Siyasət

Ukraynalı müfti: “Türkiyə və Azərbaycan müharibənin əvvəl günlərindən bizə kömək etdilər” – MÜSAHİBƏ

Sharing is caring!

2022-ci il fevralın 24-dən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra xeyli sayda ukraynalı müsəlman könüllü olaraq cəbhəyə yollandı. Ümumilikdə isə Ukraynada müsəlman əhalinin sayı bir milyona yaxındır.

Könüllü olaraq döyüşlərə qoşulan şəxslərdən biri də Ukrayna “Ümmə” Müsəlmanları Ruhani İdarəsinin keçmiş müftisi Səid İsmayılovdur. Səid İsmayılov öz işini buraxaraq Ukrayna Silahlı Qüvvələrində feldşerlər briqadasının tərkibində xidmət etməyə başlayıb. O, hazırda cəbhə xəttindən yaralıların təxliyəsi ilə məşğuldur.

Bir neçə gün əvvəl Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində dağıdılmış məscidin fonunda Quran ayəsini oxuyan Səid İsmayılovun videosunu sosial şəbəkələrdə çoxlu sayda insan izləyib.

Oxu.Az Ukrayna “Ümmə” Müsəlmanları Ruhani İdarəsinin yeni təyin edilmiş müftisi Murat Süleymanovla həmsöhbət olub. O, demək olar, bir ilə yaxındır davam edən müharibənin fonunda Ukrayna müsəlmanlarının vəziyyətindən danışıb.

– Mən ondan başlamaq istəyirəm ki, yaşadığımız bu çətin günlər Allahın bizə vədəsidir. Biz bunu Qurandan, Məhəmməd peyğəmbərin hədislərindən bilirik. Uca Allah bizi müsəlman, Allaha iman gətirən şəxslər olaraq imtahana çəkir. Bu sınaqlar bizim imanımızın, əqidəmizdə nə qədər möhkəm olduğumuzun, həqiqəti nə qədər dərk etdiyimizin sınağıdır. Təbii ki, bu, çətin sınaqdır, çünki müharibəni öz gözlərinlə görmək, raketlərin düşməyini izləmək, uşaqların göz yaşlarına şahidlik eşitmək asan deyil. Amma imamlar, din xadimləri oxuduqları xütbələrlə, verdikləri dərslərlə, görüşlər zamanı Ukrayna müsəlmanlarının həyatında çox mühüm rol oynadılar.  

Bizim məscidlərimiz bağlanmadı. Mən özüm Lvovda yaşayıram və müharibənin ilk gününü yaxşı xatırlayıram.  Həmin vaxt ailəmlə birlikdə Dneprdə müalicə alırdım. O zaman çoxlu sayda müsəlman Ukraynanın qərbinə, məhz Lvov istiqamətinə hərəkət edirdi. O zaman mən məscidimizin müharibə şəraitindəki əhəmiyyətini anladım. Təkcə müsəlmanlar deyil, çox adam bizə müraciət etdi, onları yeməklə, yataqla, istiliklə təmin etdik. Mən bir müsəlman, imam olaraq başa düşdüm ki, bu, Allahdan gələn bir imtahandır, biz bundan keçməliyik. Bu, bizə motivasiya verdi. Müsəlman yaşadığı ölkədə nə vaxtsa çətinliklərin olacağına da hazır olmalıdır. Müharibə isə kimin kim olduğunu göstərir. Yeri gəlmişkən, bizim islam mərkəzlərimizin əksəriyyəti hələ də eyni rejimdə işləyir. Eyni zamanda zərər çəkən və ya dağıdılan məscidlər də var. Məsələn, cəbhəboyu zonada yerləşən Severodonetsk, Baxmut, Konstantinovka və digər ərazilərdəki məscidlərdən, demək olar ki, heç nə qalmayıb.

– Cəbhədə döyüşən ukraynalı müsəlmanların sayı çoxdurmu və onların əhvali-ruhiyyəsi necədir?

– Belə müsəlmanların sayı çoxdur, amma konkret rəqəm deyə bilmərəm. Bunlar Krım tatarları, ukraynalılar, çeçenlər, azərbaycanlılar və başqa millətlərin nümayəndələridir. Onların əksəriyyəti Ukraynada anadan olub və ya uzun müddətdir ki, burada yaşayır. Onlar bir müsəlman olaraq anlayırlar ki, evini, ailəsini, torpağını qorumaq onların borcudur. Biz Ukrayna cəmiyyətinin ayrılmaz hissəsiyik.

– Lakin qarşı tərəfdə də müsəlmanlar var, onlar Rusiya ordusunun tərkibində döyüşürlər, onların da çoxu müqəddəs vəzifələrindən danışır…

– Mən səmimi qəlbdən inanmaq istəyirəm ki, Rusiyadakı müsəlmanların əksəriyyəti bu müharibəni dəstəkləmir, onlar başa düşürlər ki, bu, Rusiya Federasiyası tərəfindən yanlış olaraq başladılmış, ədalətsiz savaşdır. Amma təbii olaraq elə insanlar kateqoriyası var ki, onlar dini aspektlərdən, hədislərdən, ayələrdən öz məqsədləri üçün istifadə edəcəklər. Amma burada kimin şər törətdiyini, kimin evləri yıxıb insanları öldürdüyünü, təcavüzkarın kim olduğunu müəyyənləşdirmək çətin deyil. Biz Qurani-Kərimin ayələrindən və Məhəmməd peyğəmbərin hədislərindən pislik edən, hətta pisliyə dəstək verən insanlar haqqında nə deyildiyini bilirik. Qarşı tərəfdən döyüşən və bunu özünün borcu olduğunu deyən müsəlmanlar, sadəcə olaraq, Qurani-Kərimi açıb, müqəddəs kitabın mətnlərini oxuyub onları başa düşməlidirlər. Biz onları lənətləmirik, sadəcə olaraq, tövbə edib səhvlərini başa düşmələrini arzulayırıq. Əks halda Allah onlara əzab nazil edəcək.

– Ukrayna müsəlman ölkələrindən yardım alırmı?

– Türkiyə və Azərbaycan əvvəldən bizə kömək etdilər. Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən və sair müsəlman dövlətlərindən kömək var. Müsəlman dünyası Ukraynaya yardımda fəal iştirak edir. Ümumiyyətlə, dünyada əksər insanlar təcavüzkarın kim olduğunu başa düşürlər.

– Sonda sizə hər siyasi ekspert və ya dövlət xadiminin cavab verə bilməyəcəyi bir sual ünvanlamaq istəyirəm: müharibə nə vaxt bitəcək? Bu barədə heç düşünmüsünüz?

– Bu çox çətin sualdır. Təbii ki, bütün ukraynalılar bu müharibənin tez bir zamanda Ukraynanın qələbəsi ilə bitməsini istəyirlər. Biz dua oxuyuruq, Allaha tərəf yönəlirik. Müsəlmanlar bilirlər ki, hər şey Uca Allahın əlindədir, o, yaxşılıq və səbir edənlərlədir.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir