Siyasət

Çin kommunistlərinin qurultayı: Pekin “at oynatmağ”a davam edəcək, dəniz uğrundakı mübarizə qızışacaq – ŞƏRH

Sharing is caring!

Çin Kommunist Partiyasının qurultayının nəticələrinə əsasən, Si Cinpin yenidən partiya sədri seçilib.

Qurultay Çinin rastlaşdığı qlobal maneələr və daxildəki iqtisadi tablodan artan narazılıqlar fonunda baş tutdu, ona görə də Pekin bundan sonra qarşıya çıxacaq zirehləri dəlməkdən ötrü bir sıra addımlar atmaq məcburiyyətindədir.

Dünya siyasətindəki oyunlara Çin tərəfindən hansı çalarlar veriləcəyi strateji ağılları düşündürür, ən çox diqqət isə Tayvan mövzusuna yönəlir.

Çində güc daha çox bir adamın əlində cəmləşib və bu şəxsin, yəni Cinpinin tezliklə siyasi səhnəni tərk etmək planı yoxdur.

Pekinin bundan sonra əvvəlki xəttə sadiq qalaraq iqtisadi ekspansiya siyasətini aqressivləşdirəcəyi gözlənilən həmlədir.

Cinpinin yenidən hakimiyyətin ali kreslosuna sahiblənməsi ilə ABŞ-Britaniya koalisiyası supergüc rəqabətinin Pekinə qarşı çevrilməsini sürətləndirəcək.

Çin özünün maraqlarını Rusiya və Qərb mərkəzli bir şüurla deyil, özünün müəyyən etdiyi təhlükəsizlik, iqtisadi-siyasi əsaslarla qoruyur.

Çin Rusiyanın müttəfiqi olsa da, Pekin Moskva ilə də məsafə saxlayır və özünü gərginlik ocaqlarından kənarda tutaraq ekspansiyasını genişləndirir.

Çinin qlobal əlaqələr sistemindəki əlahiddə funksiyası ABŞ və Britaniyanı dərin narahatlıqlara qərq edir, Pekinin Tayvan məsələsinin həllinə yönələn hərbi məşqləri isə vəziyyəti labirintə salır.

Ancaq Cinpin hələlik Tayvana güc tətbiq etməyə tələsmir, böyük ehtimal ki, o, Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyir və Çin qərarları da həmin yekunlara uyğun olaraq verəcək.

Cinpin qurultaydakı çıxışında Tayvana qarşı bütün lazımi tədbirlər görülə biləcəyini açıqlamaqla həmin anonsu verdi, lakin Çinlə ABŞ-nin Tayvana görə bir-birinə qarşı müharibə elan etməsi ehtimalları aşağıdır.

ABŞ ilə Çinin Asiyada geosiyasi mübarizə ruhu əsasən Cənubi Çin dənizi uğrunda pay artırmaq səylərinə də köklənib. Cənubi Çin dənizi mürəkkəb geosiyasi məkandır və tez-tez anlaşılmazlıqların meydana çıxmasına səbəb verir.

Pekin zəngin sərvətlərə malik olan Cənubi Çin dənizinin bir hissəsinə olan hərarətli iddialarını təkmilləşdirəcək və bu ssenaridə ABŞ ilə qarşıdurması hibrid müharibənin intensivləşməsi ilə müşayiət ediləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir