Siyasət

Tural İsmayılov: “Qərbi Azərbaycana qayıdış bir hədəfdir, missiyadır, Azərbaycan xalqının amalıdır”

Sharing is caring!

“Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı ədalətin özü, beynəlxalq hüququn işləkliyi, humanist dəyərlərin aliliyi deməkdir”.

Bunu “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan tarixi dünya coğrafiyasının ədalətsiz imperialist maraqlar rakursunda nə qədər birtərəfli olduğunu göstərən mühüm faktoloji əsasdır: “Qərbi Azərbaycandan bir xalqın bir əsr boyu didərgin edilməsi, imperialist dairələrin bu reallığı görməzdən gəlməyi və nəticədə işğalın legitimləşdirilməsi, bir xalqın isə yurd-yuvalarından zorla kənarlaşdırılması prosesisinin ən dəhşətli mənzərəsidir. Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus mədəni irsin, azərbaycanlı izlərinin Ermənistan dövləti tərəfindən total şəkildə saxtalaşdırılması, yox edilməsi prosesi ardıcıl formada davam edir. Xankəndi və ətrafından yaşayan az sayılı erməni vətəndaşlarımızı separatçı oyunlara cəlb edən xarici güc faktorları da saysız azərbaycanlının Qərbi Azərbaycana qayıdış prosesindən bəhs edə bilmir. Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı ədalətin özü, beynəlxalq hüququn işləkliyi, humanist dəyərlərin aliliyi demək olacaq. Qlobal nizamsızlıqdan biz heç nə gözləmirik və öz liderimizə güvənirik. Hər birimiz də Qərbi Azərbaycan məsələsində fəal və prinsipial olmağı bacarmalıyıq”.

Politoloq qeyd edib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlanmalıdır: “Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, biz birgə səylərlə Qərbi Azərbaycana qayıdış konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.

T.İsmayılov deyib ki, bu tarixi amalın reallaşdırılması üçün dövlət başçısı öz qətiyyət və dəstəyini nümayiş etdirib: “Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə bütün məlumat bazalarını formalaşdırmaqda bütün ictimaiyyət nümayəndələri fəal şəkildə iştirak etməlidir. İrəvandakı Təpəbaşı məhəlləsi də daxil olmaqla bir çox Azərbaycan abidələrinə qarşı Ermənistan vandallığı bir an olsun dayanmır. Əlimizdəki bütün mexanizmləri işlək hala gətirmək üçün Qərbi Azərbaycan məsələsində də xalqımız vətəndaş birliyi nümayiş etdirəcək.

1988-ci il deportasiyasını bilavasitə yaşamış, o dəhşətli hadisələrin şahidi olmuş qərbi azərbaycanlılar var, onların beynəlxalq platformalarda səsini duyurmalıyıq. Həmin canlı şahidlərlə, deportasiya qurbanları ilə görüşlər keçirmək, onların xatirələrini dinləmək, onların dediklərini sənədləşdirmək lazımdır. Yəqin ki, Qərbi Azərbaycandan deportasiya edilən insanlarla bağlı sənədli filmlər hazırlanmağını təşviq etmək üçün işlər də görüləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir