Siyasət

Brüssel formatında altıncı cəhd – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


Bu gün Brüsseldə ən yüksək səviyyədə növbəti üçtərəfli görüş olacaq. Görüş ərəfəsində rus sülhməramlılarının nəzarətindəki ərazilərdə separatçıların təxribatları artıb. Azərbaycanın Qarabağda qanunsuz silahlı birləşmələrə qarşı hərəkətə keçmə vaxtı əvvəlkilərdən daha yaxın görünür.

Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alıb. Bu, dövlət başçıları arasında sayca Brüssel formatında altıncı görüşdür. Bundan öncəki görüş bu il mayın 14-də baş tutub.

Prezident Ilham Əliyev artıq Brüsseldədir. Dövlət başçısının Şarl Mişellə görüşü baş tutub. Paşinyan da dünən axşam Brüsselə yollanıb.

Qeyd edək ki, Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin səlahiyyət müddətinin bitməsi tarixi yaxınlaşdıqca, Qərbin sülh danışıqları prosesindəki fəallığı, həmçinin regionda hərarət artır. Regional temperaturun qalxmasının motivləri çoxşaxəlidir, burada böyük güclərin maraqlarının kəsişməsi bir nömrəli problemdir. Rusiya regionda təsirlərini saxlamaq, mübahisəli məsələləri idarə etmək, imperiya maraqlarına yeni nağıllar yükləmək xəttini üstün tutur. Hərçənd ki, Rusiyanın Ukraynada üzləşdiyi problemlər onun xarici siyasətindəki kursuna təsir göstərir. Kremlin düşdüyü vakuum Qərbin Moskvanın geosiyasi alətlərini əlindən almaq cəhdlərinə gətirib çıxarır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Münaqişə bitsə də…

Düzdür, Azərbaycan tərəfinin “Qarabağda münaqişə bitib” mövqeyi nəzəri mülahizələrə deyil, real dəyərləndirmələrə, regiondakı nizamın dəyişməsinə əsaslanan arqument toplusunun tərkib hissəsidir. Münaqişənin bitməsini Qərb də, Rusiya da qəbul edir, lakin Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin qalması onların əl-qolunu açır. Bu durum qlobal oyunçular üçün əlverişli fürsətlər yaradır. Buna görə də Azərbaycan regionda bitib-tükənməyən maraqları problemli gələcəyə deyil, səmərəli əməkdaşlıq platformasına söykəmək üçün tərəflər arasındakı rəqabətin strateji yüklərini balanslaşdırmalıdır. Tarazlıq aktının təmini üçün Ermənistanın revanşist məqsədlərinə qida verən bütün kanallar qapadılmalı, İrəvan mütləq məğlubiyyəti dərk edərək xarici siyasətindən tutmuş, doktrinasına qədər geniş dəyişikliklərə getməlidir. Azərbaycan bunu tədricən Ermənistanı sülhə məcburetmə aktı kimi həyata keçirir, İrəvanın başı üzərinə qılınc qaldıraraq ona olan beynəlxalq inamın sarsıdılmasına nail olur, hərbi arsenalını sıradan çıxarır. Amma Ermənistandan vasitə kimi istifadə etmək, alınan nəticələri Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquq və mənafelərində üstün imtiyazlar kimi qəbul etdirmək cəhdləri hələ ərşə çəkilməyib. Qarabağda separatçıların son zamanlar aktivləşməsi, Azərbaycanın hərbi mövqelərinə qarşı təxribatlar törətməsi də, onların kiməsə arxalanmasının nişanəsidir.

Azərbaycan bir neçə cəbhədə “döyüşür”

Separatçıların bel bağladıqları tək Rusiya və Qərb deyil, həm də İrandır. Bu məqamda rəsmi Tehranın regional siyasətindəki ştrixlərə baxmaq zərurəti yaranır. İran tək Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da regional nizamı pozmaq qabiliyyətini gözə soxmağa çalışır. Onun son məqsədi münaqişələrin mövcudluğu ilə özünün proksi qüvvələrinin yetişdirilməsi arasında səbəb-nəticə əlaqəsi qurmaqdır. İran üçün separatizmin alovlanması münaqişələrin yarada biləcəyi boşluqlara sızaraq proksi qüvvələr formalaşdırmağa münbit şərait yaradılması deməkdir. Başqa sözlə desək, münaqişənin davam etməsi Tehranın regional siyasətindəki ambisiyalara xidmət edir. Məntiqlə Tehran Qarabağda separatçılığın dirçəldilməsi üçün istənilən oyunçu ilə sövdələşməyə hazır görünür. Bu məsələdə İranla Fransanın üst-üstə düşən maraqlar fonunda gizli əməkdaşlıq mənzərəsi yaranır. Göründüyü kimi, Qarabağ məsələsindəki baza tək Rusiya və Qərb üçün deyil, həm də İran üçün çağırışlar ortaya qoyur. Belə olduqda anlaşılır ki, Azərbaycan neçə cəbhədə “döyüşür”.

Hərəkətə keçmək vaxtıdır

Bu durumda Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə məsləhətləşmələrdən sonra Qarabağda qanunsuz silahlı birləşmələrə qarşı hərəkətə keçmə vaxtı əvvəlkilərdən daha yaxın görünür. Çünki separatizmin bəslənməsi kritik səviyyəyə çatana qədər Azərbaycan terrorçuluğa nəfəslik verən pəncərələri bağlamalı, bölgədə mümkün eskalasiyanın qarşısını almalıdır. Hərb maşını Azərbaycanın çəkindirmə qüvvəsidir, bu mühərrikin bir neçə silindri var, onu əsasən dörd qrupda təsnif edə bilərik:

– Genişmiqyaslı əməliyyat apara biləcək peşəkar güc; 

– Ordunun antiterror əməliyyatlarını yerinə yetirəcək bölmələri;

– Taktiki dərinliklərdə əməliyyatlar aparan komando qüvvələri;

– Strateji dərinliklərdə “səssiz” əməliyyatlar keçirə biləcək xüsusi təyinatlı qüvvələr.

Heç kimə sirr deyil ki, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası şərtlərinin İrəvan tərəfindən qəbul edilməməsi zamanı sərhəddə, daxili təhlükəsizlik məsələlərinin rəvan getməsi üçün isə Qarabağda paralel zamanlı əməliyyat apara biləcək gücə sahibdir. Azərbaycan mövqeyində qətidir. Ancaq regiondakı nizam, digər bölgələrdə baş verənlərin Cənubi Qafqazda yandırdığı işıqları təhlil etmək vacibdir. Bunun üçün strateji təmkin nümayiş etdirilməlidir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynadakı taktiki uğursuzluqları olsa da, müharibə hələ bitməyib, nəticələr barədə fikirlər bildirmək tezdir, ancaq uyğun zaman olan kimi, Azərbaycanın separatçıları tamamilə zərərsizləşdirəcəyinə şübhə yeri qalmır. Yəni regiondakı qarşıdurmalar, gərginliklər Azərbaycanın Ermənistan üzərində davam edən təzyiqlərinə təkan verəcək, çünki gələcək eskalasiyadan xilas yolu manipulyasiyalara yol açacaq mənbələrin aradan qaldırılmasıdır. Rusiya sülhməramlı qüvvələrinin regionda qalma müddətinin 5 ildən yuxarı artırılması cəhdlərinə yol verməmək Azərbaycan üçün prioritetdir, çünki Kremlin Qarabağdakı hərbi mövcudiyyəti bir müddətdən sonra bölgədə güclərin maraqlarını kəskinləşdirə bilər. Buna görə də Qarabağda elə bir stabillik yaratmaq lazımdır ki, Rusiya sülhməramlıların qalması üçün heç bir bəhanə tapmasın.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir