Siyasət

Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan arasında sülh Qərbdən çox Rusiya üçün daha vacibdir”

Sharing is caring!


İyunun 12-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşü müəyyən səbəblərə görə təxirə salınıb. 

Siyasi ekspertlər hesab edirlər ki, bu görüşün təxirə salınması fonunda Rusiya öz imkanlarını yenidən səfərbər edəcək. Sülh prosesindəki moderatorluğunu Qərbə güzəştə getməmək üçün Kreml yeni addımlar atacaq.

Təsadüfi deyil ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə bir araya gəlmələri gözlənilir. Yəqin ki, bu görüşdə əsas müzakirə mövzularından biri də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələsi olacaq.

Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bizim.Media-ya açıqlamasında bildirib ki, XİN rəhbərlərinin görüşü bütün hallarda baş tutacaq:

“Son bir ayda həm Brüsseldə, həm Moskvada, həm də Kişineuda keçirilən görüşlərin yekunu bu oldu ki, bütün tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlıdır. Nəzərə alaq ki, iki ölkə arasında sülhün əldə olunması Rusiya üçün daha çox əhəmiyyətlidir. 

Çünki, sülh nəticəsində fəaliyyətə başlayacaq nəqliyyat dəhlizi Rusiyaya əlavə dividendlər gətirəcək. Bu dəhliz Ermənistan üçün də vacibdir. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, kommunikasiyaların bərpası onlar üçün həyati əhəmiyyət kəsb edir”.

Sabiq nazir onu da qeyd etdi ki, Zəngəzur dəhlizi, təbii ki, Azərbaycan üçün də az əhəmiyyətli deyil:

“Ən azından Naxçıvana quru yolu əldə edirik. Bu dəhliz fars körfəzinə və Avropaya çıxış üçün də Azərbaycana əlavə imkanlar açır. Çünki, Şimal-Cənub nəqliyyat dəhlizinin əsas seqmenti olan Rəşt-Astara dəmir yolunun inşası ən azı 2-3 il vaxt aparacaq. Təbii ki, Zəngəzur dəhlizində də dəmir yolunun inşası vaxt aparacaq. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsi yenidən tikilməlidir. Bu da xeyli vəsait və vaxt tələb edir. Amma bütün tərəflər, o cümlədən də Rusiya maraqlıdır ki, dəhliz açılsın”.

Elmar Məmmədyarov sülh sazişinin perspektivlərindən də danışıb:

“Ermənistanla Azərbaycan arasında sülh sazişi nə qədər tez imzalansa, daha yaxşıdır. Amma bu saziş olmasa belə, Azərbaycan öz inkişaf yolundan geri qalmayacaq.  

Sülh sazişi daha çox Ermənistana lazımdır. Çünki, Ermənistan dinc qonşuluq şəraitində yaşamaq istəsə, daha çox qazanar. Və sülh sazişinin Qarabağdakı ermənilərlə münasibətə heç bir aidiyyəti yoxdur. Çünki, Qarabağ Azərbaycanın daxili işidir. Və cənab Prezidentin dediyi kimi, bu məsələ beynəlxalq müzakirələrə açıq deyil. Ona görə də indiki məqamda Rusiyanın yox, Ermənistanın özünü necə aparmağından çox şey asılıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir