Siyasət

Haukur Hauksson: “Avropa Şurası üzv ölkələrin ərazi bütövlüyünü seçərək qoruyur” – İSLANDİYADAN RƏY

Sharing is caring!


Ötən həftə İslandiyanın paytaxtı Reykyavikdə Avropa Şurası (AŞ) Dövlət və Hökumət Başçılarının IV Zirvə Toplantısı keçirilib. Azərbaycanda forum həm xarici işlər naziri Ceyhun Bayramovun iştirak etməsi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Azərbaycanın 86 600 kvadrat kilometr ərazisini tanıdığını bir daha təsdiqləməsi ilə diqqət çəkdi.

Ümumiyyətlə, dünya mediası rəsmi Reykyavikin gözləntilərinin əksinə olaraq AŞ sammitinə çox az diqqət ayırdı. Daha çox Prezidenti Aleksandr Vuçiçin İslandiyaya gəlməkdən imtina etdiyi Serbiyanın demarşı barədə məlumat mediada öz əksini tapdı. Oxu.Az-ın xəbər verdiyi kimi, Serbiya AŞ-nin öz qətnaməsində Şuraya üzv olan bütün ölkələrin ərazi bütövlüyünü tanımasını təkid edib. Bura Kosovonun Serbiyanın tərkib hissəsi kimi tanınması da daxil idi. Ancaq Belqradın tələbi təmin olunmayıb.

İslandiyada AŞ-nin sammitinə reaksiya necə oldu?

Tanınmış islandiyalı jurnalist və şərhçi Harkur Hauksson Oxu.Az-a açıqlamasında bunun yerli standartlara görə böyük hadisə olduğunu deyib:

– İslandiya hökuməti ölkəyə belə mühüm forum keçirmək imkanı verildiyi üçün çox fəxr edirdi. Böyük gözləntilər var idi, səlahiyyətlilərimiz düşünürdülər ki, bu, bütün KİV-də əsas xəbər olacaq. Amma sonra məlum oldu ki, Qərb mətbuatında bu sammit haqqında az danışılıb və hakimiyyət bir qədər məyus olub.

– Sammitdən əvvəl böhran baş verdi və bu, Serbiya Prezidenti Aleksandr Vuçiçin Reykyavikə getməkdən imtina etməsi ilə nəticələndi. Məsələ ondadır ki, Belqrad Avropa Şurasının qətnamələrindən birinə Şuranın üzvü olan bütün dövlətlərin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan düzəliş tələb edirdi. Avropa Şurası bu düzəlişi rədd etdi. Belə çıxır ki, Avropa Şurası təşkilata üzv olan ölkələrin ərazi bütövlüyünü seçmə üsulu ilə tanıyır? İslandiyada insanlar bu barədə nə düşünürlər?

– İslandiyada siyasi elita cibdədir, Brüsselin əlindədir. Amma İslandiya cəmiyyəti sizin səsləndirdiyiniz sualı verir. Sosial şəbəkələrdə bu mövzu ilə bağlı çoxlu müzakirələr aparılıb. Avropada ölkələrin ərazi bütövlüyünü seçmə üsulu ilə qoruyurlar və bu, ya Avropa strukturlarının peşəkarlığının (bu mümkündür), ya da vicdansızlığının və ikiüzlülüyünün (böyük ehtimalla) göstəricisidir. Xalq forumlara toplaşan, bir-birini tərifləyən strukturlara, qlobalizmə həvəsli deyil.

Bundan əlavə, sammitin gündəliyinə görə anlaşılmazlıq yaranıb. Əsas mövzulardan biri də məlum səbəblərdən Ukrayna idi. İnsanlar çaşqınlıq içindədirlər ki, niyə heç kim insanların qanını, iztirablarını necə dayandırmaq barədə danışmır, niyə heç kim variant təklif etmir? Bunun əvəzinə hamı yalnız silah təchizatından danışır.

İnsanların razılaşmadığı növbəti məsələ də iqlim gündəmidir. Siyasi elita atmosferə karbon qazı emissiyası məsələsini şişirtməkdə davam edir.

– Avropa Şurasında birlik varmı? Axı Avropa Şurasının üzvü olan ölkələr bütün qətnamələrə yekdilliklə səs vermirlər. Eyni sammitdə Türkiyə, Azərbaycan, Serbiya və bəziləri sənədlərdən birini dəstəkləmədi…

– Bu, bir daha Avropa Şurasının seçici yanaşmasını göstərir ki, qətnamədə bir ölkə dəstəklənir, lakin oxşar problemləri olan digər ölkələrin adları çəkilmir. Onlar səssizcə oturmağa və sadəcə səs verməyə təşviq olunurlar. Bu, bir daha təkrar edirəm, Avropa Şurasının ikiüzlülüyünə dəlalət edir. Amma bəzi dövlətlər öz fikirlərinin olduğunu göstərdilər.

Bu foruma ev sahibliyi edən İslandiya elitası planeti xilas edərək dünyaya kömək etdiyinə inanır. Xalq isə bundan uzaqdır. İslandiya xalqı ilə hakimiyyət arasında fikir ayrılığı var. Sammit zamanı Reykyavik mərkəzinin bağlanması, evlərini tərk etməyin, mağazaya getməyin mümkün olmaması insanları şoka saldı. Mayın əvvəlindən hakimiyyət xarici qoşunları dəvət edib. Küçələr hərbçilər, xüsusi polis qüvvələri (məsələn, Danimarkadan), pulemyotçular tərəfindən patrul edildi, helikopterlər uçdu.

Daha anlaşıqlı olmaq üçün izah edim: İslandiyanın öz ordusu yoxdur, yalnız sahil mühafizəsi var, lakin bunlar ümumi qəbul edilmiş mənada silahlı qüvvələr deyil. İslandiya dinc ölkədir və buna görə də başqa dövlətlərdən silahlı əsgərlərin meydana çıxması islandiyalılarda çox çətin və mənfi təəssürat yaratdı.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir