Siyasət

Politoloq: “Cənubi Azərbaycanın müstəqilliyi kibrit və çaxmaq məsələsidir”

Sharing is caring!

“İranı bürüyən hazırkı etirazlarda səngimə əlaməti yoxdur. Məhdudlaşdırıcı qaydaların belə müəyyən xəttə qədər bir ölçüsü, meyarı olmalıdır, bunun ədalətsizliyinin sonu uçurumdur. Müasir dövrdə İranda insanlar orta çağ qaydaları, repressiv mühit, təhlükəsizlik qüvvələrinin vəhşiliyi və daha geniş hökumət qəzəbi altında yaşamaq istəmir”.

Bunu Baku.ws-ə şərhində politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, üsyanların səbəbinin zahiri kodu ayrı-seçkiliyin ən görünən forması olsa da, əslində, bu, insanların üzləşdiyi sistemli ayrı-seçkiliyin yalnız bir aspektidir:

“İranda insanlar nəinki fundamental hüquq və azadlıqlarından məhrumdurlar, onlar geniş, sistemli, ardıcıl təqiblərə məruz qalırlar. Tələblər əsaslı dəyişiklikdir, İran buna getməlidir.

Üsyanların təsirsiz ötüşmədiyi iqtisadi böhran da İran cəmiyyətində çoxlarını yoxsulluq həddinə çatdırıb və təbii olaraq da seçilmişlərlə kənarda saxlanılmış insanlara qeyri-mütənasib şəkildə təsir edib. İran hakimiyyətinin insanların öz həyatlarını formalaşdırmaq imkanlarına qeyri-bərabər, ədalətsiz yanaşmasının, xarici siyasətində yanlış addımlar atmasının nəticəsi onun bir dövlət kimi hal-hazırda beynəlxalq aləmdən təcrid olunması ilə nəticələnib.

İran, demək olar ki, bütün qonşuları ilə düşmənçilik şəraitindədir. Suriya və İraqı qan gölünə, bütövlükdə Yaxın Şərqi terrorun yuvasına çevirib. Bu istiqamətdə İran sistemli, ardıcıl addımlar atır. İranın bu yaxınlarda Türkiyə ərazisində terror əməllərini törətməyə cəhd etməsi də heç kimə sirr deyil. Lakin terrora və terrorçuluğa qarşı mübarizə aparmaq baxımından tarixi missiyanı yerinə yetirən Türkiyə dövlətinin belə həmlələrin neytrallaşdırılması işində atdığı qətiyyətli addımlar bütün dünyaya yaxşı məlumdur”.

İranın tarix boyu Azərbaycana qarşı sözdə bir, əməldə isə tamam başqa siyasət yürütdüyünü qeyd edən ekspert bildirir ki, İran media resursları Azərbaycana qarşı təzyiq və təhdidlərə son verməlidir:

“Azərbaycan dövləti və cəmiyyəti hər şeyi aydın görür. Artıq hər şeyi və hər kəsi öz adı ilə çağırmağın zamanıdır. Azərbaycan xalqının səsi olan Prezident İlham Əliyev də məhz bunu edir. Müstəqil Azərbaycanı özünə həmişə təhlükə kimi görən İran bilməlidir ki, Azərbaycan bütün soydaşlarını himayə edəcək gücə malikdir. İran parlamentində bir qrup millət vəkili Azərbaycana qarşı hədyan fikirlər səsləndirməkdənsə, tarix boyu İranı yerindən oynadan inqilabların kimlərə, hansı etnik mənsubiyyətə malik insanlara məxsus olduğunu xatırlasınlar. Odur ki, Cənubi Azərbaycanın müstəqilliyi kibrit və çaxmaq məsələsidir.

İranda yaşayan etnik azərbaycanlılar, 40 milyon soydaşımız ictimai həyatın bütün aspektlərində iştirak etmək hüququndan məhrumdur. Məqsəd isə bəllidir, insanları məcburi assimilyasiyaya uğratmaqla onları öz soykökünü, milli kimliyini unutmağa məcbur etmək.

İranın yürütdüyü yanlış siyasət genişlənən narahatedici tendensiyadır. Bu ölkənin destruktiv siyasəti, hal-hazırkı baxışı və yanaşması kökündən yanlışdır. Rəsmi Tehran bütövlükdə yürütdüyü siyasətə fundamental nəzər yetirməli, ciddi korrektələr etməlidir. Daxildən başlanan parçalanma, xaricdən də bunun üstünə od-alovun səpilməsi, bütün bunların fonunda İranın mövcud dəst-xəttini və ritorikasını davam etdirməsi ona müsbət heç nə verməyəcək”.

“İranın yıxıcı siyasəti, sadəcə, daxildə özünü məhv etmir. Eyni zamanda İran istehsalı olan PUA-lar Kiyevdə mülki infrastruktur obyektlərini məhv edir. Düzdür, İran PUA-ları keyfiyyətsiz olsa da, onların vurulması üçün istifadə edilən istənilən növ hava hücumundan müdafiə sistemlərinin qiymətindən aşağı olsa da, yenə də istənilən zərbə nəticəsində belə, ciddi ziyan vura bilir. Deməli, İran necə ki illər ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğal altında saxlanılması işinə hər cür dəstək göstərdisə, indi də İranın dron terrorunun müharibənin uzadılmasında birbaşa iştirakı və məsuliyyəti var”, – deyə Şəbnəm Həsənova yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir