Siyasət

Deputat: “Beynəlxalq təşkilatlar 30 il boyunca Ermənistanın Azərbaycana qarşı cinayətlərinə susublar” – FOTO

Sharing is caring!


“Bir müddət öncə Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması dünyada geniş əks-səda doğrumuşdu. Həmin vaxt beynəlxalq təşkilatlar Kaxovkadakı fəlakətə dərhal reaksiya vermişdi. Təbii ki, bu, tamamilə normal idi. Anormal olan isə Qərbin hadisələrə ikili standartlardan yanaşmasının növbəti dəfə ortaya çıxması idi. Məsələ burasındadır ki, Kaxovkaya görə dərhal ayağa qalxan beynəlxalq birlik 30 il boyunca Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi eyni cinayətlərə, ekoloji terrora susqun yanaşıb”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat Kaxovka olayını heç də təsadüfən xatırlatmadığını bildirib:

“Məsələ burasındadır ki, müharibədən əvvəl olduğu kimi, hazırda da Qərbin, bəzi aparıcı ölkə və təşkilatların Azərbaycana qarşı ikili standartlardan yanaşması davam edir. Əslində, bunu ikili standartlardan daha çox, ikiüzlü siyasət adlandırmaq olar”.

V.İskəndərov qeyd edib ki, Qərb bu ikiüzlü siyasəti indi də Ermənistanın yaratdığı “humanitar yük” şousu fonunda nümayiş etdirir:

“Mən bu yerdə “Caliber”in “Youtube” səhifəsində gedən materiala toxunmaq istəyirəm. Həmin materialda da qeyd edildiyi kimi, Rusiya-Ukrayna münasibətləri tarixində avqustun 12-si çox əlamətdar hadisənin baş verdiyi gün kimi yadda qalıb. Belə ki, 2014-cü ilin həmin günü “humanitar karvan”ın ilk partiyası Rusiyadan Ukraynanın Donetsk və Luqansk vilayətlərinə keçib.

Bu hadisədən səkkiz gün əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və BMT-yə münaqişə zonasına beynəlxalq humanitar missiyanın təşkil edilməsinə dair rəsmi müraciət ünvanlayıb. O bildirmişdi ki, Rusiya dəfələrlə Fövqəladə Hallar Nazirliyinin xətti ilə humanitar yardım karvanı göndərməyə cəhd göstərib, lakin buna hər dəfə Ukrayna hakimiyyəti tərəfindən imkan verilməyib. Materialda qeyd edilib ki, 2014-cü il avqustun 6-da Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Ukraynadakı humanitar vəziyyətlə bağlı təcili iclas keçirib. O vaxt Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan Vitali Çurkin BQXK nümayəndələrinin müşayiəti ilə Donetsk və Luqanska Rusiya humanitar karvanlarının göndərilməsi təklifini səsləndirmişdi. Amma Ukrayna və bir sıra Qərb ölkələri – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – bu təklifi dəstəkləməyiblər. Xüsusilə, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Samanta Pauer vurğulamışdı ki, ölkəsi Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcək. O zaman ATƏT-in sədri olmuş Didye Burkhalter isə söyləyib ki, humanitar yardım Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmalıdır. Kanadalılar, həmçinin qeyd ediblər ki, Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadığını bir daha nümayiş etdirir”.

Deputat qeyd edib ki, həmin vaxt Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymamaqda günahlandıran və bununla bağlı ciddi etiraz ortaya qoyan Qərb doqquz il sonra eyni ssenarinin Qarabağda təkrarlanması zamanı isə tamamilə başqa cür davranır:

“Məsələ burasındadır ki, Ermənistan hazırda doqquz il əvvəl Rusiyanın etdiyini təkrarlayır. Yəni Rusiyanın rolunu oynayır. Belə ki, bu ölkə Bakının razılığı olmadan Azərbaycan regionuna mənşəyi bəlli olmayan “humanitar yüklər” göndərməyə çalışır. Ermənistan sanki bunu öz ərazisinə göndərir. Azərbaycan isə Ukrayna rolundadır. Amma hadisə eyni olsa da, Qərbin münasibəti fərqlidir. ABŞ, Avropa İttifaqı ölkələri doqquz il əvvəl Rusiyaya qarşı sərgilədikləri sərt davranışı bu gün oxşar əməlləri Qarabağda törətmək istəyən Ermənistana qarşı sərgiləmirlər. Halbuki, Azərbaycan məhz doqquz il əvvəl Ukraynanın etdiyi kimi, xarici konvoyları öz regionuna yalnız lazım bildiyi marşrut üzrə buraxmağa hazırdır. Elə isə yüklərin həmin əraziyə necə çatdırılmasının sizin üçün nə fərqi var? Eyni yükü Qarabağa, lakin Azərbaycanın sizə göstərəcəyi yol və milli qanunvericiliyə uyğun gömrük rəsmiləşdirilməsi vasitəsilə göndərə bilərsiniz. Siz doqquz il əvvəl Ukraynada məhz buna israr edirdiniz. Bəs, sizin yanaşmalarınız niyə qəflətən dəyişib? Əslində, bu sualın cavabı, yəni səbəb hər kəsə bəllidir – Qərbin ikiüzlü siyasəti”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir