Siyasət

Azərbaycan səfirliyinə qarşı terrorun pərdəarxasında dayananlar: İki versiya – TƏHLİL

Sharing is caring!

Azərbaycanın İrandakı səfirliyinə bu səhər edilən hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov öldürülüb, digər iki nəfər isə yaralanıb.

Azərbaycanla İran arasındakı münasibətlərin ipdən asılı olduğu zamanda bu terror aktına xüsusi həssaslıqla yanaşılmalıdır.

Sual: Bu terror həmləsi kimə lazımdır?

Hələlik məsuliyyəti İran dövlətinin istəkləri ilə əlaqələndirmək bir az tezdir, amma nəticə olaraq Tehran səfirliyin təhlükəsizliyinə cavabdehdir. Bu, adi təhlükəsizlik prosedurudur.

Deməli, texniki məsuliyyətdən İran üzüağ çıxmadı, burada açılan digər pəncərənin önünə bu sual gəlir: Tehran bu hücumun arxasında dayana bilərmi?

Azərbaycan Xarici İşlər Nazirliyi hücum barədə yaydığı məlumatda terror hadisəsini “xain hücum” adlandırdı. Böyük ehtimalla terror aktının Bakıya qarşı geniş fəaliyyətin tərkib hissəsi olduğunu anons etdi və prosesin arxasında kimin durduğuna işarə vurdu. İran üzərinə projektor salınanda bəzi qaranlıqların aydınlanması mümkündür.

I versiya

İranda SEPAH kimi radikal hərbi-siyasi dairələr daim xaricdə düşmən axtarışındadır və son zamanlar özlərinin bu siyahısında Azərbaycanın da adını qabardırlar. Əvvəllər bu, gizli idisə, artıq hər şey aşkar fazadadır.

Həmin dairələr İran hökumətinə də təsir edirlər və onları öz əllərində kuklaya çevirirlər.

Ötən ilin oktyabrında Şirazdakı Şahçıraq ziyarətgahında terror aktı törədildi. İran bu terror aktının “iz”ləri ilə gedərkən gəlib Azərbaycanın üzərinə “çıxdı” və məsuliyyəti Bakıya yükləməyə çalışdı. İndi İran Azərbaycan səfirliyinə silahlı basqınla “mən qisas aldım” görüntüsü yaratmaqda maraqlı tərəf kimi çıxış edə bilər.

İranın qisas əməliyyatlarının strateji xətləri dəfələrlə zədələnib, Azərbaycan mükəmməl şəkildə Tehranın yaratdığı şəbəkənin dalğalarını zəiflədib və molla rejiminin məkrli planlarını ifşa edib.

Ancaq İran da dinc dayanan bir ölkə deyil, son zamanlar Azərbaycanın atdığı bəzi addımlar da Tehranı dəli, xəstə edir. Onlardan bir neçəsi:

1. Azərbaycanın İsraildə səfirlik açması;

2. Azərbaycanın Ermənistana qarşı iddialı gündəliyi və bunun üçün göstərdiyi iradə;

3. İranın kəşfiyyat-terror həmlələrinin dəf edilməsi;

4. Azərbaycanın İrandakı aksiyalar fonunda soydaşlarımızın hüquqlarını qabartması;

5. Davos Forumunda Azərbaycanın maraqlarının ön planda saxlanılması.

Bunları göz önündə saxlasaq, İran qisas almaq üçün böyük plan hazırlamaqda maraqlı tərəf kimi görünə bilər. 

II versiya

İrana qarşı beynəlxalq sistemin masasında yazılan ssenarilər dövriyyədədir və Azərbaycan da dərin konfliktlərdən əziyyət çəkməmək üçün tədbirləri gücləndirir. İranla münasibətlər normal olmadığına görə Bakı Türkiyə ilə strateji müttəfiqlik tələblərindən irəli gələrək Qərbdəki tərəfdaşları, İsrail, Rusiya ilə əlaqələri dərinləşdirmək çağırışını icra edir. Bu, ölkənin təhlükəsizliyi və regional təhlükəsizlik qayğılarından irəli gələn məsələdir.

Ancaq Azərbaycanı başqa avantüralara çəkmək niyyətində olanlar az deyil və mümkündür ki, səfirliyə hücumda belələrinin də marağı olsun. Burada isə bir nöqtə yenə İrana birləşir. O mənada ki, İrandakı radikal qüvvələr üçün bu terror aktını kimin törətməsi önəmli deyil. Çünki nəticədə Azərbaycanla münasibətlərin gərgin qalması İranın istəyindədir.

Burada ipucları axtararkən İranın hansı dövlətlə üzdə düşmən, arxada dost olduğunu araşdırmaq vacibdir, hərçənd ki, indi deyiləcəklər ikinci versiyanın altversiyası kimi görünəcək.

Diqqət edə biləcəyimiz digər məqam: Bu terror hadisəsini ilk qınayan ölkələr Türkiyə və Rusiya oldu. Türkiyə də bunu “xain hücum” adlandırdı, Rusiya da hadisəni pislədi. Ankara və Moskva bu hadisə ilə İranın hansı məqsədlər güddüyünü anlayırlar və yəqin ki, hər iki ölkənin kəşfiyyatı bu barədə xeyli məlumata sahibdir.

İranın açıqlaması isə təəccüb doğurur, Tehran terror aktını şəxsi əlaqələr zəminində az qala məişət hadisəsi kimi təsvir edir. Bunun özü də İrana qarşı şübhələri artırır.

Səfirliyin mühafizə xidmətinin, qəhrəmancasına şəhid olan xidmət rəhbərinin sayəsində daha böyük faciənin qarşısını almaq mümkün olub. Çünki həmin an səfirliyin binasında olan bütün əməkdaşların qətlə yetirilməsi planlaşdırılıbmış.

Mühafizəçi cəsarətli davranmasaydı, terrorçu qarşısına çıxan hamını güllələyəcəkdi. Terrorçu zərərsizləşdirilənə qədər təqribən yeddi-səkkiz güllə atıb. Nəzərə alsaq ki, səfirliyin binasında diplomatların ailələri də yaşayırlar, hücumçunun qarşısı alınmasaydı, itkilərimiz xeyli böyük olacaqdı.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir