Siyasət

Azərbaycandan Ermənistana yeni sülh təklifləri: Qovluqda nələr var? – ŞƏRH

Sharing is caring!


Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, İrəvan həmin təkliflərə qısa zamanda cavab verəcək.

Azərbaycanın təqdim etdiyi yeni plan əvvəlki (2022-ci ildə təqdim olunan) beş baza prinsipi üzərində inkişaf etdirilən detallı bir sənəd ola bilər.

XATIRLATMA

Baza prinsipləri üzrə beş bənd aşağıdakılardır:

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Həmin dövrdən bu yana həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiyanın təşəbbüsləri ilə keçirilən danışıqlarda əlavə razılıqlar əldə edilib.

Rəsmi Bakı yeni sülh sazişi təkliflərini həmin razılıqlar əsasında formalaşdırır, üstəgəl, Qarabağda və Şərqi Zəngəzurdan Ermənistana açılan qapılar üzrə hərbi-strateji nəticələr də əldə edir.

Deməli, Bakının sülh gündəliyi ilə bağlı Ermənistana yeni təkliflərindəki siyasi təzyiqedici xarakterlər daha da güclənib.

Çünki bu yaxınlarda Paşinyan Azərbaycanla yaşanan hərbi-siyasi gərginliklərin fonunda ölkəsinin danışıqlara hazır olduğunu bəyan etmişdi – bu, baş nazirin çarəsizliyini simvolizə edir.

İkinci bir məsələ Rusiyanın, hətta İranın Ermənistana təzyiqlərini artırmasıdır, yəni ki, bunlar Bakıya sülhyaratma əməliyyatlarında alternativ ideyalar verir.

Azərbaycan baza versiyanı təkmilləşdirərək onun hər bəndini detallı formada Ermənistana qəbul etdirməkdə israrlıdır.

Sülh gündəliyinin fonundakı Azərbaycanın yeri Ermənistanla sərhəd boyunca baş verən insidentlərin müşayiəti ilə möhkəmlənir.

Yəni artıq Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin geri qaytarılması üçün konkretləşdirici formullar yeni sənədə salına bilər.

Diqqət yetirilməli nöqtələrdən biri də Zəngəzur dəhlizi layihəsidir, artıq Türkiyədən də koridorun açılması üçün həm xəbərdaredici, həm də əməkdaşlığa təşviq edəcək siqnallar verilir.

Bu, diplomatik-siyasi düsturlardır, Ermənistanın seçim etməsi üçün şansdır. Təbii ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmiləşdirən sənəd təqdim etməsə, yalnız manipulyasiyalarla məşğul olmağa davam etsə, onun üçün fəlakətli nəticələr olacaq.

Deməli, Azərbaycan sülh müqaviləsi üçün çərçivə şəklində sənəd imzalanması istiqamətində Ermənistanı tələsdirir.

Növbəti proseslər Ermənistanın Bakının sülh təkliflərinə verəcəyi reaksiyalardan asılı olacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir