Siyasət

İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilana səfərinin əhəmiyyəti – ŞƏRH

Sharing is caring!

Oktyabrın 19-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfər ediblər.

Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində mühüm addımlar atmaqdadır və bu cür səfərlər, edilən açılışlar, görülən işlərlə tanışlıq dövlət başçısının iradəsini nümayiş etdirir.

Prezident ilk olaraq Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.

Həmçinin Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanışlıq olub.

Dövlətimizin başçısı və Birinci vitse-prezident reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.

Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

Dövlətimizin başçısına və Birinci vitse-prezidentə Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfər proqramları mühüm mesajlarla zəngindir.

Prezident mesaj verir ki, Azərbaycan dövləti qələbəni qoruyub-saxlayacaq və bunun üçün lazım olan bütün əsasların, o cümlədən iqtisadi əsasların təşkilində prinsipiallıq nümayiş etdirəcək.

İlham Əliyev həmin gün Zəngilanda da olub. Dövlət başçısı Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak edib.

Zəngilandakı aeroport işğaldan azad edilmiş ərazilərdə tikilmiş sayca ikinci (birinci Füzulidə istifadəyə verilib) hava limanıdır.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını edəcəklər.

Qarabağda və Şərqi Zəngəzurda aeroportların tikilməsinin təhlükəsizlik üçün böyük əhəmiyyəti var və Azərbaycanın strateji məqsədlərinin çağırışlarına cavab verir.

Hava limanları bölgənin inkişafında böyük rol oynayacaq və iqtisadi maraqları stimullaşdıracaq.

R.T. Ərdoğanın isə Zəngilan aeroportunun açılışında iştirak etməsi Azərbaycan və Türkiyə liderləri arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin, iki dövlətin strateji müttəfiqliyinin bariz nümunəsidir.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir