Siyasət

Deputat: “İran fransasayağı addım atır, erməniləri dəstəkləyir” – FOTO

Sharing is caring!

“Bu gün İran “İslam” Respublikasının ermənipərəst addımlar atması Azərbaycanın bölgədə söz sahibi olmasından irəli gəlir. Cənub qonşumuzun anti-Azərbaycan davranışları son vaxtlar xüsusilə intensivləşib. Bunun isə çoxlu sayda səbəbi var. Əvvəla, İran istəmir ki, onun qonşuluğunda Azərbaycan kimi güclü, regionda sözü keçən bir dövlət olsun. Çünki tarixin Azərbaycan torpaqlarının bərpasından qorxur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov deyib. Millət vəkili işğaldan azad edilən torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsinin də İranda ciddi narahatlıq doğurduğunu vurğulayıb: 

“30 il işğalda qalmış torpaqları Azərbaycanın öz gücü hesabına azad etməsi, ikinci hava limanının tikilməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki beynəlxalq hava limanının açılışında iştirak etməsi, türk qardaşlarımızın bizə dəstək verməsi İranı narahat edir, hətta qorxudur. Elə ona görə İran Zəngəzur dəhlizinin açılması ilə bağlı “qırmızı xətt” açıqlaması verdi. Bu gün İran hər vəchlə Azərbaycanla-Ermənistan arasında olan məsələlərə müdaxilə etməyə çalışır. Amma məqsədinə çatası deyil”. 

Deputat İranın Qafanda konsulluq açması məsələsinə də münasibət bildirib:

“Qafanda konsulluq açması, Araz çayı sahilində hərbi təlimlər keçməsi bir növ İranın Azərbaycana güc nümayiş etdirməsidir. Azərbaycan isə İrandan fərqli olaraq həmişə qonşuluq siyasətini gözləyib. İqtisadi, siyasi, diplomatik əlaqələri düzgün qurub. Bunu anlamayan İran hər şeyin qarşılıqlı olduğunu bilməlidir. Əgər İranın bu istiqamətdə hərəkətləri davam edərsə, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün hüquqlarından lazımi səviyyədə istifadə edəcək.

Bu gün Rusiyanın mövqeyi bəllidir. Müharibə onun başını qatdığı üçün bu məsələlərə çox müdaxilə etmir, ikinci bir problem yaşamaq istəmir, ona görə də məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu göstərir. Amma İranın nəyə xidmət etdiyi bilinmir. İslam ölkəsi olduğunu deyir, ancaq heç cür uzlaşmaq mümkün olmur. 30 il ərzində torpağımız işğalda qaldı, İran niyə onda münasibət bildirmədi? Bu 30 ildə 67 məscidin 65-i darmadağın edildi, məscidlərin içərisində donuzlar saxlanıldı, İran niyə onlara göz yumdu? İran bugünkü davranışları ilə beynəlxalq səviyyədə nüfuzdan düşəcək. Onun bu cür münasibəti nə qonşuluq siyasətinə, nə də beynəlxalq qanunlara uyğun gəlir. Hazırda İran fransasayağı bir addım atır, erməniləri dəstəkləyir. Bu isə qəbulolunmazdır”. 

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir