Siyasət

“İranın laqeydliyi və məsuliyyətsizliyi özünü son hadisədə göstərdi” – ŞƏRH + FOTO

Sharing is caring!

Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumdan sonra Tehran şəhərində yerləşən diplomatik nümayəndəliyimizin fəaliyyəti dayandırılıb. Bununla bağlı açıqlama verən xarici işlər nazirinin müavini Xələf Xələfov terror aktına görə İran tərəfinin məsuliyyət daşıdığını bəyan edib.

X.Xələfov onu da qeyd edib ki, Azərbaycan səfirliyinin mühafizəsinin, səfirlikdə çalışan əməkdaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız və inamımız yoxdur:

“Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə, təhlükəsizlik tədbirlərini artırsınlar. Baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşıb və nəticədə bu terror aktı baş verib”.

Azərbaycan və İran arasında diplomatik münasibətlərin bundan sonra necə davam edəcəyi haqqında Oxu.Az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev rəsmi Tehranın gərginliyi pik vəziyyətə çatdırdığını vurğulayıb. Onun sözlərinə görə, baş vermiş terror aktı ilə İran tərəfi diplomatik səviyyədə ona göstərilən inamı itirdi:

“Azərbaycan səfirliyinə silahlı hücum edilib, terror aktı törədilib və İran tərəfi bu cür ciddi hadisəni məişət səviyyəsində təqdim etməyə çalışaraq, məsuliyyətdən yayınmağa cəhd etdi. İran 40 milyona yaxın azərbaycanlının onun ərazisində yaşadığını unutmamalı, belə məsələlərdə daha ciddi mövqe sərgiləməli idi. Səfirliyimizin qorunmasını ən primitiv şəkildə həyata keçirən bu dövlət Vyana konvensiyasının müddəalarını pozmağın məsuliyyətini ayrıca daşıyır.

Son hadisələrdən ciddi nəticələr çıxarmaq, önəmli addımlar atmaq lazımdır. Prezident İlham Əliyev səfirliyimizə hücumun birmənalı şəkildə terror aktı olduğunu qeyd etdi. Bu, Azərbaycanın ərazi bütövlüyünə, diplomatik missiyasına qarşı vəhşi təxribatdır. Hazırda hadisə ilə əlaqədar Tehrandakı səfirliyimizin fəaliyyəti dayandırılıb, orada sadəcə səfirliyin ərazisinin, bir sıra avadanlıqların mühafizəsini həyata keçirən əməkdaşlar qalırlar, yəni bu, diplomatik missiya demək deyil.

Təbrizdə yerləşən konsulluğumuz isə fəaliyyətini davam etdirir. İranda azərbaycanlıların sayı çoxdur, orada yaşayan, işləyən vətəndaşlarımız var. Onların bir sıra problemlərini həll etmək üçün konsulluğumuz qalmalıdır”.

Arzu Nağıyevin fikrincə, İran tərəfi gərginliyi daha da böyütməyə çalışsa, bu ölkə ilə mövcud olan  diplomatik əlaqələrə tamamilə son qoyula bilər:

“Çünki İran beynəlxalq konvensiyalara uyğun olaraq öz öhdəliyinə düşən missiyanı həyata keçirmir. 1965-ci ildən İran Vyana konvensiyasının üzvüdür. Azərbaycan isə 1992-ci ildə buraya qatılıb. Bizim qarşılıqlı şəkildə bir-birimizə hərtərəfli diplomatik qulluq göstərmək haqqında razılaşmamız var. Azərbaycan bu razılaşmaya əməl edir, İranın laqeydliyi və məsuliyyətsizliyi isə özünü son hadisədə göstərdi.

Rəsmi Tehran ciddi düşünməlidir ki, fəaliyyəti Azərbaycanla diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxarmasın. Durmadan Azərbaycanın düşmənini dəstəkləmək, Azərbaycana qarşı təxribatlara əl atmaq, iqtisadi, siyasi, mənəvi, dini məsələlərlə əlaqədar ittihamlara, müdaxilələrə yol vermək və s. bu kimi hərəkətlər regionda qonşuluq münasibətlərinə xələl gətirir. İran qonşuluq siyasətini normal həyata keçirməlidir. Əks halda rəsmi Tehranla diplomatik bağlarımız tamamilə qopacaq”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir