Siyasət

İşğaldan azad edilmiş hansı ərazilərdə bələdiyyələr yaradılmalıdır? – ŞƏRH + FOTO

Sharing is caring!


“44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız tarixi zəfər keçmiş qaçqın və məcburi köçkünlərin yerli özünü idarəetmə hüququndan istifadəsinə imkanlar yaratdı. Artıq Böyük Qayıdışın başlaması, bəzi ərazilərimizə əhalinin köçürülməsi bələdiyyələrin formalaşdırılması haqqında təklifləri artırıb”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib. Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu günə kimi heç bir zaman bələdiyyə mövcud olmayıb:

“Torpaqlarımızın işğaldan azad olunması və həmin ərazilərdə genişmiqyaslı abadlıq, quruculuq, tikinti işlərinin aparılması, infrastrukturun yaradılması və bərpa edilməsi vətəndaşlarımızın geri dönməsinə böyük şərait yaradır. Təbii ki, bu şəraitdə əhali ərazilərə qayıtdıqda yerli özünü idarəetmənin yaradılması məsələsi də gündəmə gəlir. Amma hazırda bir sıra həm qanunvericilik, həm təşkilati işlər görülməlidir ki, bu mümkün olsun. Qeyd edilən bölgələrdə geniş quruculuq həyata keçirilir, minalardan təmizləmə fəaliyyəti davam edir. İnfrastruktur layihələrinin reallaşdırılması, şəhərlərin qurulması, kəndlərin yaradılması və prezidentin imzaladığı sənədlərə əsasən, soydaşlarımızın qeyd edilən torpaqlara geri qayıdışı təmin edilir.

Hesab edirəm ki, həmin ərazilərdə bələdiyyələrin formalaşdırılması üçün də müəyyən işlərə başlamaq olar. Ümumiyyətlə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əsasən, onların mülkiyyətində müəyyən torpaq sahələri olmalıdır. Bunun üçünsə ilk növbədə azad edilmiş ərazilərdə inzibati ərazi bölgüsü, torpaq islahatı aparılmalıdır. Torpaqların növü, torpaq mülkiyyətinin formaları müəyyən olunmalı, bundan sonra müvafiq bələdiyyələr yaradılmalıdır.

Müvafiq qanunvericiliyə görə, azad edilmiş ərazilərdə bələdiyyələrin yaradılması üçün “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna dəyişiklik edilməli olacaq. Yalnız bütün vətəndaşlarımız qeyd edilən ərazilərə, köçdükdən sonra bu reallaşa bilər. Bələdiyyələr ərazisində qeydiyyatda olan vətəndaşlardan formalaşır, həmin vətəndaşlar tərəfindən seçilirlər. Bütün əhali ora köçürülüb, qeydiyyat tamamlandıqdan sonra qanuna dəyişikliklə bələdiyyələr formalaşacaq, bələdiyyə seçkisi elan olunacaq. İndiki məsələ üçün hələlik bunlar qeyri-real görünür”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir