Siyasət

İrəvan meydanlarında izlədiklərimiz avantürist xəyalpərəstliyin nəticəsidir

Sharing is caring!


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Amerikalı filosof və publisist Riçard Bax məğlubiyyət məfhumuna ibrətamiz izah verir: “Əsas məğlubiyyət deyil. Əsas odur ki, biz necə məğlub oluruq və bu məğlubiyyətdən özümüz üçün hansı nəticələri çıxarırıq, onları necə tətbiq edirik”. Məğlubiyyət mübarizənin ayrılmaz hissəsidir. XX əsrdə alman xalqı iki dünya müharibəsinə səbəb olub və hər ikisində acı kapitulyasiya ilə üzləşib. Almaniyanın bugünkü rifahında və alman xalqının həyat tərzində bu məğlubiyyətlərin silinməz izi var – adekvat nəticə çıxarmaq baxımından. Ancaq bu qənaəti hər bir xalqa münasibətdə tətbiq etmək olarmı?

Azərbaycan cəmi 24 saata ərazisindəki 30 illik separatizm yarasını neytrallaşdırdı. Halbuki 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan ağıllı davransaydı, buna ehtiyac qalmazdı. Erməni xalqının, onun  seçdiyi hakimiyyətin cüzi praqmatikliyi hadisələrin onlar üçün bu ssenari ilə bitməsinin qarşısını ala bilərdi. Bu 30 il ərzində xüsusilə Qərbin ekspert cameəsinin təmsilçiləri bizə onlarla postdüşmənçilik midellərindən bəhs ediblər. Britaniyada irland separatçıları, yaxud müstəqilliyə daimi hazırlıq rejimində olan şotlandları, dünya müharibələrinin episentrində olan Almaniya və Fransanın mehriban qonşuluqları və kooperasiyalarını, birgəyaşayışın skandinav modelini və s. Bütün bu illər ərazində onlar bir amili nəzərdən qaçırıblar: münaqişə tərəflərinin mental xüsusiyyətlərini. Tarixləri fiaskodan və özünəqəsddən ibarət olan revanşist separatçılarla bu modellərin heç biri işləmir. 

Separatizm dünyanın hər yerində eyni başladığı kimi, eyni də bitir. Daha çox hüquqlar (siyasi, iqtisadi, mədəni) tələbləri ilə meydana çıxır, tədricən aqressiv və radikal formalar alır, bəzi hallarda isə titul xalqın həyati maraqlarına fövqəladə təsirlər təhlükəsi daşımadığından bu və ya digər yolla təmin olunub sönür. Separatizmin süqutu da demək olar oxşar ssenarilərlə cərəyan edir. XX əsrin ikinci yarısından etibarən terrorla müşahidə olunan və əsas etibarilə ərazi iddialarına əsaslanan separatizm təzahürləri bir qayda olaraq məğlubiyyətlə üzləşiblər. Avropanın mərkəzində genişmiqyaslı müharibəyə səbəb olan və minlərlə insan tələfatı ilə müşahidə edilən Balkan separatizmi nəticə etibarilə süqut edib, hamının hamıya qarşı prinsipi ilə aparılan müharibə tərəfdarları isə hazırda sülh şəraitində yaşayırlar. Daha qədim dövlətçilik ənənələri olan Britaniya, İspaniya və İtaliya ərazisindəki separatizm isə mərkəzi hakimiyyətlə sivil sayıla biləcək anlaşmaya gəlib və mübarizəsini siyasi müstəviyə köçürüb. 

1959-2018-ci illərdə onlarla terror aktı törədən ETA-nın əsas hədəfi İspaniya və Fransanın bir hissəsində Azad Basklar dövləti qurmaq olub. ETA radikal sol təmayüllü qruplaşma olmaqla mübarizəsinin təməlini ərazi iddiaları üzərində qurub. 2011-ci ildə İspaniya parlamentində 7 yer qazandıqdan sonra separatçıların yarıməsrlik mübarizəsi aktuallığını itirib. XXI əsrin əvvəllərindən etibarən aparılan çoxsaylı danışıqların nəticəsi olaraq 2018-ci ildə basklar qaba metodlardan əl çəkib siyasi mübarizəyə start veriblər.

Eyni aqibəti İrlandiya Respublikaçı Ordusu – İRA da yaşayıb. Antiimperializm və irland respublikaçılığı ideologiyasını əsas tutan hərbiləşmiş qruplaşma  Britaniya hökumət strukturları və protestant “Olster loyalizmi”ni özünün başlıca ideoloji düşməni hesab edirdi. Katolik əhalinin simpatiyalarına arxalanan İRA-nın əsas məqsədi Şimali İrlandiyanın Britaniya taxt-tacından ayrılması olub. Təqribən oxşar ssenari ilə cərəyan edən hadisələr nəticəsində İRA da ETA kimi silahı yerə qoyaraq siyasi mübarizəyə başlayıb və hazırda “Şinn Feyn” partiyası ilə təmsil olunur. 

Separatizmin hətta Britaniya və İspaniya kimi ölkələrdə tam məğlubiyyətini və qeybə çəkilməsini iddia etmək yanlış olardı. Məsələn, elə həmin “Şinn Feyn” qanunvericilik orqanında açıq separatçı çıxışlar edir. Basklar siyasi müstəviyə keçsələr də, nə İspaniyaya, nə də Emmanuel Makronun ölkəsinə qarşı ərazi iddialarından tam əl çəkməyiblər. İtaliyada hələ də mədəni və iqtisadi tələblərlə büruzə verilən “Şimal-Cənub” qarşıdurması, yaxud Cənubi Tirol separatizmi mövcuddur, onun parlamentdə kifayət qədər güclü dayaqları var. Ancaq bütün bunlara rəğmən bu separatizm meyllərinin belə demək mümkündürsə, bir “sivil çərçivələri” mövcuddur ki, bu da tək mərkəzi hakimiyyətin qətiyyəti deyil, həm də separatçıların vəziyyətə ayıq başla və praqmatik yanaşmasının nəticəsidir. Siyasi mədəniyyət, ənənələr, demokratiya tarixi də öz yerində. 

“Şərəfli son” kontekstindən baxsaq, sözügedən separatçı qurumların simalarını qorumaqla sivil qaydada məğlub olduqlarını deyə bilərik. Siyasi müstəvidə leqal mübarizə platformalarına malikdirlər və bu yolla özlərinin mədəni, sosial, iqtisadi hüquqlarını tələb edirlər. Ermənilərin isə ən böyük qüsuru daha uzun müddətə potensiallarını hesablaya bilmək bacarığına malik olmamalarıdır. Başqa sözlə, praqmatizm yoxluğu. 30 il müddətində elə bir muxtariyyət modeli olmayıb ki, rəsmi Bakı tərəfindən ermənilərə təklif edilməsin. Hətta ən geniş səlahiyyətlərə malik muxtariyyət belə. Bu illər ərzində hədsiz maksimalizmin acınacaqlı sonunu öncə görmək qabiliyyəti dövlət başçısına çevrilmiş erməni səhra komandirlərinin əqli bacarıqları çərçivələrindən kənarda olub. Avantürist xəyalpərəstliyin qarşılaşdığı reallıq isə hazırda İrəvan meydanlarında izlədiklərimizdir. Hər bir xalq fəlsəfə klassikinin yazdığı kimi, nəyə qadirdirsə, ona da malikdir və nəyə malikdirsə, ona da layiqdir. Erməniləri suisidə tarixi meyillilikən xilas etmək bizim işimiz deyil. Heç bizə lazım da deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir