Siyasət

“Ermənistanla birləşib bizə qarşı çıxış edən qonşunun milli bayramı bizə lazım deyil” – RƏY + FOTO

Sharing is caring!

“İran xalqını əsarətdə saxlayan molla rejimi Azərbaycana, bütövlükdə bütün türk dünyasına qarşı düşmənçilik aparır”.

Bu sözləri Oxu.Az-a şərhində Milli Məclisin deputatı Elman Məmmədov deyib. İranda milli bayram hesab olunan inqilabın ildönümü ilə bağlı bu ölkənin Bakıdakı səfirliyinin keçirmək istədiyi tədbiri ləğv etmək məcburiyyətinə toxunan deputat bildirib ki, Ermənistanla qardaşlıq münasibətlərini hər gün getdikcə gücləndirib bizə qarşı çıxış edən bu dövlətin heç bir milli bayramı azərbaycanlılara lazım deyil:

“İran Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktına görə məsuliyyət daşıyır. Bu teraktın hesabatı verilməmiş, günahkarları cəzalandırılmamış Azərbaycanda “milli bayram” qeyd etmək niyyətinə düşürlər. Belə olan halda bayram bizim nəyimizə lazımdır? Üstəlik, qardaş Türkiyədə minlərlə insanın dəhşətli zəlzələdə həlak olduğu bir vaxtda. Təbii fəlakətdən əziyyət çəkən Türkiyəyə bütün dünya kömək edir, yardımlar göndərir, İran isə bayram qeyd etməyin dərdindədir. Nə qədər Allahsız, dinsiz olmaq lazımdır ki, bu addımı atasan?! Hələ bunu Azərbaycanda etməyə cəhd göstərirlər. Bu qəsdən edilir. Arada diqqəti öz üzərlərinə çəkərək, Azərbaycanla Türkiyənin dostluğuna xələl gətirməyə çalışırlar.

İran Ermənistanla birlik qurduqca regionda sabitlikdən, əmin-amanlıqdan danışmaq mümkün deyil. Halbuki İran və Ermənistan getdikcə bir-birlərinə daha sıx bağlanır, birlikdə hərəkət edir, qardaşlıq nümayiş etdirib, təxribatlar planlaşdırırlar”.

Elman Məmmədov xatırladıb ki, Azərbaycan müstəqillik qazandığı ilk gündən İran bunu həzm edə bilmir:

“Birinci Qarabağ müharibəsi dönəmində İran Azərbaycana kifayət qədər ziyan vurdu, ermənilərin Azərbaycan torpaqlarını işğal etmələrinə şərait yaratdı. Sonrakı 30 il ərzində də işğal altında olan ərazilərimizdə nə var idisə Ermənistanla birlikdə talan etdi, dağıtdı. Ərazilərimizi bir növ narkotik plantasiyasına çevirmişdilər.

44 günlük Vətən müharibəsi zamanı da İranın destruktiv addımları gözümüzün qabağında idi. Vətən müharibəsindəki qələbəmizdən sonra Tehranın düşmənçiliyi artıq açıq müstəviyə keçdi. “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” deməklə rəsmi Tehran mövqeyini tam ortaya qoydu”.

Xatırladaq ki, İranın Azərbaycandakı səfirliyi islam inqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə fevralın 10-u, axşam saatlarında Bakıdakı hotellərin birində rəsmi tədbir keçirməyi planlaşdırmışdı. Hətta bununla bağlı rəsmi qurumlara dəvətnamələr də göndərilmişdi. Ancaq sonradan səfirlikdən tədbirin ləğv edildiyi bildirilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir