Siyasət

Deputat: “Xocalı, Ağdaban, Başlıbeldəki cinayətlərlə 1918-ci ildəki soyqırımının heç bir fərqi yoxdur” – FOTO

Sharing is caring!


“1998-ci ildən etibarən ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Erməni millətçilər azərbaycanlılara və türklərə qarşı tarixi düşmənçilik nümayiş etdirərək sistemli, mütəşəkkil və müntəzəm olaraq müxtəlif cinayətlər törədiblər. Bu çirkin və faşist siyasətin son mərhələsi 1988-1991-ci illərdə Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyaya, etnik təmizləməyə və soyqırımına məruz qalmaları, 1991-1993-cü illərdə isə tarixi, əzəli və əbədi torpağımız olan Qarabağın işğal olunması idi”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü və tarixdə ermənilərin soydaşlarımıza qarşı törətdikləri çoxsaylı cinayətlərə münasibət bildirərkən deyib.

M.İbrahimqızı bildirib ki, bu baxımdan erməni millətçilərin onları dəstəkləyən havadarları ilə bölgəmizdə son üç yüz il ərzində törətdikləri cinayətin tarixinə nəzər salmaq kifayətdir:

“Erməni millətçilərin xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin tariхinin ХVIII əsrin əvvəllərindən başladığı tarixi dəlillər, elmi araşdırmalarla sübut edilib. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan Çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda – Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər.

Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub. 

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdu. Uydurma “Böyük  Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarlar XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər.

Bakı şəhərində başlayan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdı. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-07-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Qeyd etmək lazımdır ki, təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında yeddi kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə bir edilmişdi.

1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdı”.

Deputat onu da qeyd edir ki, azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində, rəsmi mənbələrə əsasən, onminlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib:

“Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda Daşnaksütyun partiyasının dörd minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlılar bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər.

Həmin dəhşətli  günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurlar Şamaxıda səkkiz minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə, əhalisi ilə birgə məhv edilmişdi. Gümrü yaxınlığında, əsasən, qadınlardan, uşaqlardan və qocalardan ibarət üç min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv etmiş, 3 257 kişi, 2 276 qadın və 2 196 uşaq öldürmüşdülər. Bütövlükdə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50 000 azərbaycanlı isə qaçqın düşmüşdü. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə bir edilmişdi. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-20-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdi. Minnətdarlıqla bildirməliyik ki, erməni faşistlər tərəfindən törədilən bu soyqırımının qarşısı 1918-ci ildə general Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn Qafqaz İslam Türk Ordusu tərəfindən qəhrəmanlıq və fədakarlıqla alınıb.

1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi. Əslində, bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb”.

“1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edildi. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və xarici dillərə tərcümə olundu. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb.

Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.

Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıblar. Xüsusi qeyd etmək lazımdır ki, ötən illərdə erməni vandallarının xalqımıza qarşı törətdikləri cinayətləri təhlil edərkən bu cinayətlərin bir-birindən fərqlənmədiyinin şahidi oluruq. Belə ki, Birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Ağdabanda, Başlıbeldə baş vermiş cinayətlərlə 1918-ci ildə baş vermiş faciələrin heç bir fərqi yoxdur. Yenə də eyni ssenari, məqsəd və mahiyyət. Eləcə də 44 günlük Vətən müharibəsi zamanı Gəncənin, Bərdənin və digər ərazilərin qadağan olunmuş silahlarla, raketlərlə vurulması və ya işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə qarşı törədilmiş vəhşilik ermənilərin dəyişməyən xislətini bir daha sübut edir.

Son olaraq minnətdarlıqla xatırlatmaq istərdim ki, 2018-ci ilin yanvar ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” xüsusi Sərəncam imzalanıb. Çox təəssüf ki, dünya və beynəlxalq təşkilatlar tərəfindən hələ də erməni faşizminə münasibət bildirilməyib və hüquqi, siyasi qiymət verilməyib. Əslində, erməni vandalların törətdikləri bütün bu cinayətlər BMT-nin soyqırımı ilə bağlı qəbul etdiyi məlum konvensiyasının bütün maddələrinə cavab verir. 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə üzə çıxan erməni təcavüzkarlarının cinayətlərinin izləri də azərbaycanlıların tarixən soyqırımına məruz qaldıqlarını bir daha sübut edir”, – deyə M.İbrahimqızı qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir