Siyasət

28 May – Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Sharing is caring!

Müstəqillik Günü milli dövlətçilik tariximiz baxımından son dərəcə əhəmiyyətlidir. Prezident İlham Əliyev 15 oktyabr 2021-ci il tarixdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən, 28 may – Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edilib. Bu gün xalqımız Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 105-ci ildönümünü qeyd edir. 105 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinə, şübhəsiz ki, hər birimizin qəlbində xüsusi yeri var. Elə bir azərbaycanlı tapmaq olmaz ki, 28 May tarixini qürur hissi ilə xatırlamasın.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə çox işlər görülsə də, Cümhuriyyətin ömrü uzun sürmədi və 23 ay sonra hərbi müdaxilə nəticəsində Azərbaycan 1920-ci ildə Sovet İttifaqına birləşdirildi. 1920-ci ildə Azərbaycanın Sovet İttifaqına birləşdirilməsi bir daha göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi və Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkənin çətin dönəmində məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı və stabilliyi təmin etməklə, Azərbaycan inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladı.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
1918-ci il, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqı üçün tarixi hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan və onun xalqı üçün növbəti şanlı tarixi qələbə və nailiyyət oldu. Ali Baş Komandanın qətiyyətli mövqeyi və bu il 105 illiyi qeyd ediləcək şanlı Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, qəhrəmanlığı və təbii ki, yüksək milli ruh və güc sayəsində Azərbaycan Respublikası öz tarixi missiyasını yerinə yetirdi, yenidən öz ərazi bütövlüyünü bərpa etdi. Və artıq üç ildir ki, biz, 30 il ərzində qeyri-qanuni erməni işğalı altında qalmış Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin azad edilməsindən sonra, Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümünü ikiqat əlamətdarlıqla qeyd edirik.
Müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri məhz Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması və davamlı xarakter almasıdır. Dövlətimizin başçısının siyasi iradəsi nəticəsində daha da güclənən, sosial dövlətə çevrilən Azərbaycanda insanlar rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir. Respublikamızın kosmos dövlətə çevrilməsi, ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, ordumuzun daha da gücləndirilməsi müstəqilliyimizin bəhrələrindəndir. Ən əsası, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!

Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir