Siyasət

Hikmət Hacıyev: “Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq” – TASS-a MÜSAHİBƏ

Sharing is caring!


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a eksklüziv müsahibəsində Ermənistanla yeni müharibənin risklərini qiymətləndirib, respublikalar arasında ilin sonunadək sülh müqaviləsinin imzalanması perspektivlərindən danışıb, həmçinin Rusiya və Azərbaycanın “3+3” formatında həll etmək iqtidarında olduqları geosiyasi məsələləri açıqlayıb.

– Hazırda Azərbaycanla Ermənistan arasında müşahidə etdiyimiz gərgin vəziyyəti necə şərh edərdiniz? Yeni müharibə riski varmı?

– Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasında Azərbaycanın təklif etdiyi və Ermənistanın qəbul etdiyi beş əsas prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. İki ölkənin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik bu prinsiplərin təməl daşıdır. Təəssüf ki, son vaxtlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, o cümlədən Ermənistanın baş nazirinin 2 sentyabr tarixində Qarabağdakı tanınmamış qanunsuz rejimə “müstəqillik günü” münasibəti ilə təbriki sülh prosesinə ciddi ziyan vurub.

Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün deklarativ şəkildə tanınmasına baxmayaraq, faktiki olaraq, İrəvanın Ermənistanın dövlət büdcəsindən Azərbaycan ərazisində qanunsuz separatçı xuntanı, o cümlədən, əsasən, Qarabağdakı Ermənistan silahlı qüvvələrindən ibarət silahlı birləşmələri maliyyələşdirməkdə davam etməsi sülhə töhfə vermir. Qarabağda Ermənistanın körüklədiyi “boz zona”nın bütün perimetri boyu erməni qeyri-qanuni silahlı dəstələri bizim ərazilərimizi kütləvi şəkildə minalayırlar – sanki 2020-ci ilə qədər Ermənistanın torpaqlarımıza qoyduğu bir milyondan çox mina onlara bəs etməyib. Demək olar ki, Ermənistan azərbaycanlılara qarşı minalardan kütləvi qırğın silahı kimi istifadə edir – yalnız 2020-ci ildə 44 günlük müharibədən sonrakı dövrdə 300-dən çox vətəndaşımız terrorun qurbanı olub.

Digər ciddi təxribat isə Xankəndidə qanunsuz rejim tərəfindən sentyabrın 9-da qondarma prezident seçkisinin keçirilməsidir. Həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bu seçkinin tamamilə qanunsuz və qeyri-legitim olduğunu BMT başda olmaqla, bütün beynəlxalq ictimaiyyət, eləcə də region ölkələri bir daha təsdiqləyiblər.

Ermənistan silahlı qüvvələrinin sərhəddə və Qarabağda hərbi təxribatlarının və diversiyalarının tez-tez baş verməsi də bizi narahat edir.

Buna baxmayaraq, Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistanın konstruktiv danışıqlar yoluna qayıtmasını gözləyir.

Verilən suala cavab olaraq deyim ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil. Biz Ermənistan rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə reinteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyinə xələl gətirməyə çalışmamağa çağırırıq.

– Hazırda sülh prosesi hansı mərhələdədir?

– Hazırda Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir. Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Azərbaycana qarşı İrəvan və dünyanın müxtəlif ölkələrində, xüsusən də Qərbdəki erməni diasporunun koordinasiya etdiyi genişmiqyaslı dezinformasiya kampaniyasına start verilib. Azərbaycanı suveren ərazimizin bir hissəsini blokadada saxlamaqda ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətindən yüklərin daşınması üçün Ağdam yolunun açılması bu cür ittihamların əsassızlığını göstərdi. Rusiya Qızıl Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə fəaliyyəti nəticəsində Ağdam yolu istifadəyə verilib. İndi biz Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin eyni vaxtda iki marşrutla – Ağdam və Laçın marşrutu ilə getməsini gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi tam şəkildə bölüşür və dəstəkləyirlər.

Hazırda sülh prosesinə əsas maneə Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni rejimi maliyyə və hərbi-siyasi baxımdan saxlamaqda davam etməsidir. Məhz Xankəndidəki qanunsuz rejim Ağdam və Laçın marşrutlarının eyni vaxtda açılmasına mane olur, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara təfəkkürlü irqçilik motivləri ilə əsaslandırır.

Həmçinin, Bakının dəfələrlə belə təmaslara dəvət etməsinə baxmayaraq, qeyri-qanuni rejim Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağda yaşayan erməni etnik azlıq arasında dialoq cəhdlərinin qarşısını alır. Qarabağda yaşayan 30 min erməniəsilli vətəndaşımızı girov götürən qanunsuz rejimə Ermənistanın dəstək siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur.

– Bakı İrəvanla dialoqda hansı kompromislərə hazırdır?

– Azərbaycan nə Ermənistanla, nə də hansısa üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək. Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və buna etiraz etmək cəhdi regionda davamlı sülhə nail olmaq baxımından əks-effekt verir.

– Azərbaycan 2020-ci ildə olduğu kimi yenidən güc tətbiq edə bilərmi?

– Mən hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik.

– 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyanatın bəndlərindən biri olan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı işlər necə gedir?

– Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticari-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə inanır. Bu kontekstdə biz həmin istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk.

Ancaq nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Bildiyiniz kimi, Zəngəzur dəhlizinin açılması, yəni Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikası ərazisindən maneəsiz əlaqənin təmin edilməsi, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın müddəalarından biridir. Təxminən üç il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, otuz il ərzində Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat və logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir. Ancaq əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistika ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik.

– Fikrinizcə, 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi başa çatdıqdan sonra beynəlxalq vasitəçilik nə dərəcədə effektivdir?

– Ermənistanın, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hərəkətləri, təəssüf ki, sülh müqaviləsinin bağlanması məsələsində, o cümlədən beynəlxalq vasitəçilərin səyləri ilə əldə edilmiş tərəqqiyə xələl gətirir. Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq – rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan, o cümlədən, Qarabağdakı erməni etnik vətəndaşlarımızla qarşılıqlı münasibətimizi, məsələn, bu əhali qrupunun hüquq və təhlükəsizliyini təmin etmək bəhanəsi ilə daxili məsələlərimizi  beynəlxalq platformalara çıxarmaq cəhdlərindən çəkinmək öhdəliyi götürsün. Onlar Azərbaycan vətəndaşlarıdır, onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.

Ermənistan ölkəmizdə separatizmi maliyyələşdirmək və qızışdırmaq siyasətindən əl çəkməlidir.

Beynəlxalq vasitəçilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk. Aktiv vasitəçiliyi 2020-ci ilin noyabrında genişmiqyaslı hərbi əməliyyatlara son qoyan Üçtərəfli Bəyanatın imzalanmasını təmin edən Rusiyanın bu prosesdə rolu son dərəcə vacibdir. Avropa İttifaqı və ABŞ də danışıqlar prosesinə öz töhfələrini verirlər. Ümumilikdə, danışıqların hər biri özünəməxsus şəkildə unikaldır və Bakı ilə İrəvan arasında ən problemli məsələlər üzrə dialoqun aparılmasına kömək edir.

– Rusiya-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?

– Rusiya və Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır və onların inkişafına nəzərəçarpacaq təkan verir. Hətta indiki mürəkkəb geosiyasi şəraitdə də ölkələrimiz arasında münasibətlər etibarlılıq imtahanından çıxır.

Əminəm ki, Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri, o cümlədən regional oyunçuların regional məsələlərin həllini nəzərdə tutan “3+3” formatında həll edə biləcəklər. Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı əlaqədəyik. Bu ilin birinci yarısının məlumatları ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni-humanitar sahədə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni tədris mövsümü başladı və ölkəmizdə hər il olduğu kimi, məktəbli və tələbələrin rus dilində tədrisinə böyük tələbat var. Üstəlik, ildən-ilə rus dilini öyrənməyə maraq yalnız artır. Qeyd etməyə bilmərəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın ödənilməsi üçün bütün lazımi şəraiti yaradır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir