Siyasət

Hindistanın Ermənistanla hərbi əməkdaşlığı: Nyu-Dehlini dalana aparan yol – ŞƏRH + FOTO

Sharing is caring!


Cənubi Qafqazda maraqlarını həyata keçirmək istəyən bir sıra dövlətlər Ermənistandan alət olaraq yararlanırlar. Hindistan da belələrindəndir. Onun Ermənistanla ticari-iqtisadi əlaqələri, demək olar ki, çox aşağı səviyyədədir. Ancaq rəsmi Nyu-Dehli İrəvanla əməkdaşlığı genişləndirməkdən danışır. Onlar, əsasən, hərbi-texniki sahədə əməkdaşlıq edirlər. İki ölkə arasında hərbi əməkdaşlığa dair 250 milyon dollarlıq müqavilə mövcuddur.

Hələ ötən ilin payızında Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana səfəri çərçivəsində ölkənin müdafiə naziri Şri Racnath Sinqhlə görüşmüşdü. Tərəflər ikitərəfli hərbi, hərbi-texniki əməkdaşlığa dair məsələləri müzakirə etmişdilər. Tərəflər arasında imzalanan müqaviləyə görə, Hindistan qarşı tərəfə 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemi, adı çəkilməyən tank əleyhinə raket kompleksi, müxtəlif sursat verəcək. Qeyd edək ki, hələ 2020-ci ildə Hindistan Ermənistana 40 milyon dəyəri olan dörd “Swathi” kontr-batareya radarı tədarük etmişdi.

Hərbi-texniki əməkdaşlıqla yanaşı, rəsmi İrəvanla Nyu-Dehli arasında ticarət dəhlizinin yaradılmasına dair müzakirələr davam edir. “Şimal-Cənub dəhlizi” adlanan layihəyə əsasən, bu yolun Hindistanın Mumbay limanından İrana, Azərbaycandan yan keçməklə Ermənistana, oradan isə Avropaya çatması nəzərdə tutulub. Bu, İranın uzun illərdir arzuladığı İran-Ermənistan-Gürcüstan-Qara dəniz layihəsini də yada salır. Tehranla İrəvanın bu arzusu arzu olaraq qalır. Çünki Ermənistan və İran riskli ölkələr sayıldıqlarından onlara bu layihənin reallaşması üçün heç bir ölkə, beynəlxalq maliyyə qurumu kredit ayırmaq istəmir. Başqa tərəfdən isə layihə siyasi-iqtisadi cəhətdən səmərəli də sayılmır. Odur ki, Hindistan-İran-Ermənistan “dəhlizi” də daha çox dalan olacaq. Çünki Ermənistan hazırda çoxsaylı problemləri və xarici ianələr hesabına mövcud olan iqtisadiyyatı, regionda oynadığı pozucu fəaliyyəti ilə dalan rolundadır.

Ötən gün Hindistan İrandan keçməklə Ermənistana hərbi təyinatlı yük tədarük edib. Yayılan videolarda İranın Nurdüz sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb. Məlumata görə, bu yük hərbi təyinatlıdır. Silahların tədarükçüsü Hindistandır. Bu, Azərbaycana qarşı iddialarından əl çəkməyən revanşist-işğalçıya yardım olaraq dəyərləndirilə bilər. Çünki rəsmi Nyu-Dehli Cənubi Qafqazda İran və Ermənistanla birlikdə Türkiyə-Azərbaycan-Pakistan üçlüyünə alternativ yaratmağa çalışır. Rəsmi Bakı regionda sülh, təhlükəsizlik, əməkdaşlıq istiqamətində fəaliyyət göstərir, maraqlı tərəflərlə əlaqələrin qurulmasına çalışır. Hindistan isə Ermənistanı silahlandırmaqla regionda sülhü, əməkdaşlığı və təhlükəsizliyi təhdid edir. Bununla da rəsmi Nyu-Dehli regionda pozuculuq fəaliyyəti göstərən İrəvanın şəriki olur.

Qeyd edək ki, Fransa və İran da Ermənistanın silahlanmasında aparıcı rollardan birini oynayır. 44 günlük müharibədə Rusiyadan göndərilən silahların İrandan keçərək Ermənistana ötürülməsinin ləkəsini Tehran hakimiyyəti heç vaxt yuya bilməyəcək. Belə çıxır, İrandakı rejim Hindistandan gələn hərbi texnikanın Ermənistana çatması üçün işıqtutma funksiyasını hələ də davam etdirir. Belə ehtimal etmək olar ki, Rusiya Ermənistandan çıxacağı halda yarana biləcək boşluğu İran və Hindistan doldurmağa çalışırlar. Tehran təbii qaz, Hindistan isə hərbi texnika tədarük etməklə onu əvəzləməyə çalışır. Bu baxımdan Hindistan Cənubi Qafqazda müharibəni alovlandıran xarici qüvvələrdən birinə çevrilir.

Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar bu ilin əvvəlində Azərbaycanla ölkəsi arasında ticarət dövriyyəsinin 2005-ci ildəki təqribən 50 milyon dollardan 2021-ci ildə 739 milyon dollara çatdığını deyib. O, 2022-ci ildə artımın davam edərək 1 milyard 882 milyon dollara yüksəldiyini vurğulayıb.

Prezident İlham Əliyev mayın 19-da Hindistanın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən də üstüörtülü şəkildə Hindistanın Ermənistana hərbi yardımından bəhs edərək sürətlə silahlanmanın yeni təhlükələr yaratdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, doğrudan da, Ermənistan Azərbaycanla sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Hindistan hakimiyyətinin Ermənistanla hərbi-texniki əməkdaşlığı təkcə geosiyasi məsələyə bağlı olduğunu deməklə kifayətlənmək sadəlövhlük olardı. Rəsmi Nyu-Dehli belə davranışı ilə həm də antiislam fəaliyyəti göstərir. Baş nazir Narendra Modinin yürütdüyü siyasət və qəbul edilən qanuna əsasən, Hindistanda ancaq mühacir müsəlmanlara, o cümlədən Kəşmirdən olanlara vətəndaşlıq verilmir. Müsəlman olduqları üçün aktyorların boykot edilməsi hadisəsi də bu hökumətin zamanında baş verir. Təhlilçilər bildiriblər ki, Hindistan hökumətinın antiislam fəaliyyəti davam edərsə, ölkənin yenidən parçalanması qaçılmazdır.

Mahatma Qandi müstəmləkəçiliyə qarşı dinc yolla mübarizə aparıb. Çünki o, bu savaşda haqlı idi. Mahatma (sanskritcə “ali ruh” deməkdir) həm də Hindistan xalqının mənəvi atası sayılır. Modinin Hindistanı isə silahlı münaqişəni qızışdıran təhrikedici rolda çıxış edir. Hindistan üçün heç bir siyasi, iqtisadi əhəmiyyəti olmayan Ermənistana silah satması Nyu-Dehlinin “ali ruh”un yolundan dönməsi deməkdir. Bu halda Hindistan haqsızdır. Mahatma haqlı olduğu üçün dinc mübarizədə qalib oldu, Modinin Hindistanı isə Ermənistanla hərbi-texniki əməkdaşlıq timsalında haqsızlıq etdiyi üçün dalanda qalacaq. Onda isə həm kişvəri fani olacaq, həm də ləşgəri…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir