Siyasət

İran nə etmək istədiyini özü də bilmir – ŞƏRH + FOTO

Sharing is caring!

“İranın Münhen Təhlükəsizlik Konfransına çağırılmaması Avropa tərəfindən ötürülən çox ciddi siyasi mesaj oldu”.

Bu sözləri Oxu.Az-a deputat Aydın Mirzəzadə ötən gün start götürən 59-cu Münhen Təhlükəsizlik Konfransına İran rəhbərliyinin dəvət edilməməsinin səbəblərindən danışarkən deyib. O qeyd edib ki, dövlət və hökumət başçılarının, böyük şirkət rəhbərlərinin qatıldığı önəmli beynəlxalq tədbirə İran hakimiyyəti əvəzinə müxalifətin dəvət edilməsi, Avropanın İran dövlətinin gələcəyini indiki müxalifətdə gördüyünü nümayiş etdirir:

“Avropa bunu konkret ifadə etmir. Amma bu gün küçələrə çıxan yüz minlərlə İran vətəndaşının səsinə qulaq asmaq lazımdır. Rəsmi Tehran vətəndaşlarının etirazlarını dinləməlidir.

Qərb və İranın münasibətlərinin bundan sonra necə olacağına gəlincə, Avropa kimi güclü siyasi-iqtisadi bölgə İrana belə kəskin yanaşırsa, bu o deməkdir ki, cənub qonşumuz təcrid oluna-oluna gedir. İranın bəlkə də yeganə yaxşı münasibət gördüyü ölkə Azərbaycan idi. Azərbaycana qarşı isə siyasət yürüdülməsi, anti-Azərbaycan mövqeyi və bəyanatları, Tehrandakı səfirliyimizə qarşı terror aktının təşkili Azərbaycan-İran münasibətlərini soyutdu və minimal vəziyyətə çatdırdı. Mənə elə gəlir ki, İran nə etmək istədiyini özü də bilmir. İslam dövləti qonşularının, demək olar, hamısı ilə münaqişədədir. İran beynəlxalq hüquq normalarına qarşı sayğısızlıq edir, özünün protestlərə çıxan vətəndaşlarına qarşı zor tətbiq edir.

İranın daxilindəki proseslərin nə vaxt, nə ilə nəticələnəcəyini heç kim deyə bilməz. Amma bu gün İranda çox ciddi proseslər gedir və İran hakimiyyəti bunu nəzərə almalı, xalqla dialoqa getməlidir.

Görünən odur ki, İranda vəziyyət daha da pisləşəcək, etirazlar kəskinləşəcək”.

Qeyd edək ki, 59-cu Münhen Təhlükəsizlik Konfransına İran rəhbərliyi dəvət edilməsə də, İran müxalifətindən nümayəndələri iştirak edirlər. Bu məsələ xarici ekspertlər tərəfindən Avropanın İrandan üz döndərməsi, açıq və ciddi mesaj kimi qiymətləndirilib. 

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir