Siyasət

Qarabağ məsələsi: ABŞ “dözməyəcəyik” deyə həşir salır – TƏHLİL

Sharing is caring!


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin Qarabağda baş verən hadisələrə hiddətli və qərəzli münasibəti Vaşinqtonla Rusiya arasında artan gərginliyin dəlilidir.

Belə ki, Yuri Kimin Senatın Xarici Əlaqələr Komitəsi qarşısındakı bəyanatının tonu:

– ABŞ-nin Rusiya-Azərbaycan əlaqələrinə qarşı qısqanclığının ifadəsidir;

– Rusiya-Ermənistan münasibətlərindəki qırılmaların fonunda Azərbaycanın regionda öz gücünü artırmasına reaksiyadır;

– Vaşinqtonun Bakı ilə tərəfdaşlığını bərkitməyə çağırışdır, hərçənd, Ağ Ev Qarabağ məsələsində klassik cığallığını saxlayır.

ABŞ diplomatının bəyanatı Azərbaycanla Vaşinqton arasındakı Xəzər dənizinin təhlükəsizliyi, enerji layihələri, beynəlxalq terrorizmlə mübarizə, Bakının Tehranla münasibətlərindəki qara nöqtələrə müştərək münasibətin əksini təzahür etdirmir.

Yəni Yuri Kimin Qarabağda açıq qalan məsələlər üzrə ABŞ-nin kritik mövqeyini Azərbaycana qarşı yönləndirməsi Bakı-Vaşinqton münasibətlərinin strateji mayasına xələl gətirən deyil.

İndi isə Yuri Kimdən iqtibas gətirərək onun hədəsinin çalarlarını açmağa çalışaq. Sitat:

“ABŞ “Dağlıq Qarabağ”ın (belə bir inzibati vahid yoxdur – A.K.) erməni əhalisinə qarşı etnik təmizləmə və ya digər vəhşiliklər törətmək üçün qısa və ya uzunmüddətli heç bir hərəkətə və ya səyə dözməyəcək”.

Ümumiyyətlə, Azərbaycanla ABŞ arasında Qarabağla bağlı danışıqlar gərgin atmosferdə keçir, Bakının bu qədər arqumentləri, faktları, Ermənistanın işğalçılıq və təcavüz siyasətinə dair dəlilləri Vaşinqtonu qane etmir.

Ağ Evə bunlar ona görə kifayət etmir və etməyəcək ki, ənənəvi erməni havasına əl çalmaq siyasəti yoxa çıxmayıb. Hərçənd, Ağ Ev Bakı ilə tərəfdaşlıq ruhunu pozmaqda da maraqlı deyil. Vaşinqtondakı cığallıqların indi üçün mərkəzi onun Moskva ilə kəskinləşən rəqabətindəki mümkün perspektiv məğlubiyyət sindromuna söykənir.

Çünki ABŞ Rusiyanın Ukraynadakı kampaniyasını Moskvanın geosiyasi təsirlərinin azaldılması üçün qiymətli fürsət bilir.

Rusiya isə Azərbaycan-Ermənistan sülh gündəliyi fonunda Cənubi Qafqazın gələcəyini rəqibi ABŞ-yə bəxşiş etməməyi müqəddəs missiya sayır.

Regionda qatı açılmayan mövzular ABŞ-ni təşviq edir ki, Rusiyanın imtiyazlı lisenziyalarını ələ keçirib Moskvanı ofsaydda qoysun, amma bunun tərsi olan proses baş verdi.

Belə ki, Rusiya ABŞ-nin açıq-gizli himayəsi altında Avropa İttifaqında əldə olunan razılığı – Ağdam-Xankəndi yolunun açılmasını – özününküləşdirdi. Moskvanın Rusiya Qızıl Xaç Komitəsi vasitəsilə Xankəndiyə həmin marşrutla bir ədəd ərzaq TIR-ı göndərməsi Vaşinqtonun strateji həzmindən keçməyəcək səviyyədə olan hadisə idi.

Proseslərin gedişatında Azərbaycanın Qarabağda erməni separatçılara qarşı antiterror, Ermənistanla sərhəddə isə genişmiqyaslı hərbi əməliyyatları keçirəcəyinə dair İrəvanda həyəcana səbəb olan məlumatlar tirajlanır və rəsmi mövqelər vəziyyətin gərgin olduğu mövqeyini təkrarlayır.

ABŞ-nin Azərbaycanın mümkün cavab tədbirlərinə qarşı “dözməyəcəyik” mesajının ünvanı ən çox Moskvayadır. Çünki Azərbaycan təcrübədə əməliyyatlar keçirib, zərərli orqanları kəsdikdən sonra bunun nəticələrini dəyişmək Vaşinqtona müyəssər olmayıb və olmayacaq da!

Yuri Kim də bu reallıqları başa düşür, onun bəyanatı haray-həşirdən o tərəfə keçən praktiki səlahiyyətləri əhatə etmir.

ABŞ,0 sadəcə olaraq, Azərbaycan-Ermənistan münasibətlərindəki gündəliyə Rusiyanı kənarlaşdıracaq səviyyədə müdaxiləyə can atır.

Məntiqlə, Vaşinqton Azərbaycanla Ermənistan arasında bu hadisələrdən sonrakı danışıqlarda təşəbbüskarlıq göstərir, Bakı ilə İrəvanı ABŞ-nin qurduğu masa ətrafında əyləşib sülh müqaviləsinin mətnini hazırlamağa çağırır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir