Siyasət

Sahibə Qafarova Almaniya XİN-in dövlət naziri ilə görüşüb – FOTO

Sharing is caring!


Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən verilən məlumata görə, qonağı salamlayan Milli Məclisin sədri Azərbaycanın Almaniya ilə münasibətlərinin bugünkü inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.

Azərbaycanın Almaniya ilə həm ikitərəfli formatda, həm də Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlığından söz açan spiker Sahibə Qafarova, Avropa İttifaqı ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib, hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.

İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolundan danışan parlamentin spikeri, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin mart ayında Almaniyaya səfərinin nəticələrinin əhəmiyyətini vurğulayıb.

Münasibətlərimizin möhkəm hüquqi bazaya söykəndiyini və Almaniyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğunu deyən spiker, Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən söz açıb, Almaniyanın aparıcı şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib.

Azərbaycan-Almaniya dostluq əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın önəmini vurğulayan spiker, yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb, parlamentlərarası dostluq qruplarının üzərinə düşən vəzifələri qeyd edib, onların müntəzəm qarşılıqlı səfərlərinin təşkil olunmasının, əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparılmasının vacibliyini bildirib.

Spiker Ermənistanın 30 il ərzində davam etmiş işğalçılıq siyasətinin ağır nəticələrindən, davam edən mina terrorundan söz açıb. Sahibə Qafarova bildirib ki, Azərbaycan işğaldan zərərçəkən tərəf olsa da, regionda uzunmüddətli sülhün əldə olunması üçün sülh təşəbbüsü ilə çıxış edib. Ermənistan tərəfi mövcud reallıqları nəzərə alaraq, Azərbaycanın bu təşəbbüsünü lazımınca dəyərlənləndirməlidir.

Söhbətdə qonaq Almaniyanın Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrlə yanaşı, parlament səviyyəsində də inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Dövlət naziri hər iki ölkənin qanunverici orqanları arasındakı münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin və görüşlərin, təcrübə, həmçinin informasiya mübadiləsinin aparılmasının vacib olduğunu qeyd edib. Qonaq Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpa olunmasının qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir