Cəmiyyət

AQTA bəzi milli parklarda vəhşi quşları ovlayacaq

Sharing is caring!


Azərbaycanın bölgələrində quş qripi ilə bağlı monitorinqlər aparılacaq.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 8-12-də keçiriləcək monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında və Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq.

Bildirilir ki, eyni zamanda, həmin müddətdə Bakı şəhərində və Abşeron, Xızı, Şabran, Xaçmaz, Cəlilabad, Astara, Neftçala, Sabirabad, Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin və Abşeron, Xızı, Şabran, Siyəzən, Lənkəran, Astara, Salyan, Neftçala, Biləsuvar, Ağcabədi rayonlarının ailə təsərrüfatlarında laboratoriya müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.

“Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi də nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir