Siyasət

“İran İslam adına vahid bir ideologiya ilə hərəkət etmir” – RƏY + FOTO

Sharing is caring!

“İslam amili, dəyərləri İran üçün ümumiyyətlə, yalnız zərərli siyasi və ideoloji məqsədlər vasitəsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat son günlər fars rejiminin Azərbaycan sərhədləri boyu hərbi təlimlər keçirməklə əzələ nümayişini qonşuluq münasibətlərinə yaraşmayan və İranın əsl mahiyyətini ortaya çıxaran proses olduğunu söyləyib:

“Azərbaycan üçün İran adlı təhdid mövcud deyil və Azərbaycanın beynəlxalq nüfuzu, hərbi gücü, o cümlədən başda Türkiyə ilə müttəfiqlik olmaqla sağlam strateji tərəfdaşlıqları ilə istənilən təhdidi başlandığı andan yerindəcə məhv etməyə qadirdir.

Bildiyiniz kimi, bu günlərdə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında da xüsusi qeyd etmişdi ki, Şuşa Bəyannaməsi bölgəyə və dünyaya ciddi mesajdır. Əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. Bu mənada az qala bütün dünya tərəfindən sanksiyalara məruz qalan Tehranın da mövcud işıq gələn yeganə pəncərəsindən məhrum edilməməsi üçün reallığı qəbul etməsi vacibdir. Tamamilə lazımsız istiqamətdə, yaramaz məqsədlərə xidmət edən mənasız təlimlərinə ayrılan güc, enerji və vəsaiti Tehran ölkə daxilindəki problemlərə yönəltsə, bu hər kəsdən çox elə onun özünün faydasına olar”.

Deputat bildirib ki, əslində, İran İslam adına vahid bir ideologiya ilə hərəkət etmir:

“Amma 30 il İslam abidələri, məscidlər və qəbiristanlıqları məhv etmək üçün Ermənistana silahı, sursatı təmin edən, məsciddə donuz saxlayanlara hər cür yardımı əsirgəməyən Tehranın qırmızı xəttinin İslam olmadığının hamımız şahidiyik. Tehran üçün ümumiyyətlə, İslam amili, dəyərləri yalnız zərərli siyasi və ideoloji məqsədlər üçün vasitədir və artıq bunu İranın öz əhalisi də yaxşı başa düşüb. Bu gün alovlanan İran küçələri, ayağa qalxan mübariz İran əhalisi də molla rejiminə məhz bu həqiqəti başa salmaq istəyir. Öz vətəndaşına minimum haqları rəva görməyən Tehran bu gün Ermənistanın qondarma iddialarının, “haqları”nın dönməz müdafiəçisinə çevrilib. Müsəlman ümməti olan 35 milyon azərbaycanlıya qarşı insanlıq əleyhinə cinayətlər törətməklə onları fars olmadığı üçün repressiyaya məruz qoyan, təqib edən, milli kimlik kimi məhv etməyi hədəfləyən İran başa düşməlidir ki, belə mürtəce siyasət İranın özünü məhvə doğru aparır. Biz qonşumuz İran üçün həmişə xoş niyyət ifadə etmişik, qonşumuzdan da eyni münasibəti görməyi arzu edirik. 35 milyon insana qarşı qeyri-hüquqi davranış, onların minimal haqlardan məhrum edilməsi heç bir beynəlxalq hüquq normasına, bəşəri dəyərə, İslam ədalətinə və ən əsası, qonşuluq münasibətinə sığmır”.

“Hər kəs anlamalıdır ki, Azərbaycanın ərazisində və ya sərhədlərimiz xaricində yaşayan bütün azərbaycanlıların hüquqları, maraqları, qanuni mənafeləri bizim üçün prioritetdir. Bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli identikliyinin qorunub saxlanması Prezident İlham Əliyev tərəfindən bir vəzifə kimi müəyyən edilib. Çünki Azərbaycan Prezidenti yalnız öz vətəndaşlarımızın yox, həm də 50 milyonluq Azərbaycan ailəsinin yeganə milli, mənəvi-siyasi lideridir və hər kəs, o cümlədən Tehran bu reallığı qəbul etməlidir”, – deyə B.Məhərrəmov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir