Siyasət

“Qarabağdakı separatçıların davranışları və Ermənistan hakimiyyətinin onlara dəstəyi yolverilməzdir” – FOTO

Sharing is caring!


“Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diktə edən tərəfdir. Ermənistanın və Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz rejimin təxribatları qəbulolunmazdır. Bu gün Qarabağdakı erməni separatçıların davranışları və Ermənistan hakimiyyətinin onlara dəstəyi yolverilməzdir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Nikol Paşinyanın Qarabağdakı separatçılara dəstəyi beynəlxalq hüquq normalarına tamamilə ziddir:

“Separatizm bütün dünyada qəbul olunmur. Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir. Son hadisələr fonunda beynəlxalq birliyin diqqəti bölgəmizə yönəlib. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması tərəfdarıdır. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni ərazi iddiasından əl çəkməli və sülh müqaviləsini imzalamalıdır”.

Millət vəkilinin sözlərinə görə, ən əsası, Ermənistan Üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməlidir.

“Bu mənada 10 noyabr razılaşmalarının 4-cü bəndi yerinə yetirilməlidir. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, separatizmə dəstək verməməli və sülh prosesini uzatmamalıdır. Qarabağda erməni separatizminə son qoyulmalıdır. Dövlətimizin bu məsələdə mövqeyi prinsipialdır. Eyni zamanda, beynəlxalq birlik də aydın və konkret mövqeyini ortaya qoymalı, ikili standartlardan çıxış etməməlidir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.

Qeyd edək ki, bu gün ermənilər Qarabağdakı qondarma rejimin ildönümünü qeyd edirlər. Bununla əlaqədar Paşinyan çıxış edərək bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir