Siyasət

Zəngin dövlətçilik tariximizin müstəqillik zirvəsi

Sharing is caring!

Çoxəsrlik dövlətçilik tariximiz şanlı, şərəfli, qürurverici anlar və məqamlarla zəngindir. Mənəvi-siyasi və tarixi əhəmiyyəti müstəsna olan dəyərli və parlaq səhifələrdən biri də 105 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. Bu, sadə və sıradan deyil, möhtəşəm tarixi hadisə idi. Çünki Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoydu. Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar – bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək hüququ verildi ki, bu da tarixi nailiyyət hesab olunurdu. Bu nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ demək idi. Bu isə Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunun növbəti təsdiqi idi.
Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verərək deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”. Ulu öndər Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmasına dair Sərəncamını, 2007-ci il 25 mayda isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışını qeyd etməliyik. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur.Müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi nəinki bütün dövlətçilik ənənələrini bərpa etdi, həm də dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrildi. Azərbaycan bu gün regionun lider ölkəsi olmaqla bərabər, beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad göstərilən bir dövlətdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən,dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədə Qələbə qazanılması, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması isə çoxəsrlik dövlətçilik və müstəqillik tariximizin zirvə hadisəsidir. Müzəffər xalqın nümayəndələri, qalib dövlətin məğrur vətəndaşları kimi qürurla, iftixarla qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə dalğalanır, müstəqil Azərbaycanın qüdrətini, yenilməzliyini ifadə edir.

Fidan Yusifli,
Salyan rayon Seydan kənd ümumi orta məktəbin müəllimi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir