Siyasət

“İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq diplomatiyamızın əsas istiqamətidir” – MÜSAHİBƏ

Sharing is caring!


“İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq Azərbaycan diplomatiyasının prioritet istiqamətidir”.

Bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “Report”a müsahibəsində deyib.

O, Azərbaycanın İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlığından danışıb. Həmin müsahibəni təqdim edirik:

– Bazar ertəsi Bakıda itkin düşmüş şəxslərin problemi ilə bağlı beynəlxalq konfrans işinə başlayacaq və bu konfransda İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) yüksək səviyyəli nümayəndəsi iştirak edəcək. Qərargahı Haaqada yerləşən bu təşkilatla ölkəmizin əməkdaşlığı barədə məlumat verərdiniz.

– ICMP 1996-cı ildə ABŞ Prezidenti Bill Klintonun təşəbbüsü ilə yaradılıb. Təşkilatın ilkin mandatı keçmiş Yuqoslaviyada 1991-1995-ci illərdə baş vermiş münaqişə zamanı itkin düşmüş 40 minə yaxın insanın taleyinin müəyyənləşdirilməsinə yardım etmək idi. 2004-cü ildə ICMP-nin mandatı dünyanın bütün ölkələrinə şamil edilib və bu gün təkcə münaqişələr nəticəsində deyil, həm də insan hüquqlarının pozulması, mütəşəkkil cinayətkarlıq, insan alveri, iqlim fəlakətləri və qeyri-qanuni miqrasiya nəticəsində itkin düşənləri əhatə edir. Bu gün komissiya dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir və itkin düşmüş şəxslərin problemləri ilə məşğul olan əsas hökumətlərarası təşkilatdır.

Əməkdaşlığımıza gəlincə, bu, 2022-ci ildən Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və Azərbaycanın digər nazirlik və qurumları vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirmək məqsədilə həyata keçirilir.

– Məlum olduğu kimi, bu ilin iyun ayında ICMP nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu missiyanın məqsədləri və nəticələri nədən ibarət olub?

– Səfər zamanı komissiyanın nümayəndə heyəti qarşısına itkin düşmüş şəxslərin probleminin həlli üzrə ölkəmizin institusional, hüquqi, elmi-texniki imkanlarının vəziyyətinin qiymətləndirilməsini, itkin düşənlərin ailələri ilə əlaqə saxlamağı, müvafiq nazirlik və qurumlar, məhkəmə-tibbi ekspertizanın laboratoriyaları, QHT-lər və digər təşkilatlarla əlaqə yaratmağı məqsəd qoyub. Hazırda bu səfərin nəticələri ilə bağlı qiymətləndirmə hesabatı hazırlanır ki, orada Azərbaycanda bu problemin vəziyyətinin hərtərəfli təhlili aparılacaq və onun həlli üçün təkliflər veriləcək.

– Komissiya bu problemin həllində Azərbaycana real kömək etməyə hazırdırmı?

– 2023-cü il ərzində ICMP rəhbərliyi ilə bir neçə görüşüm olub, iyul ayında bu qurumun fəaliyyətinə nəzarət edən komissiyanın sədri və İdarə Heyətinin üzvləri ilə görüşdüm. Onlar ən təcrübəli diplomatlar və təqaüddə olan siyasətçilərdir, ona görə də bu məsələnin Azərbaycan, cəmiyyətimiz, itkin düşmüş şəxslərin ailələri üçün əhəmiyyətini çox gözəl başa düşürlər və itkin düşənlərin tapılması və onların kimliklərinin müəyyən edilməsində bizə hərtərəfli hüquqi, elmi-texniki və digər yardımlar göstərməyə hazırdırlar. Bunun hansı formada həyata keçiriləcəyi növbəti mərhələnin mövzusudur. Biz hesabat və oradakı tövsiyələr ilə tanış olduqdan sonra komissiya ilə gələcək ikitərəfli əməkdaşlığın vəzifə və istiqamətlərini razılaşdıracağıq.

Bütün bu görüşlərdən əsas təəssüratım ondan ibarətdir ki, idarə heyətinin üzvləri və baş katib tariximizin bu faciəli səhifəsi bağlanmadan və ədalət bərpa olunmadan regionda davamlı sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin davamlı şəkildə normallaşmasının mümkün olmadığını başa düşürlər.

– Sizcə, ICMP ilə hansı sahələrdə əməkdaşlıq mümkündür?

– İlk növbədə, söhbət bu məsələdə normativ-hüquqi bazamızın təkmilləşdirilməsi, laboratoriyaların texniki təchizatının artırılması və onların Avropanın aparıcı məhkəmə tibb mərkəzləri ilə əməkdaşlığının qurulması, DNT məlumatlarının toplanması, saxlanması, müdafiəsi və hesabatı üçün ən yüksək standartlardan istifadə edilməsi, itkin düşmüş şəxslərin axtarışı prosesinin bütün iştirakçıları – dövlət orqanları, itkin düşmüş şəxslərin ailələri, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlar arasında əməkdaşlığın səmərəliliyinin artırılması kimi mühüm qarşılıqlı fəaliyyət istiqamətlərindən gedir. ICMP bu məsələlərdə böyük təcrübəyə malikdir. Xatırladım ki, 1995-ci ilin iyulunda Srebrenitsada baş vermiş faciənin təxminən 8 min qurbanından 7 017 nəfərin şəxsiyyəti müəyyən edilib, o cümlədən 6 981 nəfərin kimliyi DNT nümunələrindən istifadə edilməklə müəyyənləşdirilib.

Humanitar və insan hüquqları aspekti də son dərəcə vacibdir. İtkin düşmüş şəxslərin ailələri həqiqət və ədalət, yaxınlarına qarşı törədilmiş cinayətlərin effektiv araşdırılması, təzminat və kompensasiya ödənilməsi, ölənlərin xatirəsinin əbədiləşdirilməsi hüququna malikdir. Onlar həmçinin beynəlxalq təşkilatlardan öz qohumlarına və yaxınlarına qarşı hərbi cinayət törətmiş şəxslərin cəzalandırılmasını və gələcəkdə belə cinayətlərin təkrarlanmamasına təminat verilməsini tələb etmək hüququna malikdirlər. Ona görə də vətəndaşlarımızın hüquqlarının Ermənistan tərəfindən kütləvi şəkildə pozulması məsələsi Azərbaycan diplomatiyasının diqqət mərkəzindədir.

Hüquq müdafiəsi sahəsi birtərəfli istiqaməti olan yol deyil. Ermənistan tərəfinin mütəmadi olaraq “qırmızı işıqda keçməklə” istənilən tənqid və məsuliyyətdən immunitet qazanması kimi qeyri-sağlam təcrübəyə son qoyulmalıdır.

Siyasi aspekt də insan haqları aspekti ilə sıx bağlıdır. ICMP məhkəmələrdə və tribunallarda şahid qismində çıxış edə bilər. O cümlədən komissiya Malayziya Hava Yollarının MH17 reysinin qurbanlarının müəyyən edilməsində “İnterpol”, 2014-cü ilin martında “Xorvatiya Serbiyaya qarşı” işində Haaqa Məhkəməsi, 2012-ci ilin aprelində Karadziçə qarşı keçirilən məhkəmə prosesində keçmiş Yuqoslaviya ərazisində humanitar hüquq pozuntuları üzrə Beynəlxalq Tribunalla, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq edib.

– Kütləvi məzarlıq yerləri ilə bağlı hələ də bizə heç bir məlumat verməyən Ermənistanın bu prosesdə rolu nədir?

– Məhz bu səbəbdən ICMP missiyası iyun ayında təkcə ölkəmizə deyil, həm də Ermənistana səfər edib və onlarla vətəndaşlarımızın kütləvi və qeyri-kütləvi dəfn olunduğu yerlər barədə bizim tərəfə məlumat verilməsi üzrə işləyəcək.

Yenidən Srebrenitsaya qayıdaraq qeyd edim ki, məhz Xorvatiya və Serbiyanın Bosniya və Herseqovina ilə əməkdaşlığa açıq olması və onunla 2019-cu ilin iyul ayında müvafiq müqavilələr imzalaması sayəsində Bosniya ərazisində 95 kütləvi məzarlıq və faciə qurbanlarının qalıqlarının olduğu 349 yer aşkar edilib. Bosniya məhkəmələri tərəfindən 57 nəfər hərbi cinayətlər törətdiklərinə görə mühakimə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir