Cəmiyyət

Qəzalı vəziyyətdə olan Sərsəng su anbarı nə vaxt istifadəyə veriləcək?

Sharing is caring!


Qarabağ iqtisadi rayonunda yerləşən və 47 ildir ki, istismar edilən Sərsəng su anbarı qəzalı vəziyyətdədir. 30 il erməni işğalında olan anbara heç bir texniki baxış keçirilməyib, hidrotexniki qurğular yenilənməyib, bəndlər bərkidilməyib. Bu səbəbdən Sərsəng su anbarında həm texniki, həm də ekoloji problemlər getdikcə artır.

Qeyd edək ki, Sərsəng su anbarı Qarabağda əsas elektrik enerjisi mənbəyidir.

Maraqlıdır, işğaldan azad edilən Sərsəng su anbarının istismarı üçün işlərə başlanıbmı?

Məsələ ilə bağlı Bizim.media-ya danışan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayevin sözlərinə görə, Sərsəng su anbarında hazırda qiymətləndirmə işləri həyata keçirilir:

“Bilirsiniz ki, Sərsəng su anbarı ordumuz tərəfindən işğaldan azad edilib. Artıq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisləri su anbarındadırlar. Sərsəng su anbarı 30 il işğal altında olduğu vaxtda orada təmir-bərpa işləri aparılmayıb.

Hazırda mütəxəssislərimiz tərəfindən orada qiymətləndirmə işləri aparılır. Bütün qurğulara baxış keçirilir. Qiymətləndirmə işləri aparıldıqdan sonra hansı işlərin görüləcəyi bəlli olacaq. Təbii ki, buna müvafiq olaraq tədbirlərə başlanacaq”.

Sarvan Ağayev əlavə edib ki, Sərsəng su anbarının ekoloji fəlakətlə üz-üzə qalması ilə bağlı hələ ki məlumatsızdırlar:

“Sərsəng su anbarı işğalda olduğu müddətdə ermənilər tərəfindən bizə suvarılma dövründə, əsasən, yay aylarında su verilmirdi. Suyu lazım olmayan vaxtlarda buraxırdılar ki, o zaman da istifadə edə bilmirdik. Artıq Sərsəng su anbarı ərazimizdədir və ondan 20 kilometr aşağıda Suqovuşan su anbarı yerləşir. Artıq heç bir təhlükə yoxdur və mütəxəssislərimiz gecə-gündüz orada fəaliyyət göstərəcəklər. Suyun tənzimlənməsi həyata keçəcək. Yəni suyun buraxılması və ya hər hansı təhlükə olmayacaq”.

Xatırladaq ki, mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.

Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mVt olan su elektrik stansiyası tikilib.

Onu da bildirək ki, Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bu günlərdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır.

Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir