Bakı üçün də yüksək prioritetdir.

Prezident Əliyev dəfələrlə bildirib ki, Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənlər regionun quruculuğu və bərpası layihələrində iştirak edə bilərlər və Bakı onlara yaşayacaqları yerlərdə və kəndlərdə şərait yaratmağa hazırdır. Lakin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaq üçün Qarabağ bölgəsindəkı ermənilər müharibədən sonrakı hadisələrdə Azərbaycanın göstərdiyi açıq-aşkar xoşməramlı niyyəti nəzərə alaraq ilk növbədə separatçılıq ambisiyalarından əl çəkməlidirlər. Sülhə gedən yol maneələrlə dolu ola bilər, lakin regionun firavan gələcəyi postmünaqişə gündəminə səmimi səylər və əməkdaşlığın nümayiş etdirilməsi yolu ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması çərçivəsində təmin edilməlidir.

Qeyd etmək lazımdır ki, separatçı qruplaşmanı öz siyasi ambisiyalarından əl çəkməyə məcbur etmək, sabit və firavan gələcəyə nail olmağı təmin etmək məqsədilə 2023-cü il sentyabrın 20-də hərtərəfli antiterror tədbirləri davam edib. Antiterror tədbirləri ilə yanaşı, Azərbaycan hakimiyyəti həmin günün birinci yarısında Azərbaycanın Qarabağ ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinə öz tələblərini təkrar edərək onları tərk-silah və təslim olmağa çağırıb. Antiterror tədbirlərinin dayandırılmasının yalnız bu şərtə əməl olunacağı təqdirdə mümkün olacağı açıqlanıb. Cari hadisələr fonunda Qarabağ bölgəsində lokal antiterror tədbirlərinə son qoyulması barədə razılıq əldə olunub.

Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə göndərdikləri müraciət nəzərə alınaraq sentyabrın 20-də saat 13:00-dan etibarən aşağıdakı şərtlərlə antiterror tədbirlərinin dayandırılması haqqında razılıq əldə olunub:

– Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar.

– Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

– Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir