Cəmiyyət

Yuli Qusman: “Xoşagəlməz şayiələr məni çox incitdi” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Ya uzaq səfərə, ya da elə şəhərə çıxanda əlimi tanrıya açıb, “Qarşıma işıqlı, nurlu insanları çıxar” alqışını diləyərəm o böyük yaradandan. Atamdan öyrənmişəm bu alqışı və diləyi.

İyul ayının üçüncü ongünlüyündə ata yurdumuz Qazaxıstana bu dəfə VIP salonda uçmalı oldum. Yerim təyyarənin ən birinci oturacağında, pəncərənin böyründə idi. Mənimlə yanaşı oturacaqda əyləşən yaşlı kişiyə salam verib, keçib pəncərə tərəfdə yerimi tutdum. Təyyarə qalxandan sonra yanımda oturan yol yoldaşıma bir də diqqətlə baxdım:

– Bağışlayın, siz Qusmanlara çox oxşayırsınız.

– Özüdür ki var… Mən Yuli Qusmanam.

– Ay, nə gözəl, bu nə xoş təsadüfdür , – deyib sonra sevincimi izhar edirəm. Hətta boynunu qucaqlamaqdan belə çəkinmədim. Belə həmsöhbətlə səssiz yol getmək günahdır.

Söhbətimiz şirin alınır. Deyir ki, kiçik qardaşı Mixail Qusman Şuşada keçirilən Qlobal Media Forumuna gəlib. O da fürsətdən istifadə edib, ad günü ərəfəsində üç günlüyə yolunu Bakıdan salıb. Deyir, avqustun 8-də 80 yaşı tamam olacaq. Yubiley öncəsi Vətənə baş çəkən Qusman indi İstanbula, oradan isə ABŞ-yə – evinə gedəcək. Səhhəti ilə bağlı narahatlığı olduğundan forumda iştirak edə bilməyib.

Söz sözü, söhbət söhbəti çəkir. Soruşuram:

– Yuli Solomonoviç, göyün doqquzuncu qatındayıq… Tanrıya, yaradana yaxınıq. Təyyarə havaya qalxanda əllərimi açıb tanrıdan diləklərimi dilədim. Bəs siz təyyarədə uçanda nə düşünürsünüz?

– Bu gün, əslində, hər kəs yaradana çox yaxın olmalıdır. Çünki dünyada yaşamaq çətinləşib. Ağrı-acılar, göz yaşları çoxalıb.

– Acıları azaltmaq üçün müharibələrə son qoymaq lazımdır, deyilmi?

– Əlbəttə. İnsanlara gülüş, sevinc vermək lazımdır. Mən Bakıda doğulmuşam. Evimiz indiki Əlövsət Quliyev küçəsində, Qaraşəhərin yanında idi. Balaca, şəraitsiz otaqlarımız var idi. Baxmayaraq ki, atam və anam yüksək vəzifədə idilər. Atam Solomon Moiseyeviç Qafqaz Hərbi Konfederasiyası üzrə tanınmış həkim-professor idi. Anam Lola Barsuk isə pedaqoji elmlər doktoru, professor idi. İnstitutda dərs deyirdi. Aza qane olub yaşayırdıq. Elə komfortumuz da yox idi. İnsanlar bir-birini sevir, hörmət edirdilər. Mən sevinirəm ki, yenə də gəlib doğma Vətənimi, Bakını gördüm. Azərbaycanı çox sevirəm. Onun uğurlarına sevinirəm. Bu bir həqiqətdir. Mən hər zaman Bakının adamları, dənizi, havası, meyvələri, paytaxt üçün darıxıram. Bakının havasını heç nəyə dəyişmərəm. Baxırsan ki, indi şəhər dəyişib. Ürəyi, ruhu isə heç dəyişməyib. Bakı həmişə olduğu kimi, qonaqpərvər, incə və gözəldir.

Arada stüardessadan rica edirəm, şəklimizi çəkir. Yuli Qusman ona təmiz bakılı ləhcəsində “Çox sağ olun…” deyir. Stüardessa bizim üçün yemək gətirir. Mən həmsöhbətimə viski içməyi təklif edirəm:

– Yuli Solomonoviç, bəlkə, göy üzündə görüşümüzü qeyd edək, bir viski içək?

– Yox, mən içmək istəmirəm. İstəyirsinizsə, siz için.

– Əsla, siz içmirsinizsə, mən də içməyəcəyəm.

– Tələbəlik illərində içirdim. Sonra ara verdim. Qardaşım Mişa daha yaxşı içir. Mən tək-tək hallarda – ya Novruz bayramında, ya da Yeni il şənliyində bir badə içərəm. Mənim temperamentim elədir ki, içkisiz də şənlənməyi bacarıram. Şərabı ona görə içirlər ki, əhval-ruhiyyə yüksək olsun. Ümumiyyətlə isə Azərbaycan şərablarını çox sevirəm. Keçmişdə “Ağ süfrə”, “Dəllər”, “Ağdam” şərabları məşhur idi. İndi isə çoxdur yaxşı şərablar… Növləri də çoxalıb.

Yuli Qusman 1943-cü ildə Bakıda doğulub. İlk ali təhsilini Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda alsa da, sonralar yaradıcılıq sahəsinə daha çox meyil edib. Yuli və Mixail Qusman qardaşlarının həm də jurnalist istedadları olduğunu hər birimiz yaxşı bilirik.

Ona veriləcək suallarım çoxdur, müsahibə almaq istədiyimi deyəndə isə o da bir az siyasi hazırlığından, bir az da jurnalist peşəkarlığından istifadə edib, daha çox Bakı haqqında danışmağa üstünlük verir:

– Mən indi Bakıya baxıram və düşünürəm ki, bu şəhəri başqa necə gözəlləşdirmək olardı ki? Bakı həmişə gözəl olub. Yenə yaraşıqlıdır, yenə gözəldir. Dostlarımı gözəllik görmək üçün həmişə Bakıya dəvət etmişəm. Uşaqlığımın yaddaşında bir Qaraşəhər var. Uşaqlarla oraya çimməyə gedirdik. (Onun uşaqlıq dostları, məhəllə uşaqları Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Elmar Məmmədyarov olub – red.) Mənim yaddaşımda Nizami parkı, neft emal edən zavodlar qalıb. Külək bərk əsəndə Qaraşəhərdən Bakıya doğru neft qoxusu gəlirdi. Baxmayaraq, şəhəri elə tikmişdilər ki, külək neft qoxusunu şəhərə az yaysın. Lakin külək elə küləkdir də… Ona biz yol göstərə bilmərik ki…

İndi Qaraşəhər dönüb olub Ağ Şəhər. Liman tərəfdən gələndə şəhərin yeni görkəmi, dənizkənarı bulvarın görüntüsü adamı valeh edir.

Yuli Qusman elə danışır ki, mənə sual verməyə imkan olmasın. Mən də nəzakət xətrinə sözünü kəsmirəm.

– Mən rəhmətlik Heydər Əliyevlə çox yaxın dost idim. Fəxr edirəm ki, onunla dost olmuşam. Çox maraqlıdır ki, bu il onun 100 illik yubileyi oldu, mənim isə avqustun 8-də 80 yaşım tamam olur. Bu il bizim yubileylərimizin ilidir.

– Bu ilin oktyabrındasa mənim 60 yaşım tamam olacaq. Yubileyimdir.

– Sən hələ cavan qızsan.

Ürəkdən gülürəm. Fikirləşirəm ki, bakılı oğlanın komplimenti lap əla oldu.

– Sözüm ondadır ki, mən o vaxtlar da Heydər Əliyevin ölkəni necə inkişaf etdirdiyinin şahidi olmuşam. İndi isə belə düşünürəm ki, Mehriban Əliyeva da, İlham Əliyev də Azərbaycanı, Bakını gözəlləşdirmək üçün əllərindən gələni edirlər. “Qorxma, mən səninləyəm” filminin bir hissəsini İlisuda çəkirdim. O zaman İlisuya gedən yollar bərbad halda idi. İllər keçəndən sonra “Qorxma, mən səninləyəm” filminin ikinci hissəsini də yenə orada çəkməli oldum. İndi başqa bir İlisu var idi. Hər tərəf işıqlı, yollar abad, gözəl şərait… O enli küçələri, meydanları tanımadım. Hara baxsan, göz oxşayır. Bu inkişaf məni çox sevindirir, qürur duyuram.

– Nəinki İlisu, Azərbaycanın hər yeri, Bakı elə gözəlləşib ki… Bakının gözəl keçmişi olduğu kimi, gələcəyi də çox gözəl olacaq. Buna əminəm.

– Dünyanın ən dadlı ənciri avqustun sonu, sentyabrın əvvəlində Bakıda yetişir. Doğrudur, indi Xəzər dənizi bir az geri çəkilib. Lakin nə fərqi var, Bakıdan çıxıb gedən deyil ki, yenə də bizimdir. Ümumiyyətlə, Bakının sakinləri, azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər. Mənim doğma Vətənimə yersiz hücumlar başlayanda, onun haqqında xoşagəlməz şayiələr yayılanda çox incimişəm. İndi də bu məni incidir. Mən həmin adamlara oxuduğum 160 saylı məktəbdən danışıram. Deyirəm ki, bizim sinifdə 19 millətin nümayəndəsi oxuyub. Lakin biz heç vaxt kimin hansı millətdən olduğunun fərqinə varmamışıq. Bizim sinifdə yeddi şagird qızıl medal almağa iddialı idi. Mən, iki azərbaycanlı, rus, iki də erməni idi: Saakyan və Sarkisov. Bax medalı o iki erməni aldı. Bakı üçün uydurulan erməni miflərinin hamısı yalandır. Bakı həmişə beynəlmiləl şəhər olub. Doğulandan 40 il müddətində Bakıda yaşadım. Bu şəhərdə mən insanların necə xoşbəxt və mehriban bir ailə kimi yaşadıqlarının şahidi oldum. Heç bir millət, xalq haqqında yaman söz eşitmədim, burada heç kim sıxışdırılmadı.

– Mən hələ gəncliyimdə dəfələrlə Qarabağa getmişəm. Orada mənim Stepanov, Gevorkov… adlı erməni dostlarım var idi… Hər kəs mehriban dost, qardaş kimi yaşayırdı.

– Şuşada Media Forumu keçirildi. Səhhətimlə əlaqədar mən o forumda iştirak edə bilmədim. Lakin qardaşım Mixail Qusman Forumun qonaqlarındandı. Bütün bu Zəfər Azərbaycanın və onun xalqının, onun rəhbəri İlham Əliyevin xidmətidir.

– Deyirsiniz ki, Bakı Şərq gözəlidir…

– Ümumiyyətlə, Bakı bu gün həm Şərqin, Avrasiyanın, həm də Avropanın möhtəşəm şəhəridir. Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində Bakı, doğrudan da, cazibədar görünür. Bu mədəniyyətlər Bakının küləkləri kimi bir-birinə qarışaraq səba yeli yaradır.

Mən bu doğma şəhərimi öyməkdən heç vaxt yorulmuram. Bakı nefti ilə 1941-45-ci il müharibəsində qələbə qazanıldı. İndi isə neftdən gələn gəlir, ölkəyə gələn valyuta Vətənimin çiçəklənməsinə sərf olunur.

Mənim beş nəsil şəcərəm Bakıda yaşayıb. 1835-ci ildə Qusman ailəsi neft mütəxəssisi kimi buraya yerləşib. Ailədə nənə-babadan başqa, 12 oğlan və iki qız olub. Ulu nənəmin məzarı da Bakıdadır. Uşaqlarıma da, nəvələrimə də hər zaman Bakıdan, onun insanlarından, havasından, meyvəsindən, suyundan, qumundan, qarpızından, əncirindən danışıram ki, unutmasınlar. Dünyanın ən dadlı albalısı Argentinada yetişir. Ən dadlı qarpız Azərbaycanda və Həştərxanda bitir. Ən şirin əncir və üzüm isə Bakıdadır.

– Ancaq uzun illərdir ki, ABŞ-də yaşayırsınız, yəqin, Bakı əncirini dadmırsınız…

– Əncirin mürəbbəsini tapırıq. Lakin təzə əncir və xartutu buradan ABŞ-yə göndərmək olmur. Yəni istəsən də, gəlib oraya çıxan deyil. Bakı ənciri heç yerdə bitmir. Bakı, ola bilər ki, Dubaydan, Əbu-Dabidən, Türkiyənin bahalı kurortlarından geri qalsın, lakin Bakının insanlarından heç yerdə yoxdur. Onların koloriti başqadır. Ona görə də bizim ailənin bütün üzvləri ildə bir dəfə də olsa, Bakıdakı evimizə gəlirik ki, buranın havasını-suyunu dadaq, ruhunu könlümüzə köçürək.

– Yuli Solomonoviç, deyirsiniz ki, 80 yaşınız tamam olur. Nədir sizi belə cavan saxlayan?

– İnsan gərək pislik etməsin, xəbis olmasın, xəyanət etməsin… Bacarırsa, yaxşılıq etsin. Onun qəlbinin rahatlığının işığı üzə nur verəcək.

Bakupost.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir