Siyasət

Fransanın çöküşü: Afrikadakı 500 illik ağalığın sonu – ŞƏRH + FOTO

Sharing is caring!


Dünyaya hökm edən dövlətlərdən olmuş Fransa qlobal miqyasda çöküşünü yaşayır. Bunun üçün çoxsaylı faktlar və hadisələr sadalamaq olar.

Ötən gün Fransanın 94 senatoru məktub yazaraq Prezident Emmanuel Makronun Afrika siyasətinin iflasa uğradığını bildiriblər. Onlar Afrikanın Fransa ilə əlaqələrdən imtina etdiyini və bütün bəlalara görə məsuliyyəti fransalı “Böyük şeytan”ın daşıdığını vurğulayıblar. Senatorlar qeyd ediblər ki, Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso, indi isə Niger Fransadan, onun şirkətlərindən və ordusundan imtina edir, ölkədə anti-Fransa nümayişləri keçirilir. Senatorlar Makrondan Moskva və Pekinin nüfuzunun Afrikada yüksəlməsinə Parisin imkan verməsinin səbəbini soruşublar: “Dünənki Franko-Afrikanı Russo-Afrika hərbçiləri, Çin-Afrika iqtisadiyyatı və ABŞ-Afrika diplomatiyası əvəzləyəcək”. Onlar frankofoniyanın ingilis dili ilə müqayisədə tənəzzülünün məyusedici olduğunu bildiriblər. Eyni zamanda senatorlar anti-Fransa nümayişlərinin Parisə dost sayılan Kot-d-İvuarda, yaxud Seneqalda da keçirildiyini qeyd ediblər.
Fransanın Əlcəzairdə törətdikləri tarixin ən böyük üz qaralarındandır. Bu ölkədə fransız dili artıq ingiliscə ilə əvəz edilir. Senatorlar Prezident Əbdülməcid Tebbunun Parisə rəsmi səfərini daima təxirə salmasında da, “Böyük şeytanı” ittiham ediblər, əlcəzairlilərin bütün məzlumiyyətlərinə görə məsuliyyəti onun daşıdığını vurğulayıblar. Mərakeşin də Fransadan uzaqlaşdığı və özünə yeni tərəfkeş axtardığı məsələsi də qeyd edilib.
 

Nigerdəki çevriliş Fransanın Afrika siyasətinin fiaskoya uğradığını bir daha təsdiqləyir. Rəsmi Paris vətəndaşlarını ölkədən təxliyə etməyə başlayıb. Fransa Xarici İşlər Nazirliyi isə bildirib ki, vətəndaşlarına, hərbçi və diplomatlarına hücumun cavabı təxirə salınmadan veriləcək:

“Prezident Emmanuel Makron Fransa maraqlarına hücuma dözməyəcək”. Bu, Fransa hərbisi və diplomatiyasının Afrikada iflasının, məğlubiyyətinin etirafıdır. Baş verənlərə əsasən ehtimal etmək olar ki, Fransa Afrikadan növbəti dəfə qovulur. Başqa sözlə, bu qitənin vətəndaşları Fransanın yeni müstəmləkəçilik siyasəti ilə yaşamaq istəmirlər.

Qeyd edək ki, ilk dəfə qitədə Fransa müstəmləkəsi 1524-cü ildə yaradılıb. Qitənin ərazisinin 35 faizi 300 il onun nəzarəti altında olub. Seneqal, Kot-d-İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdi. Fransa Afrikanın yeraltı, yerüstü sərvətlərini talayır, insanlarını isə qul kimi satırdı. Qitənin istənilən bölgəsində onların ağalığına qarşı üsyanın qarşısı sərt şəkildə alınırdı. Afrika xalqları bu mübarizədə iki milyondan çox qurban veriblər.
 

Dünya dəyişsə də, Fransanın Afrika xalqlarına və dövlətlərinə münasibəti dəyişməyib. Son illər Emmanuel Makronun “yumşaq güc” siyasəti də iflasa uğrayır. Çünki fransalılar hələ də elə zənn edirlər ki, qitənin əhalisi, ölkələri Fransanın qulları, müstəmləkə torpaqlarıdır. Buna sübut olaraq 2014-cü ildə Mali, Burkina-Faso, Mavritaniya, Niger və Çada “islamçı qruplaşmalara qarşı” mübarizə üçün beş min hərbçinin iştirakı ilə keçirdiyi “Barxan” əməliyyatını göstərmək olar.
Fransa Asiyadan da sıxışdırılır. Ərəb ölkələrinin çoxu uzun illərdir əlaqələrdə üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın Livandakı əməlləri onun ərəb dünyasında da siyasətinin uğursuzluğunu təsdiqləyir. Vyetnam, Kamboca, Laos kimi keçmiş müstəmləkə əraziləri də Fransadan imtina ediblər. Bu ölkələr də ABŞ, Avstraliya, Çin və Yaponiya ilə əməkdaşlığa üstünlük verirlər.

Emmanuel Makron və başçılıq etdiyi komanda Afrikadakı iflası Cənubi Qafqaza soxulmaqla əvəzləməyə çalışır. Ancaq ənənəvi qərəzli yanaşması onun bölgədən çıxması ilə nəticələnəcəyini, yaxud yer tuta bilməyəcəyini deməyə əsas verir.
Bəs Fransa niyə iflas olur? İlk növbədə, bu ölkə keçmiş müstəmləkə ölkələrinə münasibətini dəyişə bilmir. Hələ də onları qul, özünü quldar görür. Fransanın xarici siyasətində dini ayrı-seçkilik aparıcı ideologiyadır. Ölkə daxilində belə insanlar dərilərinin rənglərinə görə, irqi ayrı-seçkiliyə məruz qalırlar.

Daim demokratik dəyərləri ilə seçilən ölkə beynəlxalq aləmdə bu sifətini qoruya bilmir. Azərbaycan-Ermənistan məsələlərinə münasibətdə bunu daha aydın görmək mümkündür. 30 il işğalçını müdafiə etmiş Yelisey sarayı ədalətli vasitəçi və münaqişələrə də hakim ola bilməz. Odur ki, Fransa qlobal münaqişələrdə vasitəçi olmaq kimi missiyadan da məhrum olur.
Ölkə iqtisadiyyatında elə ciddi inkişaf nəzərə çarpmır. Bunun başlıca səbəblərindən biri kimi onun iqtisadi əməkdaşlığı siyasi ambisiyalarına qurban verməsi göstərilir. Fransa kimi ölkədə əhalinin on faizi kasıblıq həddindən aşağı səviyyədə yaşayır. Ehtimal etmək olar ki, sosial-iqtisadi geriləməsi onun “Böyük Yeddilik”dəki (“G7”) yerinin laxlayacağını ehtimal etməyə əsas verir.

Beləliklə, 500 il Afrikada mövcud olan, Avropa İttifaqının aparıcı dövləti sayılan Fransanın çöküşü davam edir. Hazırda onun Afrikadan qovulmasının növbəti dalğası baş verir. Onun dünya gücü kimi səhnədən gedəcəyi gün də uzaqda deyil. Dünya ictimaiyyəti möhtəşəm imperiyalardan olmuş, demokratiya mərkəzi olaraq çıxış etmiş Fransanın iflasına tarixi şahidlik edir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir