Cəmiyyət

FHN “Lider Yanğın” MMC-nin fəaliyyətini məhdudlaşdırıb – FOTO/VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

FHN-dən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlama zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllə ünvanında yerləşən “Lider Yanğın” MMC-də ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələr Fövqəladə Hallar Nazirliyinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasında laborator müayinələrdən keçirilib.

Laboratoriya sınaqlarının nəticəsində məlum olub ki, sözügedən maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab vermir və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Qeyd edək ki, baş verə biləcək yanğınların söndürülməsi zamanı kimyəvi tərkibi norma və standartların tələblərinə cavab verməyən maddələrlə doldurulmuş və ya belə maddələrlə tərkibi yenilənmiş yanğınsöndürmə balonlarından istifadə insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, lisenziya üzrə fəaliyyət sahəsində ciddi qanun pozuntusuna yol vermiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2096-cı məhəllə ünvanında yerləşən “Lider Yanğın” MMC-nin yanğınsöndürmə balonlarının doldurulması və ya tərkibinin yenilənməsi üzrə fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və aşkar olunmuş pozuntuya hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət olunub.

Bununla yanaşı, sözügedən məsələ ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, fəaliyyət növünün həyata keçirilməsi zamanı “Lider Yanğın” MMC tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarının aşkar olunması səbəbindən lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir