Siyasət

Aİ-nin Ermənistandakı missiyası iç üzünü göstərdi: Qərəz, tərəfkeşlik, erməni maraqları – ŞƏRH + FOTO

Sharing is caring!


Son aylarda Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddiaları artıq praktik təxribatlarla əvəzlənib. 44 günlük Vətən müharibəsi zamanı olduğu kimi, istər sahədə, istərsə də masada Azərbaycana bata bilməyəcəyini görən bu işğalçı dövlət ənənəvi şər siyasətini dövrəyə gətirib.

Xatırlayırsınızsa, Ermənistan 2-ci Qarabağ müharibəsində biabırçı formada məğlub olduqca Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) timsalında Rusiyanı savaşa çəkmək üçün əlindən nə gəlirdisə, elədi. Rusiyadan bir qarşılıq almayınca, forpostu olduğu bu hegemon dövlətin əleyhinə hədyanlar yağdırmağa başladılar. Hətta erməni rəsmiləri KTMT-nin artıq lazımsız bir qurum olduğunu iddia edərək bu təşkilatdan çıxacaqlarını bəyan etdilər.

İndi isə vəziyyət bir qədər dəyişib. Rusiyadan tamamilə əlini üzən Ermənistan Qərbə üz tutub. Bu dövlət Azərbaycanla müharibədəki kapitulyasiyadan sonra ilk xəyanətini illərdir çayını içib, çörəyini yediyi Rusiyaya məhz Avropa İttifaqı (Aİ) ilə etdi. Ermənilər rusiyalı sülhməramlılara güvənməyərək Aİ missiyasını Ermənistana dəvət etdilər.

Beləliklə, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verdi. Nəticədə adı mülki, əslində isə hərbi kontingentə bənzəyən bu missiya cari il fevral ayının 20-də fəaliyyətə başladı.

Əlbəttə ki, Azərbaycan hələ o vaxtdan bu missiyanın heç də xoşməramlı olmadığını bəyan etmiş və bununla bağlı narahatlığını bildirmişdi. Sonrakı dönəmdə baş verən proseslər, xüsusən də bu gün yaşanan təxribatlar Azərbaycanın nə qədər haqlı olduğunu göstərmiş oldu. Belə ki, bu gün Ermənistan Müdafiə Nazirliyi ənənəvi təxribat üsulundan istifadə edərək bir dezinformasiya yaydı. Bəyan etdi ki, guya Azərbaycan Silahlı Qüvvələri Aİ müşahidəçilərinə atəş açıb.

Həmin xəbərin mətnini olduğu kimi təqdim edirik: “Avqustun 15-də saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Verin Şorja ərazisində patrul xidməti həyata keçirən Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində atıcı silahlardan atəş açıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, itki yoxdur”.

Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyi heç bir atəşin açılmadığını bəyan etdi və Ermənistan tərəfinin yaydığı bu xəbəri təkzib elədi.

Bundan sonra olanları isə dramatik saymaq olar.

Belə ki, Aİ-nin missiyası da Ermənistan Müdafiə Nazirliyinin bu məlumatının əsassız olduğunu ifadə etdi. “X” hesabından bəyan edildi ki, Avropa İttifaqı missiyasının heç bir patrulu atışma hədəfi olmayıb.

Bundan sonra Aİ-nin missiyası paylaşımını sildi. Bir qədər sonra isə Aİ missiyası “X” hesabından əvvəlki təkzib paylaşımını təkzib edən paylaşım etdi, “atəş”i təsdiqlədi. Kimin atəş açdığı, hadisənin harada baş verdiyi dəqiq bilinməyən bir video da ortaya atdılar.

Bununla da Aİ-nin Ermənistandakı missiyası nə qədər qərəzli və tərəfli olduğunu nümayiş etdirməklə Azərbaycan dövlətini növbəti dəfə haqlı çıxarmış oldu. Deməli, bu missiya əvvəlcədən də deyildiyi kimi, heç də sülhdə maraqlı deyil, əksinə, bölgədəki gərginliyi bir az da artırmaqda və sülh prosesini uzatmaqda maraqlıdır. Bu maraqların Ermənistanın dövlət siyasəti ilə də üst-üstə düşməsi heç də təsadüfi deyil. Artıq hər kəsə bəllidir ki, Aİ-nin Ermənistanda fəaliyyət göstərən missiyası birmənalı şəkildə Ermənistanın maraqlarına xidmət edir və son hadisə də bunu açıq şəkildə büruzə verir.

Belə olmasaydı, Azərbaycan tərəfinin dəfələrlə Ermənistan qoşunlarını həm Azərbaycanla sərhəddə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə qoşun konsentrasiyasının artırılmasına dair videomateriallar təqdim etməsinə baxmayaraq, Aİ-nin Ermənistandakı missiyası bu materialları və faktları görməzdən gəlməzdi. Bu missiya ərazidə həmin texnika, silah sursatın toplandığı nöqtələri yoxlamaq əvəzinə oturduqları kabinetlərdə ərazidə baş verənlər barədə birtərəfli qaydada bəyanatlar səsləndirir, 30 illik işğal tarixinə malik Ermənistanın bugünkü fəaliyyətlərinə haqq qazandırmağa çalışırlar.

Beləliklə, Avropa İttifaqının Ermənistandakı missiyası öncə iddia etdiyi mandatından kənara çıxır və regionda jandarmeriya funksiyasını yerinə yetirməyə cəhd edir. Lakin, əlbəttə ki, onların fəaliyyətləri, səsləndirdiyi bəyanatlar Azərbaycan üçün heç nə ifadə etmir. Çünki Azərbaycan öz təhlükəsizlik fəaliyyətini Aİ missiyasının bəyanatlarına görə yox, öz milli dövlət maraqları çərçivəsində həyata keçirir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir