Siyasət

MHP-li millət vəkili: “Azərbaycandan gələn dəstək əzmimizi artırır”

Sharing is caring!

“Bu ağır günlərində Türkiyəyə dünyanın hər yerindən dəstək gəlməkdədir. Türkiyə humanist mövqeyinin qarşılığını alır. Amma qardaş ölkəmiz Azərbaycandan gələn yardımlar, edilən dəstəklər bizi həddən artıq məmnun edir və əzmimizi artırır”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili Kamil Aydın bildirib.

Millət vəkili deyib ki, bu hüznlü, ağır günlərdə xalqla dövlətin birliyi də Türkiyəni qətiyyətli edir, sarsıtmır:

“Şükürlər olsun ki, soydaşlarımızın bu ağır günlərini öz fəlakətləri kimi düşünüb yardım əli uzatmaları dövlətimizin mənəvi gücünü artırır. Böyük itkilərdir, ölənlərin sayı 30 mindən çox, yaralıların sayı 80 mini keçib. Dünyanın hər yerindən də dəstək gəlir. Bu, onun göstəricisidir ki, dünyada insanlıq ölməyib, humanizm ayaqdadır. Xüsusilə, yenə də çətin günün dostu can Azərbaycanın dəstəyi bizi çox sevindirir, motivə edir. İlk gün yaşadığımız çətinliyi azaldır”.

Millət vəkili əlavə edib ki, zəlzələnin təsirinə məruz qaldığı bölgələrdə qəribə həyat hekayələri ilə rastlaşıb:

“O qədər emosional hekayələr var ki, bunlar gələcəkdə qələmə alınası nüanslardır. Azərbaycandan bir tələbəm İstanbulda 1 000 qoğal hazırlayıb, təyyarə ilə gedib zəlzələ bölgələrində paylayıb, sonra yenidən qayıdıb, təkrar hazırlayıb aparıb. Amerikada təhsil alan övladlarımız belə ətraflarındakı insanları cəlb edərək, Türkiyəyə yardım etməyə çalışırlar. Biz bir-birimizi əziz tutan türk millətiyik. Əminəm ki, birlik-bərabərlik ruhu ilə bütün bu çətinliklərin öhdəsindən gələcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir