Siyasət

Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə beynəlxalq ictimaiyyətə müraciət edib

Sharing is caring!


Azərbaycan Baş Prokurorluğu Ermənistanın ekoloji cinayətləri ilə bağlı beynəlxalq və xarici tərəfdaşlarına əməkdaşlıq barədə müraciət edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“Azərbaycan Respublikasının Baş Prokurorluğunda Araz çayı və onun sol qolu olan Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair müxtəlif mənbələrdən daxil olmuş, o cümlədən yerli və xarici mediada dərc olunan məlumatlar üzrə araşdırma davam etdirilir.

Müəyyən edilib ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Çirklənmə nəticəsində Oxçuçaya tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium və digər ağır metallar olan zəhərli tullantılar axıdılır. Mövcud istehsalatda problemlərin həll olunmamasına baxmayaraq, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşası aparılır. Bu işdə, həmçinin, aparıcı dünya dövlətlərindən olan xarici investorlar beynəlxalq və öz ölkələrinin daxili qanunvericiliyinin tələblərinə zidd olaraq heç bir ətraf mühitin mühafizəsi normalarına riayət olunmasını təmin etmirlər. Dağ-mədən obyektlərinin fəaliyyət göstərməsi və yenilərinin tikilməsi minlərlə insanın həyat və sağlamlığı üçün təhlükə törədir.

Odur ki, Azərbaycan Respublikasının baş prokuroru tərəfindən BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının tələbləri rəhbər tutularaq obyektiv araşdırma aparılması, eləcə də qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə müvafiq xarici və beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin İqtisadi Komissiyasına, həmçinin Böyük Britaniyanın və Almaniyanın Ekologiya nazirliklərinə müraciət edilmişdir.

Müvafiq araşdırmalar zamanı dağ-mədən obyektlərinin işinin düzgün təşkil olunması, bu zaman ətraf mühitin mühafizəsi tələblərinə dönmədən riayət olunması şərt kimi göstərilərək müəssisələrin fəaliyyəti nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyən edilməsində əməkdaşlıq təklif edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bəyan edilir ki, yol verilən qanun pozuntuları ilə bağlı bütün hallar obyektiv araşdırılmaqla milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlər görüləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir