Siyasət

“Qərbin Donetsk və Qarabağdakı duruma əks mövqedən yanaşması ikili standartların təzahürüdür” – RƏY + FOTO

Sharing is caring!


“Qərb dövlətlərinin, xüsusilə Fransanın bir vaxtlar dediyini indi “unutması”, bu azmış kimi əks mövqe sərgiləməsi ikili standartların növbəti təzahürüdür”.

Bunu “Report”a açıqlamasında professor, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan Qərb dövlətlərinin bu cür qeyri-adekvat münasibətilə əvvəllər də rastlaşıb:

“Bu, göstərir ki, onlar baş verən proseslərə ancaq öz maraqları çərçivəsində yanaşırlar. Bunun üçün hətta lazım gələndə beynəlxalq hüququn tələblərini də görməzdən gələ bilirlər”.

S.Məmmədli qeyd edib ki, 2014-cü ildə Rusiyanın Donetsk və Luqanska yüklər daşıması təcrübəsi Azərbaycan üçün dərs olmalıdır:

“Həmin vaxt işğal altındakı ərazilərə humanitar yük adı ilə hərbi yüklər daşınmasına cəhd edilirdi. Amma haqlı olaraq bunun qarşısı alınırdı. Qərb dövlətləri Rusiyanın Ukraynaya ərazi bütövlüyünə hörmətlə yanaşmasını tələb edirdi. Həmin hadisənin üzərindən 10 ilə yaxın vaxt keçib. İndi görürük ki, beynəlxalq ictimaiyyət oxşar proseslə bağlı fərqli mövqe ortaya qoyur”.

Professorun fikrincə, hazırda Ermənistan hərbi-siyasi hakimiyyətinin Laçın yoluna yaxın ərazidə “humanitar karvan” düzməsi sadəcə şoudur:

“Rəsmi İrəvan beynəlxalq ictimaiyyət arasında Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışır. Amma rəsmi Bakı Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınmasına hazırdır. Biz bu barədə mövqeyimizi dəfələrlə bildirmişik. Hətta alternativ variantlar da düşünmək olar. Lakin heç bir halda Azərbaycanın ərazi bütövlüyü üçün təhdid yaranmamalıdır. Vaxtilə Ukraynanın suverenliyinə həssas yanaşan dövlətlər indi Azərbaycanla bağlı da eyni addımları atmalıdır”.

Ekspert düşünür ki, Azərbaycan Laçın yolu vasitəsilə yüklərin daşınmasına heç bir halda razı olmayacaq:

“Nəzərə almaq lazımdır ki, qarşı tərəf bununla bağlı bizə müraciət etməyib. Onlar bölgədəki rus sülhməramlıları ilə danışıblar. Bizə müraciət edilsə idi, bəlkə də müəyyən konsensus əldə edilə bilərdi. Ümumiyyətlə, istənilən yük mütləq yoxlanılmalıdır. Nəzarətsiz şəkildə bir kibrit qutusunun belə, Qarabağa keçirilməsinə imkan vermək olmaz. Biz bunun ağır nəticələrini əvvəlki illərdə – müharibədən əvvəl çox görmüşük”.

S.Məmmədli xatırladıb ki, Ermənistan Azərbaycanla Naxçıvan arasındakı quru yolu 30 ildir bağlayıb və bununla Naxçıvanı blokadada saxlayır:

“Niyə Qərb dövlətləri bu barədə bir söz demir? Axı İrəvan bu məsələ ilə bağlı loyal deyil. Bu isə o deməkdir ki, rəsmi Bakını ittiham etmək və bizdən nə isə tələb etmək tamamilə əsassızdır. Laçın yolu Azərbaycan ərazisidir. Deməli, yalnız bizim razılığımız olandan sonra ərazidən hansısa yüklər daşına bilər. Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, faktiki olaraq suverenliyimizə hörmət etmir və beynəlxalq ictimaiyyəti öz çirkin əməlinə şərik etməyə çalışır”.

Qeyd edək ki, 2014-cü ildə Rusiyadan Donetsk və Luqanska humanitar yük daşınırdı. O zaman ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Samanta Pauer vurğulamışdı ki, ölkəsi Rusiyanın Ukraynaya humanitar yardım çatdırmaqla bağlı birtərəfli addımını birbaşa işğal kimi qiymətləndirəcək. ATƏT-in sədri olmuş Didye Burkhalter isə söyləyib ki, humanitar yardım Ukraynanın ərazi bütövlüyünə hörmət edilmək şərti ilə çatdırılmalıdır. Kanadalılar həmçinin qeyd ediblər ki, Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadığını bir daha nümayiş etdirir.

İndi isə Azərbaycandan Laçın yolunda olmayan blokadanın aradan qaldırılması tələb edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir