Siyasət

Arzu Nağıyev: “Ərdoğanın qalibiyyəti bütün dünya türkləri üçün mühüm amildir”

Sharing is caring!


“Türkiyədə keçirilən seçkilərin nəticələri təkcə qardaş ölkə üçün deyil, bütün türk dünyası, eyni zamanda Azərbaycan üçün önəmlidir. Rəcəb Tayyib Ərdoğanın yenidən lider olması Türk dünyasının qələbəsidir”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Deputat vurğulayıb ki, Ərdoğanın apardığı siyasət – iqtisadi, siyasi, hərbi, regional və bütün istiqamətlərdə birmənalı şəkildə Azərbaycanın siyasəti ilə üst-üstə düşür: “Bu xətt Türk Dövlətləri Təşkilatının, müsəlman dünyasının maraqlarına cavab verir. Ona görə, məhz Ərdoğanın qalibiyyəti bütün dünya türkləri üçün mühüm amildir. Dövlətlər arasında dostluq, qardaşlıq məfhumu ümumi maraqlardan sonra gəlir. Bu, xarici siyasətin əsas istiqamətidir. Azərbaycanla Türkiyə arasında ümumi maraqlarla bərabər, dostluq, qardaşlıq, möhkəm bağ var. Son hadisələr, Azərbaycanda 44 günlük müharibə, Türkiyədə zəlzələ və s. göstərdi ki, ölkələrimiz qədər bir-birinə yaxın başqa dövlət yoxdur. Bu baxımdan qətiyyətlə qeyd etmək olar ki, məhz Türk dünyası qazandı. Ərdoğanın yenidən lider seçilməsi bütün Türk dünyasına mühüm töhfədir. Türkiyədə seçki vaxtı da, seçkidən öncə də prosesləri izlədiyimə görə əminliklə deyirəm ki, qardaş ölkəyə Ərdoğan kimi lider lazımdır. Çünki bir çox millətlərin məskunlaşdığı bir ölkədə birliyin olması vacibdir. Bu qələbənin ölkənin daha da möhkəmlənməsinə dəstəyi böyük olacaq”.

Qeyd edək ki, Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələrinə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan yenidən lider seçilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir