Siyasət

Beynəlxalq Koalisiyanın üzvləri xocalıların qətl edildiyi “Ölüm dəhlizinə” səfər ediblər – FOTO

Sharing is caring!

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının (“Khojaly: Reconcile to Recognize Coalition”) nümayəndələri xocalıların qətl edildiyi Xocalı ilə Ağdam arasında yolda yerləşən “Ölüm dəhlizinə” səfər ediblər.

1992-ci il 26 fevral tarixində erməni yaraqlı dəstələri tərəfindən Xocalı işğal edilərkən, erməni terrorçuları guya bu yolun “humanitar koridor” kimi təmin edilməsini bildirmiş, lakin elə həmin koridorda yüzlərlə dinc insanı qətlə yetirmişdilər.

“Report”un məlumatına görə, koalisiya üzvü olan xarici hüquq müdafiəçiləri Xocalı faciəsi şahidləri ilə də görüşüblər. Məşhur hüquq müdafiəçisi, “Srebrennisa Anaları” Assosiasiyasının sədri, özü Srebrennisa qətliamı zərərçəkənlərindən olan Munira Subaşiçin Xocalıda əsir götürülmüş, qanlı hadisə zamanı 3 günlük qızını itirmiş Mehriban Vəkilova ilə təsirli söhbəti o gecə bütün insani dəyərlərin erməni vandalizmi tərəfindən tapdaq altına atıldığının daha bir sübutu oldu.

Daha sonra koalisiya üzvləri humanitar dəhlizin “Ölüm dəhlizi”nə çevrildiyi, Xocalının cəmi 9 kilometrliyində yerləşən məkanda günahsız qurbanların xatirəsinə yadigar olaraq zeytun ağacı əkiblər. Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında isə koalisiyanın şüarını əks etdirən “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil” (“Without justice there’s no trust, without trust there’s no reconciliation”) yazılmış xüsusi poster yerləşdirilib.

İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqonun səsləndirdiyi Beynəlxalq koalisiyanın bəyanatında qeyd olunub ki, sülhə gedən yol ədalətdən keçir və qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticələrinin aradan qalxması ilə nail olmaq mümkündür:

“Bu gün biz Xocalının 9 km-liyindəyik, “ölüm dəhlizinə” çevrilmiş dırnaqarası “humanitar dəhlizdəyik”. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Münaqişənin bitdiyi, Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxalq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək zamanıdır. Bu cəhdlər cəzasızlıq və susqunluğa son verilməsi, Xocalı barədə ədalətə nail olması və yalnız belə bir sağlam əsasda sülhün əldə olunmasını hədəfləməlidir”.

Xocalı qətliam dəhlizinə səfəri çərçivəsində xarici qonaqlar Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər, burada dəfn edilmiş faciə qurbanlarının ruhlarına dualar oxuyublar. Ağdama səfər çərçivəsində qonaqlara Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə məlumat verilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir