Siyasət

Hərbi sirri yayma – Hüquqi izah

Sharing is caring!


Ermənistan Azərbaycanın regional təhlükəsizliklə bağlı çağırışlarına cavab verməsə, rəsmi Bakının qəbul edəcəyi qərarlar hərbi müstəvidə özünü göstərə bilər.

Onsuz da, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi nahamar müstəvidədir.

Buna görə də Azərbaycan milli təhlükəsizlik çağırışlarından irəli gələrək Ermənistanın regiondakı işğalçılıq siyasətinə, onun hərbi təzahürlərinə, separatizmə qarşı mübarizəsini davam etdirmək zərurətini hiss edir.

Əlqərəz, Azərbaycanın məsələləri güc tətbiqi vasitəsilə yoluna qoymaq hüququ var və heç kim bu hüquqa kənardan müdaxilə etmək imtiyazına malik deyil.

Ona görə də istər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, istərsə də Ermənistanla sərhəddə mümkün hərbi hərəkətlilik başadüşüləndir.

Hələlik hər hansı toqquşmaya işarə edə biləcək əlamətlər yoxdur, amma yenidən hərbi sirlərlə bağlı məsələlər gündəmə gəlib.

Sosial şəbəkələrdə “Düşmənə sirr vermə” başlıqlı paylaşımlar artır.

İndi isə sirrin mahiyyətini açıqlamağa çalışaq.

Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanununa əsasən, dövlət sirri altı kateqoriyada təsnif edilir.

Bunlar hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlıdır.

Həmin istiqamətlər üzrə məlumatlar mühafizə edilir və onların yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar hesab edilir.

Dövlət sirri təşkil edən məlumatların siyahısı müvafiqliyinə görə məlumatların qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur.

Burada hərbi sirrin vacibliyini qeyd etmək mütləqdir.

Qanunun 5-ci maddəsi hərbi sahədə hansı məlumatların dövlət sirrini təşkil etdiyinin təsvirini verir.

Bu bəndləri bir-bir sadalamayacağıq, sadəcə, vətəndaşlar bu məsələlərdə xüsusi həssaslıq nümayiş etdirməlidirlər.

İndi müzakirə olunan məsələ qoşunların mümkün dislokasiyası yerlərinin fotolarını, videogörüntülərini çəkib paylaşmaqla əlaqəlidir.

“Dövlət sirri haqqında” Qanundan bu məsələyə münasibətdə çıxarışı qanunun 5.14-cü və 5.1.5-ci maddələri ilə verə bilərik:

– Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqındakı məlumatlar,

– Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin, hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatlar dövlət sirri təşkil edir.

Bunlar hüquqi cəhətlərlə qısa təsvirdir. İndi isə daha aydın olsun deyə, bir az da sadələşdirilmiş mətnə müraciət edək.

Fərz edək ki, kolonlar hərəkət edir, kimsə bunu çəkib paylaşır və yaxud da döyüş mövqelərindən məxfilik dərəcəsi olan görüntülər dövriyyəyə buraxılır.

Bu ona görə yolverilməzdir ki, qoşunların hərəkət trayektoriyası haqqında qarşı tərəf bilgilənir. Bilgilənir ki, düşmən gördüyü dövlət nə qədər qoşun çıxarır, onları hansı mövqelərə yerləşdirir. Mövqelərdən isə paylaşımlar həmin yerin koordinatını çıxarmaq üçün qarşı tərəfə fürsət verir.

Dövlət sirrini yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 284-cü maddəsinə əsasən, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Diqqətli olaq, həm Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyən Ermənistana məlumat ötürülməsinə vəsilə olmayaq, həm də cəza çəkməyək!

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir