Siyasət

Azərbaycan Avropaya qaz ixracı sistemində mühüm rola malikdir  

Sharing is caring!

       Prezident İlham Əliyev cari ilin 15 noyabr  tarixində Albaniyaya rəsmi səfəri zamanı  mətbuata verdiyi bəyanatda göstərdi ki, Azərbaycanın və Albaniyanın beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığı iki ölkə arasında əlaqələri gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.

       Azərbaycan Avropanı neft və qazla təchiz edən əsas ölkələrdən biridir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Prezident qaz ixracının gələcək illərlə bağlı hədəflərini də açıqladı. Dövlətimizin  başçısı bəyan etdi ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

 Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Prezident həmçinin dünyada yaranmış reallıqlardan çıxış edərək bildirib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. Bu müharibə başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub.

Azərbaycan həm də böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, Albaniyadan keçir. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Xatırladaq ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə vurğulanıb. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq.

Elxan Xudaşlı,

Cəlilabad RİH-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir