Siyasət

Ukrayna niyə Akopyana meydan verdi? – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevdə III Birinci Xanımlar və Cənablar Sammitində iştirak edib. Sammit “Psixi sağlamlıq: Gələcəyin dayanıqlılığı və kövrəkliyi” mövzusuna həsr edilib. 

Akopyanın Kiyevə səfəri Ermənistanın regional gərginliyi artırdığı zamanda baş tutub.

Çox paradoksaldır, Ermənistan Ukraynaya dəstək verməkdən qaçır. 

Ancaq Qərb dairələrindən bununla bağlı Ermənistan hökumətinə sərt xəbərdarlıqlar edilməyib, Ukrayna hökuməti də İrəvana “qulaqburması verməkdən” boyun qaçırıb. Qısası, Ukrayna müharibə səbəbilə, Ermənistanla münasibətləri soyutmayıb, əksinə “demokrat” kimi tanınan Nikol Paşinyanın siyasətinə susqunluq nümayiş etdirilib. 

Deyilmir ki, Ukraynanın başı müharibəyə qarışdığı bir zamanda bütün dövlətlərlə əlaqələrini tormozlasın, lakin ən azından strateji-mənəvi məsələləri əhatə edən mövzular var ki, ona həssaslıqla yanaşmaq lazımdır. Azərbaycan isə müharibə başlayandan bu yana Ukraynaya riskləri də gözə alaraq böyük yardımlar göstərib, Ermənistan heç bunların dörddə birini belə etməyib. 

Lakin nədənsə Azərbaycana qarşı qısqanclıq, hikkə mövcuddur, bununla belə, Bakı Kiyevə dəstəyini əsirgəmir. Bunun Türkiyə ilə strateji müttəfiqliyin fonunda da əhəmiyyətli tərəfləri də var.  Azərbaycan Ukraynadan olan qaçqınları qəbul edir, onlara məktəb tikir, Kiyevə humanitar yardım və pulsuz benzin verir. Bunları da bir kənara qoyduq, deyə bilərsiniz ki, Akopyanın məsələyə nə aidiyyəti?
Öncəliklə, Akopyan sammitdəki çıxışı barədə “Facebook” sosial şəbəkəsində yazdığına diqqət yetirək. 

Akopyandan iqtibas: “Mən Laçın dəhlizinin blokadaya alınması nəticəsində 30 min erməni uşağının pozulması və qeyri-insanı həyat şəraiti ilə bağlı məsələ qaldırdım”. Burada xoruzun quyruğu görünür, bu zamana qədər də Ukraynanın müəyyən səviyyələrdə Ermənistana dəstək mexanizmlərinin tərkib hissəsi olduğunu görmüşük.

Kimsə bunu təkzib etməyə çalışmasın, müxtəlif səviyyələrdə olan bəyanat və hərəkətliliyi “Google” axtarış sisteminə lazım olan sözləri daxil etməklə tapmaq olar. 

Azərbaycan sübut etməkdən və fakt ortaya qoymaqdan yoruldu ki, Qarabağda yaşayan ermənilər humanitar böhranla üzləşməyib, hətta onlara Ağdam-Xankəndi yolu ilə ərzaq yükü də çatdırmağa çalışır. 

Lakin Ermənistan, erməni lobbisi və bunların ideoloji-maliyyə əsirinə çevrilmiş mənən kasad dairələr “humanitar fəlakət” tezisini təkrarlamaqdan yorulmurlar. Onları yora biləcək yeganə məsələ Azərbaycanın hərb gücü ilə istəyinə çatmasıdır, reallıq yaranandan sonra hamı bununla barışacaq, barışmayan isə qan-tər içində elə vurnuxacaq. 

Bunu da keçdik, Akopyanın yalanları bir yana, onun ümumiyyətlə uşaq hüquqları barədəki çıxışına Ukraynanın mənəvi platforma qazandırması təəccüb doğurur. Necə yəni, erməni uşaqların hüquqları? Azərbaycan Ermənistanla müharibəni dünyada analoqu olmayan bir fazada – mülki insanlara, uşaqlara toxunmadan aparıb, amma Ermənistan hər vəchlə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini ANA HİTə çevirib. 

Birinci Qarabağ Müharibəsindəki Ermənistanın insan qanına susamış cinayətlərini görməmək isə böyük mənəvi eyibdir. Bunu görüb kor, eşidib lal olmaq isə ikinci bir mənəvi eybəcərlikdir. 

İkinci bir tərəfdən, Ukrayna özü ərazi münaqişəsindən, separatçılıqdan əziyyət çəkir. Akopyanın çıxışı isə erməni separatçılıq motivlərinə söykənir, daha doğrusu birbaşa İrəvanın siyasətinin əyanıdır. Hələ Qarabağ münaqişəsi dövründə elə Akopyan özü də Azərbaycana qarşı keçirilən təlimlərdə poza verərək, əlində avtomat şəkillər çəkdirmişdi. Onun separatçılığı təbliğ edən silahları hər zəmində Azərbaycana qarşı yönəlib. 

Ümumiyyətlə, Akopyan Ermənistanın işğalçılıq siyasətinin obrazıdır, bunu bütün platformalarda da nümayiş etdirib. 

Bir sözlə, regionda separatçılıq, işğalçılıq Ermənistanın siyasətidir, bunun əlamətləri elə indi də aşkar şəkildə qalmaqdadır. 

İndi Ukrayna Akopyanın dediyini “alqışlayırsa” deməli, o, Ermənistanın separatçılıq oxundakı iştirakına “əl çalır” – haradan baxsan Kiyevin Akopyanı isti qarşılaması məntiqi ziddiyyətlərlə zəngindir.

Hər bir halda, Azərbaycanın Ukraynadan izahat tələb etmək haqqı var ki, niyə işğalçı Ermənistanın birinci xanımına belə platformada yer veriblər. 

Təbii ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə dəstək verməyə davam edəcək, çünki bu, prinsip məsələsidir. Prinsipləri müdafiə isə hamının, elə Ukraynanın da borcudur, yoxsa birinə münasibətdə yaxşı, digərinə münasibətdə pis ayrı-seçkiliyi etmək qəbuledilməzdir. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir