Siyasət

İslamofobiya Fransa cəmiyyətini ikiyə bölüb: Makron müsəlmanlardan qisas alır – ŞƏRH + FOTO

Sharing is caring!


Avropada islamofobiya və islamofob meyillər artmaqdadır. Müxtəlif ölkələrdə məscidlərə hücumlarla yanaşı, karikaturalar yayımlanır, müsəlmanların müqəddəs kitabı yandırılır. Demokratiyadan dəm vuran Avropa ölkələri, cəm olduqları təşkilatlar isə prosesi pisləyən hər hansı bir bəyanat və sərt çıxışlar səsləndirmirlər. Əksinə, çirkin və iyrənc kampaniyanı ifadə, söz azadlığı ilə pərdələməyə çalışırlar. Belə hallar təşviq edilməklə yanaşı, bu aktları törədənlər hətta mühafizə olunur və cəzasız qalırlar.

Avropada islamofob halların artmasında Fransa flaqman rolunu oynayıb. Məhəmməd peyğəmbərin karikaturasını ilk yayan ölkə də məhz Fransa olub. Bu ölkənin “Charlie Hebdo” jurnalının atdığı addımın hədəfi öncədən bəlli idi – islam dəyərlərini təhqir etmək, islamofobiyanı qızışdırmaq və bununla da müsəlmanları təxribatlara çəkmək. Ölkədə son dövrlər müsəlmanların ibadət azadlığını məhdudlaşdıran həddən çox qanun da qəbul edilib. Bu qanunlar ölkədə müsəlmanlara münasibətin hansı səviyyədə, islamofobiyanın nə qədər güclü olduğunu əks etdirir.

Yeri gəlmişkən, Fransada müsəlmanlara və digər dinlərdən olan insanlara qarşı ayrı-seçkilik pik həddə çatıb. Bu ay qüvvəyə minən mürtəce qanunla orta məktəb rəhbərləri yeni təhsil ilinin ilk günündə məktəbliləri evlərinə geri qayıtmağa məcbur ediblər. Səbəb də məktəbli qızların əbalarını çıxarmaması olub. Geyimlərini çıxarmaqdan imtina edən qızlara məktub təqdim olunub və orada bildirilib ki, sekulyarizm – məhdudiyyət deyil, azadlıqdır. Məktub təhsil naziri Qabriel Abayın adından təqdim olunub. Nazir hətta xəbərdarlıq da edib – əgər qızlar təkrar məktəbə əbada gəlsələr, onlarla “söhbət başqa cür olacaq”. Avqust ayında hakimiyyət orqanları məktəblərə müsəlman geyimində gəlmələrinə qadağa tətbiq etsə də, ayın əvvəlində 300-dən artıq qız təhsil müəssislərinə həmin geyimdə gəlib.

Fransa hökumətinin illər sonra belə bir qərar qəbul etməsinin səbəbləri bəllidir. Əlcəzairəsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra miqrantların etirazları bütün ölkəni bürüdü. Makron ölkəni bir-birinə vuran irimiqyaslı aksiyalar zamanı bəyan etmişdi ki, bunlar cavabsız qalmayacaq və proseslər də göstərir ki, vədinə sadiq qalıb. Sərt antimiqrant dəyişikliklər həyata keçirən və mühacir qəbulu qaydalarını sərtləşdirən prezidentin növbəti addımlarından biri də müsəlman məktəbli qızlara qarşı olub. Prezident onları “azlıq” adlandırıb, əlavə edib ki, “onlar respublika və sekulyarizmə zərbə vururlar”. İddia edib ki, bu geyimlərlə məktəblərdə görünmək mənfi nəticələrə gətirib çıxarır. Misal kimi də 2020-ci ildə müəllim Semuel Petinin öldürülməsini göstərib. Həmin şəxs dərs zamanı Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.

Makronun niyə məhz indi müsəlmanlara qarşı hücuma keçməsinin səbəbləri bəllidir. Fransa lideri müsəlman ölkələrində artan antifransız əhvali-ruhiyyəyə bu formada reaksiya vermək fikrinə düşüb. Makronu narahat edən həm də odur ki, son vaxtlar Fransa məktəblərində ənənəvi islam geyiminin əvəzinə əba geyinən qızların sayı artıb.

E.Makronun göstərişi ilə həyata keçirilən bu sərt qaydalar cəmiyyətdə ikitirəlik yaradıb. Gözlənildiyi kimi, bunlar Fransa Müsəlmanları Assosiasiyasının sərt təpkisi ilə üzləşib. Assosiasiya Fransanın ali məhkəməsi – Dövlət Şurası qarşısında qərarın qanunsuz olduğu barədə vəsatət qaldırıb. Ölkədə bir çox islam təşkilatını birləşdirən Fransa Müsəlmanları Şurası (CFCM) bəyan edib ki, özlüyündə geyim heç bir dini mənsubiyyəti əks etdirmir. Şura əbaya qadağa qoyulmasını “ayrı-seçkiliyin yüksək riski” adlandırıb, bunun ölkədə ciddi narazılıqlara, hətta vəziyyətin nəzarətdən çıxacağına səbəb olacağından narahatlığını ifadə edib.

Məsələ qeyri-müsəlmanlar arasında da ciddi narazılıq doğurub, yay tətilindən sonra Fransa siyasətinin əsas dominant mövzusuna çevrilib. Hökumətin hədəfi bəllidir – radikal sağ qüvvələrin lideri Marin Le Penlə rəqabətə girmək, onun tərəfdarlarını öz tərəfinə çəkmək. Bu versiya inandırıcı səslənir. Belə ki, sağlar hökumətin bu barədə qərarı çıxarkən onu dəstəklədilər. Hakimiyyət 2027-ci il seçkilərində irəli sürəcəyi liderin nəyin bahasına olursa-olsun qalib gəlməsinə çalışır. Lakin məsələ ondadır ki, sağlar hökumətlə bir olsalar da, sollar, mərkəzçilər və nüfuzlu alimlər hakimiyyətin bu addımını sərt tənqid ediblər.

“France Insoumise” hərəkatını parlamentdə təmsil edən deputat Klementinu Oten bu addımı vətəndaşların dini azadlıqlarına müdaxilə cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, hökumətin bu addımı müsəlmanlara qarşı xarakterik haldır. Bir sıra nüfuzlu alimlər də hökumətin addımını qeyri-məhsuldar hərəkət kimi xarakterizə ediblər.

“Bu, bütövlükdə müsəlmanlara ciddi zərbə olacaq. Onlar stiqmatizasiyanı hiss edəcəklər. Bu, həqiqətən də, biabırçılıqdır”, – deyə sosioloq Anyes de Feo bəyan edib.

Beləliklə, qəbul olunan qanun və sərt qaydalar islamofob halların daha da artacağına səbəb olacaq. Hakimiyyətin bu addımı cəmiyyətdə narazılıqları nəinki azaldacaq, əksinə, insanların qəzəb və nifrət hissini daha da gücləndirəcək.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir