Siyasət

Postmüharibə dövrünün yeni reallıqları

Sharing is caring!

       Prezident İlham Əliyev Albaniyaya rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda vurğulayıb ki, iki ildir ki, müharibə başa çatıb və müharibə başa çatandan dərhal sonra bərpa işlərinə başlanılıb. Bu, əlbəttə, çox böyük həcmli bir proqramdır. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici ölkələrdə, o cümlədən Albaniyada da görürlər.  Bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Prezident deyib ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.

        Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları, hava limanları inşa edilib. Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır. Bu günlərdə Prezident İlham Əliyev bu barədə xüsusi Dövlət Proqramını imzalayıb.Yaşayış binalarının tikintisi layihələri hazırlanır, 2026-cı ilədək azad edilmiş ərazilərdə 35 min fərdi ev tikiləcək.

        Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Xatırladaq ki, 2020-ci il dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.

Etibar Sadıqov,

Cəlilabad rayon, Göytəpə şəhər

Peşə Təhsili Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir